“Kruq plyonka”lı maşınlar cərimədən necə yayınır? - Qanunazidd məqamlar

Yazarlar 13 Sentyabr 2019 10:03 Oxunub 22149
“Kruq plyonka”lı maşınlar cərimədən necə yayınır? - Qanunazidd məqamlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Plyonkalı maşın sürənlər kəmər taxmadıqda, telefonla danışqıda cərimədən yayına bilirlər

Mayın ortalarından başlayaraq ölkədə "plyonka" ajiotajı yaranıb. Hələ də heç kim bu suala dəqiq cavab tapa bilmir. Amma buna baxmayaraq bəzi sürücülər qanunvericiliklə heç bir dəyişiklik edilmədiyi halda avtomobilin nəinki arxa yan, o cümlədən qabaq yan və alın şüşələrinə plyonka çəkirlər. Bununla da görünməz bir sədd yaranır. Yəni sükan arxasında kimin olub-olmadığı görünmür. Çünki avtomobil tünd plyonka ilə örtülmüş vəziyyətdədir.
Doğrudur, son günlər əldə etdiyimiz məlumata görə, Bakıda, o cümlədən digər rayonlarda avtomobilə bu cür plyonka vuranlara qarşı tədbirlər görülür. Onların idarə etdiyi avtomobillər saxlanılır, cərimə tətbiq olunur, plyonka soyulur. Amma bu cür avtomobillərə hələ də rast gəlinməkdədir. 
Avtosfer.az saytı olaraq bu mövzuya qayıtmağımızın səbəbləri var. Bunlardan biri də qabaq qapı şüşələrinə və qabaq alın şüşəsinə plyonka vurulmasının təhlükəli və qanuna zidd tərəflərini oxuculara çatdırmaqdır. Bildiyiniz kimi, Azərbaycanda “Yol hərəkəti haqqında” qanunda, eləcə də qanuna edilmiş 1 saylı əlavədə avtomobilin şüşələrinə örtüklərin çəkilməsi ilə bağlı məsələ çox aydın şəkildə yazılıb. Belə ki, qabaq alın şüşəsi 25 faiz, qabaq və arxa qapı şüşələri 30 faiz, tam arxa şüşə isə 100 faiz tündləşdirilə bilər. Eləcə də mövsümlə əlaqədar olaraq arxa qapı şüşələrinə may ayının 1-dən noyabr ayının 15-ə qədər jalüz tipli pərdələrin vurumlasına icazə verilir. Avropa İqtisadi Komissiyasının 43 saylı qərarına görə, nəqliyyat vasitəsinin sürücüsündən arxada qalan şüşələrin tündləşdirilməsi sürücünün öz öhdəsinə buraxılır. Yəni sürücü istəsə arxa qapı şüşələrini tündləşdirə, yaxud şəffaf saxlaya bilər. Amma bizim bəzi ağzıgöyçək sürücülər Biləcəridən o tərəfə heç vaxt çıxmadığı halda “Avropada avtomobillərin bütün şüşələrini tündləşdirməyə icazə verilir” deyə car çəkirlər. Belə yerdə qeyri-etik ifadələri bir kənara qoyub qanun çərçivəsində bu məsələyə belə cavab veririk. Avropa İqtisadi Komissiyasının 43 saylı qərarında yalnız sürücüdən arxada qalan şüşələrin tündləşdirilməsinə icazə verilirsə hansı Avropa ölkəsi bütün şüşələrin tündləşdirilməsinə şərait yarada bilər? Bu nümunə haradadırsa onu bizə də göstərin. Axı belə bir şey yoxdur. Sadəcə cəfəng fikirləri cəmiyyətə sırıyıb özünüzü ağıllı göstərməyə çalışmayın.
Avropa İqtisadi Komissiyasının məlum qərarına Azərbaycan da qoşula bilər. Bu qərarı dilimizə tərcümə edərək Nazirlər Kabinetinin bir qərarı ilə milli standart kimi qəbul etmək olar. Həmin qərarda təkcə pərdə-plyonka yox, eləcə də işıq cihazlarından istifadə və digər zəruri elementlər öz əksini tapıb ki, Azərbaycanda uzun illərdir ki, “ksenon, led lampa söhbəti” ciddi problemə çevrildiyi üçün onların da həlli mümkün ola bilər. Həmin qərarda işıqların səpələnmə, düşmə bucağı, trayektoriyası, lampaların gücü, rəngi, forması öz əksini tapır. Biz də arzu edərdik ki, Azərbaycanda həmin qərar tətbiq olunsun. Bununla da söz-söhbətə son qoyulmuş olar. 
“Kruq plyonka” mövzusu bir neçə məsələyə aydınlıq gətirməyimizə səbəb olur. Bunlardan biri avtomobilin qabaq yan və qabaq alın şüşələrinə plyonka çəkildikdə sürücülərin hansı məsuliyyətdən yayınmasına gətirib çıxaracağı səbəbidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinə, eləcə də “Yol hərəkəti haqqında” qanuna edilmiş dəyişikliyə görə, nəqliyyat vasitəsinin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədikdə bu xəta xüsusi texniki vasitələr tərəfində də qeydə alına bilər. Yəni, sadə dildə desək, kəmər taxmayan sürücü kamera vasitəsi ilə aşkar oluna və onun barəsində elektron protokol tərtib edilə bilər. İndi sual yaranır; əgər avtomobilin dörd bir yanı da tünd plyonka ilə bağlanıbsa istər YPX əməkdaşı, istərsə də kameralar bu xətanı necə aşkarlayacaq? Digər tərəfdən, sükan arxasında mobil telefondan istifadə edən sürücünü yol polisi necə müəyyən edib cərimə tətbiq edə bilər?
Digər bir məsələ isə azyaşlı uşaqların sükan arxasında əyləşməsi, sərnişindaşıma qaydalarının pozulması məsələsidir. Deyək ki, sükan arxasında azyaşlı əyləşib. Bunu YPX əməkdaşı vizual şəkildə gördükdə həmin nəqliyyat vasitəsini saxlaya bilər. Yaxud qabaq oturacaqda sərnişin qucağında uşaqla və ya iki sərnişin eyni anda əyləşib. Belə hallar Azərbaycanda tez-tez olur. Hansısa ailə toy məclisindən çıxanda yer olmadıqda qabaq oturacaqda iki nəfər əyləşir. Bəzən valideynlər uşaqları qucaqlarında əyləşdirib avtomobil sürməyi öyrədirlər. Bütün bunları YPX əməkdaşı yalnız avtomobilin şüşəsi şəffaf olduqda aşkarlaya bilər.
Onunla razıyıq ki, yan şüşələrə 30 faizlik plyonka vurmaq problem yaratmır. Amma 100 faizlik tünd plyonka vurmaq biabırçılıq və əndazələri aşmaqdır. Siz artıq bu hərəkətinizlə bir neçə qayda pozuntusunun aşkarlanmasının qarşısını alırsınız. 
Düşünürəm ki, yol polisinin də son günlər bu məsələyə susqunluq nümayiş etdirməsi düzgün addım deyil. Necə ola bilir ki, Məmməd təhlükəsizlik kəməri taxmadıqda, sükan arxasında mobil telefonla danışdıqda avtomobili tünd plyonkalı olmadığı üçün saxlanılır və barəsində tədbir görülür, amma Osman bütün şüşələrini tündləşdirib, nə kəmər taxır, nə də telefonu əlindən yerə qoyur, ancaq cərimə edilmir? Niyə kimsə məsuliyyətdən kənar qalmalıdır? Bax bu suallara düşünürəm ki yol polisi cavab verməli və bu cür sürücülər barəsində ciddi tədbir görülməlidir. 
Bəlkə axtarışda olan cinayətkar sükan arxasındadır. Yol polisi bunu necə görüb müəyyən etməlidir? Sərxoş sürücülərin aşkarlanması ilə bağlı yol polislərinin bir sıra metodları var ki, onlardan biri də odur ki, sərxoş sürücülər sükan arxasında olduqda YPX əməkdaşlarına baxmır, gözlərini yayındırır, yaxud gözləri bərələ qalır. Bu halda yol polisində şübhə yaranır və sürücüləri müayinədən keçirirlər. Bir çox hallarda isə sürücünün sərxoş vəziyyətdə olduğu təsdiqini tapır. 
Daha bir vacib məqam isə son vaxtlar baş verən yol-nəqliyyat hadisələri arasında ötmə və manevr qaydalarının pozulması zamanı baş verən hadisələrin sayının artmasıdır. Şəffaf şüşə olduğu halda güzgünü görməyib qəza törədən, digər avtomobillərə sürtünən, park edərkən başqa maşını vuran sürücüyə tünd plyonka yaraşırmı? O şəffaf şüşə ilə bu hadisələri törədirsə, tünd plyonka ilə daha ağır qəzalara səbəb ola bilər Odur ki, plyonka söhbətinə birdəfəlik son qoymaq üçün arxa yan qapılara istər 100 faizlik plyonka, pərdə vurulmasına icazə verilməli, qabaq yan şüşələrə və qabaq alın şüşələrə plyonka və pərdə vuranlara qarşı isə sərt mübarizə aparılmalıdır.
Sonda qeyd edim ki, artıq Bakıda 128 minik avtomobilinin bütün şüşələrinə plyonka vurulması müəyyən edilib və DYP tərəfindən nəzarətə götürülüb. Yəqin ki, yaxın vaxtlarda onların barəsində tədbir görüləcək.

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh