Narkoman sürücülər ölüm saçır - Onlarla mübarizəni necə aparmaq olar?
Burada qaydaları maddə-maddə izah etməyə zərurət yoxdur. Sadəcə olaraq 3 fransızdilli ölkənin yol hərəkəti qanunvericiliyində narkotik vasitələrdən istifadə ilə bağlı cəzaları xatırladacam. Avtosfer.az xəbər verir ki, Fransada bir qayda olaraq qəza zamanı sürücüdən tüpürcək nümunəsi götürülərək narkotik istifadə edib-etmədiyi yoxlanılır. Bundan imtina 10 min avroyadək cərimə və sürücülük vəsiqəsinin 3 illiyinə ləğv edilməsi ilə cəzalandılrılır. Bundan savayı, polis periodik olaraq yollarda seçmə üsulu ilə sürücüləri saxlayıb yoxlaya da bilər.
Beləliklə, Fransa qanunlarına görə sükan arxasında narkotikdən istifadə cinayətdir. Bu əməlin cəzası 4500 avro cərimə və 2 il həbsdir. Eyni anda həm də alkoqol sərxoşluğu olan sürücünün cəzası 9000 avro cərimə və 3 il həbsdir.
Narkotik istifadə edən sürücü qəza zamanı kiminsə xəsarət almasına səbəb olduqda onu 100 000 avro cərimə və 7 ilədək həbs gözləyir.
Narkotik istifadə edən sürücü qəza zamanı kiminsə ölməsinə səbəb olduqda onu 150 000 avro cərimə və 10 ilədək həbs gözləyir.
Avtomobil cərimə meydançasına qoyulur, 6 cərimə balı yazılır.
Bundan əlavə, məhkəmə şəraitdən asılı olaraq əlavə cəza da tətbiq edə bilər:
Sürücülük hüququnun 3 ilədək məhdudlaşdırılması,
Sürücülük vəsiqəsinin ləğvi və 5 ildən sonra təkrar imtahan vermə,
İctimai işlər,
Sürücülük vəsiqəsi tələb olunmayan NV-dən istifadəni azı 5 il müddətinə qadağan etmə (yəni, insan hətta velosiped də sürə bilməz),
Narkomaniyanın ziyanı barədə maarifləşdirici tədbirlərdə iştirak (öz vəsaiti hesabına ki, bu da çox bahadır),
NV-nin müsadirə edilməsi.
Sığorta şirkətləri bir qayda olaraq narkoman sürücülərin müqaviləsini ləğv edir. Bəzi hallarda isə qəza zamanı onlara qarşı mülki iddia qaldırırlar.
Sərt qanunları ilə seçilən İsveçrədə narkotikin təsiri altında olan şəxs NV-ni idarəetmə qabiliyyətsiz kimi qəbul edilir. Narkotikdən istifadə edən sürücüyə veriləcək pul cəzasının sabit məbləği yoxdur və hər şey konkret şəraitdən asılıdır. Lakin cərimə hər bir halda agır olur. İlk dəfə “ilişən” sürücünün vəsiqəsi 3 aylıq məhdudlaşdırılır. Növbəti 5 ildə təkrar tutulan sürücü öz vəsiqəsi ilə 1 illik vidalaşmalı olur. Növbəti 6 ildə təkrar tutulan sürücü öz vəsiqəsi ilə 2 illik vidalaşmalı olur. Bundan sonrası isə vəsiqə ilə ömürlük sağollaşmaqdır. Eyni zamanda, şəraitə görə narkoman sürücüyə həbs də verilə bilər. Bu ölkədə narkotik qəbul edən şəxsin ictimai nəqliyyatdan istifadə etməsi də qadağandır.
Nəhayət, Avropanın digər fransızdilli ölkəsi olan Belçikada polisə narkoloji test aparmaq səlahiyyəti vermək üçün 1968-ci ildəki Yol hərəkəti qanununa 1999-da köklü dəyişiklik edildi. Nəticə də göz qabağındadır. Təkcə ötən il 1100 narkoman sürücülük vəsiqəsi ilə vidalaşıb. Bu ölkədə narkotik vasitə istifadə edən sürücünü 1600-16 000 avro arası cərimə və sürücülük hüququnun 2 ilədək məhdudlaşdırılması gözləyir. Təkrar istifadənin cəzası daha ağırdır: 40 000 avro cərimə və 3 il həbs. Söhbət digər qayda pozuntusu törədilməyən hallardan gedir. Belçikada paralel olaraq istifadəsi qadağan edilməyən, lakin sürücüdə süstlük yaradan dərmanlardan istifadə zamanı da sükan arxasına keçmək qayda pozuntusu sayılır. Bu zaman sürücü 16 min avroyadək cəriməyə məhkum edilə bilər.
3 fransızdilli ölkə və 3 fərqli qanunvericilik. Lakin bütün hallarda cəza ağırdır. Bu 3 ölkədən nümunə götürməyin vaxtı çatmayıbmı? Axı dünya gör-götür dünyasıdır!
Vüqar Yaşaroğlu