Hibrid və elektromobilin fərqi nədir? - Azərbaycanda hibrid dövrü başlayır
Hibrid avtomobillər və elektromobillərin Azərbaycana gətirilməsini stimullaşdırmaq lazımdır. Belə avtomobillərin ölkəyə gətirilməsinə güzəştlər tətbiq edilsə, istifadəsi üçün hər bir şərait yaradılsa, zamanla klassik avtomobillərə tələbat azalar. Bu sözləri Axar.az-a yol-nəqliyyat eksperti Elməddin Muradlı dünya ölkələrində hibrid avtomobillər və elektromobillərin istifadəsinin artdığı bir vaxtda Azərbaycana hələ də yanacaqla çalışan avtomobillərin gətirilməsi və satışının həyata keçirilməsi barədə danışarkən deyib. E.Muradlı bildirib ki, dünyada hibrid avtomobillərə, elektromobillərə keçid dövrü çoxdan başlayıb: “Ötən il dekabrın 27-də Prezident İlham Əliyev yol hərəkətinin təhlükəsizliyinə dair 5 illik dövlət proqramını təsdiqlədi və həmin proqramda qeyd edilib ki, hibrid və elektromobillərin Azərbaycana gətirilməsi stimullaşdırılmalıdır. Yəni bu avtomobillərin gətirilməsində maraqlı olan şəxslərə şərait yaradılmalı, güzəştlər edilməlidir.
Hər hansı iş adamı görsə ki, hibrid avtomobillərə tətbiq edilən gömrük rüsumunda güzəşt var, o, əlbəttə, klassik avtomobil deyil, hibrid, elektromobil gətirməyə üstünlük verəcək. Bu, həm avtomobili gətirən iş adamının cibinə, həm də atmosferə və ətraf mühitə xeyirdir”.
Ekspertin sözlərinə görə, paytaxt Bakıda belə yanacaqsız çalışan avtomobillərin istifadəsi üçün lazımi şərait yoxdur: “Elektromobillərin hərəkət etməsi üçün elektrik enerjisinə ehtiyac var. Bunun üçün də xüsusi elektrik enerji məntəqələri olmalıdır. Lakin Azərbaycanda belə məntəqələr demək olar ki, yoxdur. Əvvəlcə ölkədə elektrik məntəqələri olmalıdır ki, belə elektromobillər gətirildiyi zaman rahatlıqla şəhər içi səfərə çıxa bilsin. Məsələn, elektromobillə Gəncəyə gedən sürücü geri dönərkən maşını elektrik enerjisi ilə harada depolamalıdır? Bakıdan başqa harada mümkündür bu? Belə çıxır ki, sürücü özü ilə yol çıxanda 5-6 ədəd akkumulyator götürməlidir ki, yolda qalmasın.
Ölkəyə hibrid avtomobillər və elektromobillərin gətirilməsini sürətləndirmək və artırmaq üçün əvvəlcə bu problemləri aradan qaldırmaq lazımdır”.
Yanacaqsız çalışan avtomobillərin üstünlüklərindən danışan E.Muradlı bildirib ki, hazırda Azərbaycanda hibrid avtomobillərin iki modeli var: “Azərbaycana hibrid avtomobillər hələ ki, fərdi qaydada tək-tək şəxslər tərəfindən gətirilir. Hazırda xüsusilə bu avtomobillər qonşu Gürcüstandan ölkəyə daxil olur. “Toyota”nın “Priyus” modeli var ki, Azərbaycana ilk olaraq gətirilən hibrid avtomobillər onlardır. Bu yaxınlarda isə “Rav 4” modeli Azərbaycana gətirilib”.