Haqqın möcüzəsi -Qadın...
Adəm babamız, Həvva nənəmiz. Bütün bəşəriyyət bunu belə qəbul edir. Dünyanın bu ilk insanları eyni günahı və eyni savabı qazanıblar. Sevincləri və kədərləri də bir olub. Cənnətdən yer üzünə də birlikdə qovulublar.
Qadının böyük qüvvə olduğunu biz kişilər yaxşı bilsək də bəzən onu boyumuz bərabərinə gətirməkdən qorxmuşuq. Onu cəmiyyətə zərif və zəif cins kimi təqdim etməklə gücünü, zəkasını, bacarığını, hətta sevgisini belə kölgələməyə çalışmışıq. Onların əzabkeşliyini, dünyanı belə idarə etməyə gücləri çatacağını, eləcə də, “Hər güclü kişinin arxasında güclü bir qadın var” həqiqətini bilə-bilə susmuşuq…
Qadın, Ana, dünyaya varlıq gətirən Yaradılmış. Bəlkə də İlahinin hökmü ilə qismətinə dünyanın ən ağır və xoş əzabı yazılan, özünü və ömrünü unudaraq Adəmin davamçıları olan bizləri Füzuli babamız demiş: "Vətəndən-vətənə" gətirən, qanını südə çevirib bəsləyən, günahlardan qoruyanın qadın olduğunu unutmuşuq hardasa.
“Görəsən qadın zəifdir, zərifdir” deyimini ilk dəfə kim işlədib? Və sonra zaman keçdikcə o gözləri önündə və ya hardasa övlad, ailə, ömür-gün yoldaşı uğrunda şam kimi əriyən, ən böyük fədakarlığa imza atan Ana-qadın ömrünə şahidlik edibmi?
Dünya təkcə biz kişilərin ümidinə qalsaydı? Cavabı göz önündədir…
Qadın duasıdı, qadın həniridi və Ana laylasıdı bu dünyanı dağılmağa qoymayan. Bilirəm, dünyanı qiyamətə qədər qadınlara vermək heç bir kişinin ürəyindən keçməyib və keçməz də. Gəlin bir anlıq təsəvvür edək ki, dünyanı qadınlar idarə edir. Danışıqlar masası arxasında qadınlar oturarsa müharibə olmaz, qan tökülməz və Adəm babamızdan "oğurladığı", daha doğrusu, onun göylərdən qovulmasına səbəb olduğu günahını yer üzünü cənnətə çevirməklə əfv etdirər Qadın.
Qadın fədakarlıq mücəssiməsidi. Bu söz ruhumuzdan qopan, dilimizdən çıxan kimi gözlərimiz önünə Azərbaycan qadını gəlir. Dünənlə, bu gün və əlbəttə ki, gələcək arasında özülü möhkəm körpü yaradan qadınlarımız tarixin bütün dövrlərində doğulduğu torpağa, yurda bağlılığı ilə özgürlük salnaməmizə möhürünü vurub.
Birinci və ikinci dünya müharibəsi, eləcə də 1988-ci ildən sonra ərazi bütövlüyümüz uğrunda zehnini, zəkasını, gücünü, ipini, cəhrəsini Vətən üçün səfərbər edən qadınlarımızın adı tariximizə qızıl hərflərlə yazılıb. Həyatımızın rahatlğını təmin edən bir çox kəşflərə görə bəşəriyyət qadın ixtiraçılara borcludur. “Harvard Model -1” adlı iri ölçülü kompüter”, “Radioaktivliyin bərpası”, “Gizli rabitə sistemi”, “Optik analiz sistemləri”, “Günəş enerjisi ilə isitmə sistemi”, “Lazer üsulu ilə göz əməliyyatı”, “Şüşə təmizləyici fırçalar”, “Bez”, “Elektrik mişarı”, “Rəngli fişənglər”. Bu elmi kəşflərə qadınlar imza atıblar.
Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçi Məmmədbəyova Leyla Ələsgər qızının, Türkiyənin ilk qadın vəkili Sürəyya xanım Əhməd bəy qızı Ağaoğlunun və ilk azərbaycanlı hüquqşünas qadın Həşimzadə Bilqeyis Əhməd qızının adını tariximizə qızıl hərflərlə yazmışıq. Çünki onlar bizim qürur yerimiz. Bu gün də həmin ənənə davam edir.Azərbaycan qadını müstəqil Azərbaycanın inkişafı, dünyanın lider dövlətləri sırasına qatılması, tarixi həqiqətlərimizin beynəlxalq aləmdə tanınması istiqamətində də əsl fədakarlıq göstərir, idmanda, təhsildə, dövlət idarəçiliyində qazandığı uğurlarla müstəqulliyimizin dayaqlarının daha da möhkəmlənməsinə töhfəsini verir.
Ey tarlada toxa döyən, alaq alan, ey şaxtada, istidə yolları süpürüb ailəsinə çörək aparan, ey zehnini, əsəbini, sevgisini gələcək Azərbaycanın qurucularının yolunda fəda edən, ey yaramıza məlhəm qoyan, ey Vətənə əsgər böyüdən Azərbaycan qadını, mən sənin əllərindən öpürəm. Təkcə bu gün deyil, hər gün sənin günün. Hər doğan günəşdə sənin hərarətin var. Və bu gün dünyaya ağalıq etmək istəyənlərə, dünyanın qadın adlı cənnətinə əzab və işgəncə verib onu cəhənnəmə çevirənlərə bir sözüm var: Hansı dildə səslənirsə-səslənsin, yazılırsa- yazılsın, Ana sözü müqəddəsdir və sülh rəmzidir…
Hamı dövlət quşunu axtarır, hamı xoşbəxt olmaq istəyir. Dünyada heç vaxt tək xoşbəxtlik olmur. Çünki uca Yaradan yaratdıqlarını cüt yaradıb. Adəm Həvvasız neyləyərdi? Odur ki, bizi xoşbəxt edənləri-qadınları qoruyaq və sevək. Şair demiş:
Qadınla hər işi xoşdu dünyanın,
O sənin gizli bir etiqadındır.
"Yeddi möcüzə"si boşdu dünyanın,
Bircə möcüzə var: o da qadındır!
P.S. Bu gözəl gün münasibətilə daxili işlər orqanlarında xidmət edən, təqaüddə olan qadınları və şəhid olmuş həmkarlarımızın qadın ailə üzvlərini səmimi qəlbdən təbrik edir, uzun ömür , cansağlığı və səadət arzulayırıq.
Hafiz Təmirov,
polis mayoru