Meriya Bakıda avtobus problemini aradan qaldıracaq?
Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib. Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb. Fərman "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmana əsasən Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədi daşıyır.
Fərmanla Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib. Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə (Agentliyin yenidən təşkil və ləğv edilməsi), Nazirlər Kabinetinə (Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Agentliyin idarəetmə orqanlarının yaradılması, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Agentliyin işçilərinin say həddinin təsdiqi, “Publik hüquqi şəxslər haqqında” qanuna yğun olaraq Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi) həvalə edilib.
Bakı Şəhər İcra Hakimiyyətinə fərmanda nəzərdə tutulmuş bəzi hallar istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” qanundakı publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli tapşırılıb. Agentliyin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirlyinin tabeliyinə verilib. Nazirlər Kabineti Agentliyin yeni nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli, fərmanla əlaqədar olaraq Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi aktların layihələrini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, fərmana uyğun olaraq Agentliyin balansında olan və “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki bazanın Daxili İşlər Nazirliyinin balansına verilməsini bir ay müddətində təmin etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Bakı Nəqliyyat Agentliyinin fəaliyyətində bundan sonra nələr dəyişəcək?
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Cebhe.info-ya açıqlamasında bildirib ki, bu fərman Bakıda nəqliyyatın hərəkətinin təşkili və təhlükəsizliyi baxımında önəmlidir:
“Bu fərmanda bir sıra yeniliklər öz əksini tapır. Bakı şəhərində nəqliyyat sisteminin daha keyfiyyətli idarəsindən söhbət gedir. Sözsüz ki, bu, həm də Bakıda son vaxtlar nəqliyyatla bağlı müşahidə edilən ciddi problemlərin həllinə yönəlib. Eyni zamanda, “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Dövlət Yol Polisinin səlahiyyətlərinə verildi. Bu isə o deməkdir ki, artıq bundan sonra dayanma-durma ilə bağlı cərimələri də Dövlət Yol Polisi tətbiq edəcək. Düşünürəm ki, parklanma ilə bağlı vahid bir idarəetmə sisteminin qurulması müsbət təsir göstərə bilər. Bakı Nəqliyyat Agentliyi isə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan bir qurum kimi ictimai nəqliyyat, taksi fəaliyyəti, hərəkətin təşkili, təhülkəsizliyi və digər məsələlərlə məşğul olacaq. Uzun illərdir ki, Bakıda taksi fəaliyyəti ilə bağlı bir pərakəndəlik hökm sürür. BNA-nın bununla bağlı bir sıra təklifləri də var. Hesab edirəm ki, agentliyin bu təklifləri nəzərə alınmalıdır. Əslində indiyə kimi Bakı Nəqliyyat Agentliyi xeyli işlər görüb. Bundan sonra isə daha da yaxşı işlər görə bilər”.