Millət vəkili piyada keçidləri ilə bağlı agentliyi yıxıb-sürüdü
“Artıq Bakıda piyada keçidlərində rəngli pozulmuş zolaqlar yenidən ağ boya ilə rənglənmir. Əvvəllər bu funksiyanı Dövlət Yol Polisш yerinə yetirirdi, insafən nə zaman müraciət edirdin, dərhal gəlib həmin pozulmuş zolaqları yenidən rəngləyirdilər”. Avtosfer.az sputnik-ə istinadən xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa öz “Facebook” səhifəsində yazıb. O, qeyd edib ki, indi bu funksiya Bakı Nəqliyyat Agentliyinə verilib, artıq bu səlahiyyət dəyişikliyi olan o gün-bu gündür, nə dayanacaqları yuyurlar, nə də bir neçə aydır rəngi solmuş zolaqları yenidən rəngləyirlər: “Bir neçə dəfə yazdım, Milli Məclisdə çıxışımda ittiham etdim, bu qurumun operativ telefon nömrələrinə zəng etdirdim, adamlar boyunlarından atdılar ki, bəs rəsmi olaraq bizə həvalə olunsa da, qeyri-rəsmi bu işə “Azəryol”un xüsusi servis qurumu baxır. Ötən həftə Zabratda məhz bu keçiddə zolaq görünmədiyinə görə dərsdən çıxan bir uşağı nənəsi ilə birlikdə avtomobil vurdu, Allah üzlərinə baxdı ki, ölüm olmadı, ancaq hər ikisi də ağır dərəcəli sınıqla hələ də xəstəxanada yatırlar. Mən şəxsən millət vəkili olaraq yolu hansı qurumun rəngləməli olduğunu hələ də aydınlaşdıra bilməmişəm. Nəqliyyatın intellektual idarəetməsi buna deyərlər e... O qədər böyük intellekt sahibi olmalısan ki, həmin qurumu tapıb piyadaların həyatını xilas edəsən. Hiyləgərliyin yolunu da tapıblar, yüksək çinli dövlət məmurlarının daimi hərəkət etdiyi yollarda bu funksiyanı layiqincə yerinə yetirirlər, keçidlərdə ağ boya gözəl qadının üzündəki pudra kimi bərq vurur, mərkəzi yoldan uzaq yerləri isə yalnız özəl iri obyektlərdən vəsait aldıqları zaman onların qarşısındakı zolaqları rəngləyirlər”.
F.Mustafa vurğulayıb ki, əslində ağ boyanın keyfiyyəti də ayrıca müzakirə mövzusudur. İnkişaf etmiş ölkələrdə boyanın tərkibinə hansısa zibili qatmadıqlarına görə uzun müddət yeniləməyə də ehtiyac duyulmur. Azərbaycanda isə bir neçə həftədən sonra rənglənən yer asfaltın rəngindən seçilmir. “Burada iki məqam ola bilər: ya bu boyaları qara bazarda satırlar və sənəd üzərində istifadə olunduğunu qeyd edərək böyük vəsait mənimsəyirlər, ya da həqiqətən də səlahiyyət bölgüsündə ənənəvi xaos hökm sürür. O halda Bakı Nəqliyyat Agentliyi bir qurum olaraq niyə yaradılıb? Gözləyirlər ki, hər həftə piyada keçidlərində beş-on adam ölsün, sonra bu sadə vəzifə borcunu yerinə yetirsinlər. Mən hər məsələyə baxışda yalnız gileyçi kimi çıxış etmirəm, həm də konkret təkliflər də irəli sürürəm. Aydındır ki, bizdə yol mədəniyyəti də çox-çox aşağı səviyyədədir, avtomobil sürücülərinin də mütləq əksəriyyəti keçid yazılan yerdə dayanmağa vicdan məsələsi kimi baxmırlar, o halda hər bir piyada bütün şəhərin küçələrində əlində ağ bayraqla gəzməlidir, nə fərqi var, rəng eynidir, yerdə olmasın göydə olsun – bu bayrağı yelləməklə avtomobilləri dayanmağa məcbur etsinlər” – millət vəkili deyib. Onun fikrincə, burada həm də bir təslimiyyətçilik işarəsi nəzərdə tutulur. Yəni vətəndaş qanunsuzluğun qarşısında, məmur etinasızlığının qarşısında, üstəlik də həyatına qəsd edə biləcək dəmir avtomobilin qarşısında aciz olduğunu etiraf edərək təslimiyyətini bu yolla ifadə etmiş olacaq.