Banner

“Kənddən-şəhərə”, "şəhərdən-şəhərə" və ya ət niyə bahalaşır?

Yazarlar 11 İyul 2023 14:00 Oxunub 1464
“Kənddən-şəhərə”, "şəhərdən-şəhərə" və ya ət niyə bahalaşır?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yazının başlığına baxıb eyniadlı yarmarka barədə yazacağımı düşünməyin. Bəli bu yarmarkalar gözəldir və yaxşı təşkil də olunur. Kəndçi də məsullarını gətirib burda satır. Amma...

Kəndçi qalıbmı? Niyə hamı şəhərli olmaq istəyir?

Bir müddət əvvəl Lerikin ucqar bir dağ kəndinə getmişdim. Kənd böyük olsa da az sayda evlərdə işıq yandırdı. Səbəbini soruşanda dedilər ki, “işsizlikdən hamı şəhərə gedir.” Bu cavab məni çox düşündürdü. Kənd və işsizlik?! Əvvəllər kənddə yaşayanlar işin çoxluğundan şikayət edirdilər. Səhər saat 5-dən qaranlıq düşənə qədər iş bitmirdi. Mənə maraqlı gəldi ki, dağın başında hansı iş yerini açmaq olar? Orda fabrik tikməli, zavod açmalı, bəlkə futbol meydançası...

Kəndin işi əzəldən əkin-biçin, mal-qara, toyuq-cücə olub. Yadıma düşür ki, biz kənddə olanda həmişə bir söz vardı. Pul burda ancaq qənd və çay almağa, yaxud geyim üçün lazım olurdu. Qalan bütün məhsulları özümüz istehsal edirdik. İndi kəndlərdə qonaq olanda, broyler toyuğu ilə dükan yağını qabağında görəndə təəccüb edirsən. Hətta bir dəfə dağ kəndlərinin birində qabağımıza zavod çörəyi ilə market şoru qoydular. Broyler yumurtası da yanında idi.

Əslində toyuq-cücə, mal-qara saxlamaq üçün kəndlərdə hər bir şərait var. Ətrafda ot da var, su da var... Sadəcə insanlar əziyyət çəkməyi tərgidib. Əziyyət də deyəndə ki, şəhərə gəlib ondan ikiqat əziyyət çəkirlər. Tikintilərdə toz-torpaq udaraq qazandıqlarını kirayə, yemək, paltara verir. Adı da olur ki, filankəs şəhərdə yaşayır. Kənddə şərait yoxdur.

Saytların birindən oxuyuram ki, qışa qədər ətin kilosu 20 manat ola bilər. Bəli, olar hələ o tərəfə də keçər. Çünki mal-qara saxlanmayandan sonra ət baha olmalıdır. Dünənə kimi heyvandarlıqla məşğul olan biri bu gün palçıq qarışdırırsa 20 manata ət ala bilməyəcək. Belə desək ətin tamını unutmalı olacaq.

Bəlkə də çoxları qınayacaq ki, kənddə yaşamaq belə asandırsa get özün yaşa. Təəssüf ki, kənddə mənim heç nəyim yoxdur. Olsaydı məmnuniyyətlə gedib yaşayardım. Ən azından ildə bir dəfə pul xərcləyib bəh-bəhlə udduğumuz təmiz havanı hər gün udardım.

P.S. “Şəhərdən-kəndə”, “kənddən-kəndə” nə zaman baş versə ətin kilosu 20 yox 2 manat olar.

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh