“Meqa Sığorta” ilə “Rabitəbank” qazimizi küçələrə salıb - Rəzil FIRILDAQ
“Həmin hadisə baş verəndən bəri ailəm Bakıda, özüm isə xidmət etdiyim Bərdədə kirayədə qalırıq”.
2019-cu il oktyabrın sonu, noyabrın 1-2-i aralığında Bakıya yağan güclü yağışdan sonra Nərimanov rayonu, Azadlıq prospekti 149 ünvanlı binanın damına yığılan su mənzillərə dolub. Nəticədə doqquzmərtəbəli binanın yuxarı mərtəbəsindəki mənzillər tamamilə yararsız vəziyyətə düşüb, sakinlərə külli miqdarda ziyan dəyib.
Yararsız vəziyyətə düşən həmin mənzillərdən biri (Bakı şəhəri Nərimanov rayonu, Azadlıq prospekti 149, mənzil 64) Azərbaycan ordusunun zabiti, 2016-cı il Aprel döyüşlərinin və Vətən Müharibəsinin iştirakçısı olan mayor Musayev Rauf Şahin oğluna məxsusdur.
Rauf Musayev qeyd olunan bu müharibələrdə fəal iştirak edib və hər ikisində də yaralanıb. Zabit göstərilən ünvanda yerləşən köhnə binadakı mənzili ipoteka krediti ilə götürüb.
Nərimanov Rayon İcra Hakimiyyəti binada abadlaşdırma işi aparanda əsaslı təmir əvəzinə, binanın fasadına kosmetik dəyişiklik etməklə kifayətlənib. Bundan əlavə, “təmir” çərçivəsində binanın dam örütüyü dağıdılıb, su çənləri sökülüb.
Binaya suyun hələ də saatla verilməsinə baxmayaraq, icra hakimiyyəti tikilinin zahirinə daha çox önəm verib. Daha əcaibi isə İcra Hakimiyyətinin binanın damını sökərək orada park yaratmasıdır. Bəli, binanın damında park…
Qeyd etdiyimiz kimi, 2019-cu ilin oktyabrın sonu, noyabrın əvvəlində Bakıya güclü yağış yağanda su binanın tavanından axaraq əvvəl 9-cu, oradan da 8 və 7-ci mərtəbələrdəki mənzillərə dolub.
Avtosfer.az xəbər verir ki, Rauf Musayev yenicag.az-ın əməkdaşı ilə söhbətində hadisə barədə bunları deyib:
“2019-cu ilin noyabr ayının 1-2-i mənə zəng gəldi ki, yağış yağıb, mənzilinizi su basıb, qonşunun mənzilinə də zərər dəyib. Həmin gün “Rabitəbank”dan zəng gəldi, danışıq əsnasında evin yağış nəticəsində su basdığını dedim. Mənə bildirdilər ki, sığortan var, sığorta şirkətinə xəbər edin, gəlib çəkiliş edib, sığorta pulunu ödəsinlər.
“Meqa Sığorta” ASC-yə zəng vurub, vəziyyəti izah etdim. Gəlib mənzilin vəziyyətini araşdıraraq qiymətləndirmə apardılar. Gedib şirkətdə ərizə yazdım, bildirdilər ki, gün ərzində sizə məlumat veriləcək.
Ərizə yazandan sonra cəbhə bölgəsində yerləşən xidmət yerimə qayıtdım. Ancaq məni yenidən Bakıya çağırdılar. Qiymətləndirmə qrupu gəlib yenidən çəkiliş etdi. Mənə dedilər ki, evə dəymiş ziyana görə 35 min manat sığorta ödəniləcək. Lakin əlavə etdilər ki, ilin sonu olduğu üçün pulu indi yox, 2020-ci ilin əvvəlində sizə ödəyəcəyik.
2020-ci ilin yanvarın 5-6-ı yenidən sığora şirkəti ilə əlaqə saxladım. Mənə dedilər ki, pulun sabah köçürüləcək, gedin, bankda hesab açdırın. Banka gedib hesab açdıranda zəng edib necə hesab açdıracağımı soruşanda bildirdilər ki, sizə pul düşmür.
Səbəbini soruşanda cavab verdilər ki, bizim ekspertlər müqavilədə təbii fəlakət haqqında bəndin olmadığını aşkarlayıblar. Onlara bildirdim ki, müqavilənin bir nüsxəsi sizdə, digər nüsxəsi isə məndədir. Müqavilədə təbii fəlakət haqqında bənd var.
Nə isə, Bakıya gəlib, onlara bildirdim ki, zabitəm, cəbhə bölgəsində xidmət edirəm, Aprel döyüşlərində yaralanmışam. Sizdən özüm üçün pul istəmirəm, dəymiş zərəri ödəməklə bağlı öhdəliyinizi yerinə yetirməlisiniz. Mənə dedilər ki, döyüşmüsən, yaralanmısan, bunun bizə aidiyyatı yoxdur. Daha sonra pandemiya səbəbindən Bakıya gəlib-gedə bilmədim, sonrakı aylarda isə təlimlər, ardınca da müharibə başladı”.
Rauf Musayev bildirib ki, binada təmir aparılarkən digər blokların liftləri dəyişdilər, bizim bloku isə yox:
“Həmin hadisə baş verəndən bəri ailəm Bakıda, özüm isə xidmət etdiyim Bərdədə kirayədə qalırıq. Nə qədər müraciət etsəm də, xeyri olmadı. Bir neçə gün əvvəl “Meqa Sığorta” ASC-yə getdim, dedilər, artıq işə xitam vermişik. Get, şikayət elə.
İndi də bildirirlər ki, həmin gün yağış yağmayıb. “Rabitəbank”a gedib vəziyyəti başa saldım. Dedim, kirayədə qalıram, ipotekanın pulunu ödəyə bilmirəm. Dedilər, pulu ödəyə bilməsən, mənzili müsadirə edəcəyik. Bu günə qədər də sığorta pulu ödəyirəm”.
Sığorta şirkətinin öz öhdəliyini yerinə yetirməyərək ona dəyən ziyanı ödəməməsi səbəbindən çarəsiz vəziyyətə düşən mayor Rauf Musayev aidiyyatı qurumların bu məsələyə müdaxilə etmələrini gözləyir.