Ən çox qəza və piyada ölümlərinin baş verdiyi prospektdə keçid niyə yoxdur? - ARAŞDIRMA

Yazarlar 5 İyul 2019 16:38 Oxunub 2761
Ən çox qəza və piyada ölümlərinin baş verdiyi prospektdə keçid niyə yoxdur? - ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Əraziyə baxış keçiriləcək və piyada keçidinin inşası ilə bağlı çox güman ki, qərar qəbul edilə bilər”

Bura sakinlər arasında ölümə gedən yol kimi də tanınır. Çünki paytaxtın, demək olar ki, ən çox yol qəzası qeydə alınan prospektlərindəndir. Son bir həftə ərzində burada 5 yol-nəqliyyat hadisəsi baş verib. Bu qəzalardan da dördü piyadanın vurulması ilə nəticələnib. İyulun 1-də isə prospektdə yüksək sürətlə hərəkət edən avtomobil yolu keçmək istəyən piyadanın ayaqlarını qoparıb, nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Burada asfalt örtüyü, demək olar ki, hər gün qırmızı rəngə boyanır. Söhbət Xətai rayonu, Nobel prospektinin “Bakı İstlik Mərkəzi” kimi adlanan hissəsindən gedir.

Avtosfer.az xəbər verir ki, sakinlər “Report”a açıqlamasında yolda piyada keçidinin olmamasından şikayətləniblər. Onlar bildiriblər ki, prospektin bir tərəfindən digər tərəfinə keçmək təhlükə mənbəyinə çevrilib. Prospektdə piyada keçidindən istifadə etməklə qarşı tərəfə keçmək üçünsə kilometrlərlə yolun qət olunması tələb olunur. Çünki burada piyada keçidləri arasında məsafə xeyli uzaqdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli “Report”a açıqlamasında deyib ki, yollarda piyada keçidlərin qoyulması qurumun səlahiyyətində deyil: “Nobel prospektində 5 yerüstü və yeraltı piyada keçidi var. Hər hansı bir ərazidə piyada keçidinin qoyulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyininin səlahiyyətində deyil. Bununla bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) və Dövlət Yol Polisi (DYP) qərar verməlidir. Çünki burada söhbət birbaşa olaraq yol hərəkətinin təşkili və təhlükəsizliyindən gedir. Ona görə də ərazidə piyada keçidinin inşası həmin qurumların nizamnaməsi əsasında həyata keçirilə bilər. Əgər həmin ərazidə piyada keçidinin qoyulması üçün qərar verilərsə və maliyyə ayrılarsa, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tikintinin həyata keçirilməsinə başlayacaq”.

Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə “Report”a açıqlamasında bildirib ki, məsələ ilə bağlı sözügedən əraziyə baxış keçiriləcək və orada piyada təhlükəsizliyinin təmin olunması üçün lazım olan bütün zəruri tədbirlər görüləcək.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov da “Report”a respublika ərazisində, xüsusilə Bakının inzibati ərazisinə düşən küçə və prospektlərdə təhlükəsizliyin təmin edilməsinin vacib şərtlərdən biri olduğunu vurğulayıb: “Bu istiqamətdə tərəfimizdən zəruri tədbirlər həyata keçirilir. Nobel prospektində piyadaların vurulması ilə nəticələnən yol qəzaları çox ciddi narahatlıq doğurur. Təbii ki, prospekt boyunca piyada keçidləri mövcuddur. Həmçinin “Bakı İstilik Mərkəzi” kimi tanınan əraziyə yaxın, təxminən, 500 metr məsafədə yürüstü piyada keçidi var. Təbii ki, bu, bəlkə də sakinlər üçün uzaq məsafə deməkdir. Amma piyadaların keçidlərdən istifadə etməməsi ölümlə nəticələnən qəzaların baş verməsi ilə bitir”.

Onun sözlərinə görə, sakinlərin arzu və istəyi nəzərə alınaraq həmin ərazidə piyada keçidinin qoyulması ilə bağlı məsələ qaldırılacaq: “Əraziyə baxış keçiriləcək və piyada keçidinin inşası ilə bağlı çox güman ki, qərar qəbul edilə bilər”.

V.Əsədov həmin ərazidə yaşayan sakinlərə və sürücülərə müraciət edib: “Piyadalara yolu qarşı tərəfə keçərkən diqqətli olmağı, yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin qarşısından qaçmağa can atmamağı tövsiyə edirəm. Hər halda bir, ya da bir neçə dəqiqə gecikməyiniz heç nəyə təsir etməz. Piyadalara yolu nəqliyyat vasitəsi getdikdən sonra keçməyə çağırıram. Hələlik uzaq da olsa, maksimum dərəcədə yaxınlıqdakı piyada keçidlərindən istifadə etməyi məsləhət görürəm. Təbii ki, mən də piyada keçidinin sakinlərin yaşadığı ünvana çox uzaq olduğunu hesab edirəm. Eyni zamanda “Yol hərəkəti haqqında” qanunun 40-cı maddəsi piyadaların hüquq və vəzifələrini tənzimləyir. Burada göstərilən tələblər pozulursa, piyadalar inzibati qaydada məsuliyyətə cəlb olunurlar. Ona görə də hər bir hərəkət iştirakçısının özünün təhlükəsizliyini təmin etmək məqsədilə diqqətli olmağa çağırıram. İstər sürücü, istərsə də piyada yol hərəkəti qanunun tələblərinə əməl etməlidir. Bununla yanaşı həmin ərazidə sürət həddinin tənzimlənməsi ilə bağlı yol nişanları da qoyulub. Sürücülər yol nişanlarının tələblərinə uyğun sürət seçməli və Nobel prospektində yolun sağ və sol tərəflərində yaşayış məntəqələrinin olduğunu unutmamalıdır. Sürücülərdən xahiş edirəm ki, həmin ərazidə sürət həddini minimuma endirsinlər və anidən kiminsə avtomobilin qarşısına çıxa biləcəyini ehtimal etsinlər”.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh