İşğaldan azad olunmuş ərazilərdə ağır yol qəzaları baş verir - SƏBƏB NƏDİR?

Yazarlar 9 Sentyabr 2021 13:21 Oxunub 1656
İşğaldan azad olunmuş ərazilərdə ağır yol qəzaları baş verir - SƏBƏB NƏDİR?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Murovda avtomobil qəzası və 5 nəfərin xəsarət alması ilə bağlı məlumat gəldi. Bu, işğaldan azad olunmuş dağlarımızda baş verən ilk qəza deyil. Təssüf ki, son aylarda oralarda ölümlə nəticələnən hadisələr də olmuşdu…

Yol-nəqliyyat hadisələrinin ümumi səbəbləri təxminən eyni olsa da, həmin ərazilərlə bağlı xeyli özəlliklər də var. Onlara xüsusi diqqət ayırmaq lazımdır.

1. Kəlbəcər və Laçında xeyli yol işləri görülüb və görülməkdədir. Nəticədə həmin ərazilərdə həqiqi avtomobil yolları yaradılır. Həmin yollarda (o cümlədən dünənki qəzanın baş verdiyi Ömər aşırımundan keçən yolda) hələ ki, asfalt örtük vurulmayıb (tikinti işləri davam etdiyindən və ağır texnikanın intensiv hərəkəti olduğundan yaxın aylarda hələ asfalt vurulması planlaşdırılmır), lakin yol yatağı hamarlanıb, genişləndirilib və narın çınqıl döşənib. İşlər bitmədiyindən hərəkətin təşkili işləri də görülməyib, yollar xətlənməyib, sadəcə sərt döngələri və sərt eniş-yoxuşu bildirən, bəzi yerlərdə sürət məhdudiyyəti nəzərdə tutan və ötməni qadağan edən nişanlar var. Ona görə də ora daxil olan sürücülər çox diqqətli olmalıdırlar. Sərt döngələrə və sərt eniş-yoxuşlara, habelə yol örtüyünə uyğun sürməlidirlər. Məlumat üçün deyim ki, narın çınqılda tormozlanma asfaltdakından çətin olur, sürüşmə ehtimalı yüksəkdir.

2. Murovu tanıyanlar bilir ki, hətta yayın cırhacırında da istənilən vaxt orada duman ola bilər. Dumanda asfaltsız və xətlənmə olmayan yolda sürmək çox çətindir, gecə vaxtı isə demək olar ki, mümkün deyil. Mütləq bunu da nəzərə almaq və gecə vaxtı oarada yola çıxmamaq tövsiyə olunur.

3. Belə sərt şəraitdə avtomobilin texniki sazlığına, yüklənməsinə xüsusi diqqətlə yanaşılmalı, dağ şəraitində maşın sürməyən sürücü xüsusi təlim keçilmədən belə yola buraxılmamlıdır. Bunun üçün yaxşı olar ki, həm orada yerləşən hərbi birliklərimizin sürücülərinə, həm də orada işləyən mülki təşkilatların sürücülərinə xüsusi təlim keçilsin, avtomobillərə diqqət artırılsın.

4. Payız və qış aylarında dağlarada bəzən həftələrlə duman olacaq, Murovda isə hətta sentyabrda da qar yağa bilər. Ona görə də hələlik yol işləri başa çatmamış olsa da, yaxşı olar ki, yolların ən təhlükəli yerlərində, məsələn, uçurumların kənarlarında, sərt döngələrin kənarlarında təhlükəsizlik artırılsın. Bu məqsədlə belə kənarlara yeri dəyişdirilə bilən beton sədlər düzmək, yaxud mümkün olan yerdə sadəcə dağ suxurları (daş-çınqılla) ilə müvəqqəti qoruyucu sədd yaratmaq yaxşı olar. Belə yerlərdə yol kənarı və həmin sədlər yaxşı görünən edilməlidir (işıqqaytarıcı lentlərlə, müvəqqəti konuslarla və s. işarələnməlidir).

5. Ən təhlükəli ərt enişlərdə əyləc sistemində problem yaranan avtomobillərin öz gedişi ilə (əyləcsiz) dayandırılması üçün yerlər – əyləcsiz avtomobili saxlayacaq panduslar (Runaway truck ramp) yaratmaq yaxşı olar.

Bir sözlə təhlükəsizlik üçün hər şey edilməlidir. Elə etməliyik ki, heç bir itkimiz olmasın, o yerlərə dönüşümüz möhtəşəm olsun.

Məsələn, 24 iyulda Murovda yol belə idi, dumanlı-çiskinli...

 

Ərşad Hüseynov,

hüquqşünas

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh