Reklam

İctimai nəqliyyatda gedişhaqqının bahalaşması qaçılmazdır – YEKDİL RƏY - FOTO

Yazarlar 15 Mart 2021 14:25 Oxunub 1460
İctimai nəqliyyatda gedişhaqqının bahalaşması qaçılmazdır – YEKDİL RƏY   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Əhali arasında dolaşan söz-söhbət həqiqətdən uzaq deyil. Metro işlədiyi dövrlə müqayisədə marşurut xətləri üzrə hərəkət edən avtobuslarda indi daha çox sərnişin sıxlığı yaşanır. Metronun açılması ilə bağlı çağırışlar edilsə də, insanların səsi eşidilmir. Bu gedişatın fonunda söz-söhbətlər yayılmağa başlayıb ki, ictimai nəqliyyatda qiymətlər qalxacaq. Məsələn, “Metronu ona görə açmırlar ki, hər kəsin canı boğazına yığılsın. Gedişhaqqı neçə olur-olsun, bircə metro açılsın deyib razılaşsınlar”.

Qeyd edək ki, bir müddət əvvəl yanacağın qiyməti qalxanda da insanlar avtobus və taksi xidmətində gedişhaqqının bahalaşacağı fikrində idilər.

Картинки по запросу

AYNA-nın “İctimai nəqliyyatda qiymət artımı gözləniləndirmi?” sualını cavablayan nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, bu istiqamətdə müəyyən addımların atılacağı qaçılmazdır: “İctimai nəqliyyatda sıxlığın müşahidə edilməsi, avtobus sayının yetərincə olmaması, ümumilikdə bu sahədə müşahidə edilən problemlər müəyyən addımların atılacağını proqnozlaşdırmağa əsas verir. Bu gün avtobusların əksəriyyəti özəl şirkətlərin əlindədir. Həmin şirkətlərin də qarşısında yeni avtobusların alınması, kart sisteminə keçid etmək, sürücünün iki-üç növbəli rejimdə işləməsi və s. tələblər qoyulur. Nəzərə alsaq ki, həmin şirkət də 30-40 qəpiklə 300 minə, yarım milyona aldığı avtobusu xəttə buraxır, bu zaman onları da başa düşmək olur”.

“Yanacağın qiyməti qalxanda dövlət tərəfindən açıqlama verildi ki, sahibkarlara dəstək olunacaq, amma bu günə kimi onlara heç bir dəstək olunmayıb. Yanacağın qiyməti baha, gömrük rüsumları yüksəkdir. Təzə avtobusların da qiyməti get-gedə bahalaşır, amma gedişhaqqı dəyişmir. Onsuz da yanacağın qiyməti qalxandan sonra gedişhaqqının qalxmayacağını düşünməmək sadəlövlük olardı. Bu baxımdan gedən proseslər onu göstərir ki, qiymət artımı baş verəcək”, - deyə Muradlı fikrini davam etdirib.

Ekspertin sözlərinə görə, qiymət artımının olmasını real vəziyyət tələb edir: “Bizim araşdırmalara görə, Bakı şəhərində bir sərnişinin daşınması təxminən 50-80 qəpiklə 1 manat arasında dəyişir. Reallıq budur. Sahibkar neçə illər gözləməlidir ki, avtobusları almaq üçün xərclədiyi pulu çıxara bilsin, eyni zamanda sürücüyə maaş verə, texniki problemləri həll edə bilsin. Bu zaman özünün də qazancı olmalıdır. Buna görə də reallığa baxdıqda qiymətlərin qalxması o dərəcədə də qeyri-müəyyən deyil. Artıq bir çox insanlar bunu bilir, qəbul da edirlər. Hər bir halda səbirli olmaq və gözləmək lazımdır ki, görək Tarif Şurası nə qərar verəcək. Bəlkə də, dövlətimiz sahibkarlara yardım edib, qiymət artımının qarşısını ala biləcək”.

Natiq Cəfərli: “Banklar çətin vəziyyətə düşmək istəmirlər”

İqtisadçı ekspert Natiq Cəfərli də AYNA-ya şərhində deyib ki, nəqliyyat sektorunda qiymət artımı ilə bağlı məsələ uzun müddətdir müzakirə obyektidir: “İstər Bakı Metropoliteni, istərsə də “BakuBus” nəqliyyat şirkəti açıqlamalarında dəfələrlə sərnişin üçün daşınma haqqının yüksək olduğu barədə bəyanatlar verib. Bakı Metropoliteni bir sərnişin üçün daşınma haqqının 50-55 qəpik olduğu ilə bağlı dəfələrlə açıqlama verib”.

“Son zamanlar dövlətin əsas siyasətinin tərkib hissəsindən biri kimi dövlət şirkətlərinin büdcə dotasiyasından məhrum edilməsi istiqaməti götürülüb, yəni dotasiyaların kəsilməsi ilə bağlı ciddi söhbətlər gedir. Ən azından keçən illə müqayisədə bu il dotasiyaların azalmasını müşahidə edirik. Elə Bakı Metropoliteninə keçən illə müqayisədə bu il daha az dotasiya ayrılıb”, - deyə Cəfərli vurğulayıb.

İqtisadçının sözlərinə görə, dotasiyanın azaldılması qiymət artımını qaçılmaz edir: “Bu, onu göstərir ki, yaxın gələcəkdə bu sahələrdə də müəyyən qiymət dəyişikliyinin olması ehtimalı kifayət qədər yüksəkdir. Necə ki biz bunu “Azərsu” ASC ilə bağlı gördük. Dotasiya azalan kimi “Azərsu”da vətəndaşlara göstərilən xidmət iki dəfə bahalaşdı. Yeri gəlmişkən, bu da çox mənsız bir qərar idi, çünki “Azərsu”yun optimal idarəetmənin təşkili ilə bağlı heç bir addım atmadan tək qiymət artımı ilə onların dotasiyadan ayrılması doğru yol deyil idi”.

“Ona görə də bu yanaşma davam edəcəksə, çox təəssüf ki, yaxın gələcəkdə nəqliyyat sektorunda da qiymət artımının olması gözləniləndir. Hətta, belə bir ehtimal da var ki, elektrik enerjisinin də qiyməti artacaq. Bu, baş versə, onsuz da Bakı Metropolitenində qiymət artımı qaçılmaz olacaq”, - deyə Cəfərli söyləyib.

İctimai nəqliyyatda qiymət artımı olacağı təqdirdə əhalinin buna reaksiyasının necə olacağı ilə bağlı sualımızı isə ekspert belə cavablayıb: “Təbii ki insanlar bundan həmişəki kimi narazı olacaqlar, lakin bunun hansısa ciddi bir hadisələrə gətirib çıxaracağını düşünmürəm, çünki təəssüf ki, artıq əhali də belə qiymət artımlarına öyrəşib”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh