Kamran Əliyevdən Turalın “Niyə yollarda qırılırıq?” yazısına SƏRT CAVAB : "Elə bilməsin ki..."
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidməti (YPX) şöbə rəisi, polis polkovniki Kamran Əliyev “Avtostop” verilişinin aparıcısı Tural Yusifovun Oxu.Az saytında dərc olunmuş “Niyə yollarda qırılırıq?” başlıqlı müəllif yazısına cavab verib. Avtosfer.Az xəbər verir ki, K.Əliyev sayta göndərdiyi açıqlamada onun fikirlərindən bəziləri ilə həmrəy olduğunu dilə gətirib, bəzilərinin isə düzgün müqayisə olunmadığını hesab edir. “Yol qəzaları ilə bağlı dünyanın ən təhlükəsiz ölkəsi hesab edilən İsveçin müsbət nailiyyətlər əldə etməsinin əsas səbəblərindən biri ölkə vətəndaşlarının qanunların tələblərinə ciddi riayət etmələri, yol qaydalarına hörmətlə yanaşmalarıdır”, - deyə vurğulayan rəis nümunə gətirib: “Məsələn, həmin ölkədə yaş kateqoriyasından asılı olmayaraq, bir nəfər də olsun piyadanı müəyyən olunmayan yerdən keçən görə bilməzsiniz. Bunun nəticəsidir ki, həmin ölkədə piyada vurulması halları, demək olar ki, sıfıra bərabərdir. Bizdə isə qəzaların respublika üzrə 52 faizini, paytaxt Bakıda isə hətta 67 faizini piyadaların vurulması təşkil edir. Yəni bizim piyadalarımız da yollarda həmin dövlətin vətəndaşları kimi davransalar, bizdə də hər 100 min nəfərə düşən ölü sayı 7,8 deyil, 4,2 ola bilər ki, bu da yol təhlükəsizliyi baxımından dünyada kifayət qədər yüksək göstərici hesab edilir”.
Polkovnik qeyd edib ki, bu səbəbdən qəzaların baş verməsində yalnız sürücüləri qayda pozmaqda, əzbərçilikdə, məsuliyyətsizlikdə təqsirləndirmək ədalətsiz yanaşmadır. “O ki qaldı sürücülüyə namizədlərdən təcrübi imtahanların qəbuluna, artıq altı ilə yaxındır ki, nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan təkcə qapalı meydançalarda deyil, ikimərhələli prinsiplə - birinci mərhələdə xüsusi bağlı meydançada və ya avtodromda, ikinci mərhələ isə sınaq marşrutlarında qəbul edilir. Nəzəri imtahanlardakı sualların sayının artırılması, namizədin psixoloji durumunun yoxlanılması məsələlərinə gəlincə, bu sahədə beynəlxalq təcrübə nəzərə alınmaqla, mexaniki nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisasının artırılması üçün təlim-tədris prosesinin təkmilləşdirilməsi, habelə yol hərəkətinin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, texniki-təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanaraq tətbiq edilməsi və digər məsələlər ötən ilin sonunda qəbul edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb və icrası ilə bağlı hazırda iş gedir. Odur ki, yol hərəkətinin təhlükəsizliyi üzrə qanunvericiliklə bağlı vaxtaşırı fikirlər paylaşan hörmətli hüquqşünaslarımız, ekspertləriniz, mütəxəssislərimiz elə hesab etməsinlər ki, bu sahəyə cavabdeh olan dövlət qurumları zamanın tələbi ilə dəyişikliklərə zərurət olan halları görmür və ya həlli istiqamətində fəaliyyət göstərmirlər. Sadəcə, biz qanunvericilik aktları ilə bağlı hər hansı təkliflərimiz haqqında deyil, qanuni qüvvəyə minmiş dəyişikliklər haqqında ictimaiyyətə məlumat verir, izahat işləri aparır və icrasını təmin edirik”, - deyə Kamran Əliyev vurğulayıb.