Narkoman sürücülərin sayı artdı; DİN göstəriş verdi, DYP hərəkətə keçdi

Yazarlar 15 Dekabr 2021 20:12 Oxunub 6840
Narkoman sürücülərin sayı artdı; DİN göstəriş verdi, DYP hərəkətə keçdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanunda narkoman sürücülərə qarşı daha sərt cəzalar olmalıdır

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücülərin sayı dəhşətli dərəcədə artıb. Artıq iş o yerə çatıb ki, ötən illərlə müqayisədə spirtli içki qəbul edərək maşın sürənlərin sayı narkoman sürücülərdən az görsənir. Bu ilin 9 ayı ərzində Baş DYP İdarəsinin YPX Alayı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 650 sürücünü aşkar edib. 12 ayda bu rəqəm yəqin ki, 800-ə yaxın olacaq. Bu hələ Alayın nəzarətində olan ərazilərdə və postlarda aşkar olunanlardır. Bakıda, Gəncədə, Sumqayıtda, cənub rayonlarında, digər rayon və şəhərlərdə aşkar olunan faktları da nəzərə alsaq vəziyyət çox pisdir. Qəzaların artmasının səbəbləri sırasında narkoman sürücüləri də qeyd edə bilərik artıq. Daxili İşlər Nazirliyinin rəhbərliyi bu istiqamətdə nəzarəti gücləndirmək üçün DYP-yə xüsusi tapşırıq verib. Cənab nazir Vilayət Eyvazov bu sahədə ciddi nəticə tələb edir. Amma bu cür nəzarətlə çox iş görmək real deyil. Qanunvericilik dəyişməlidir. Narkoman sürücü ilə sərxoş sürücü arasında fərq qoyulmalıdır. Bugünkü qanunda hər ikisinə eyni cəza verilir. Amma unutmaq olmaz ki, narkomaniya bir xəstəlikdir, sərxoşluq isə sadəcə bir əyləncədir və ikisini eyni tərəziyə qoymaq düzgün deyil. Narkoman hər gün hallanmasa dayana bilmir. Spirtli içki ilə toyda-bayramda içilir, kimsə dost-tanışla görüşüb içir, səhv edib maşın sürür. O da daimi rast gəlinən hal deyil. İndi necə olur ki, narkomanla spirtli içki içib maşın sürən sürücü eyni cəzanı çəkir?

Qanuna dəyişikliklər gecikmədən edilməlidir. Narkoman sürücü dərhal 2 il müddətinə sürücülük hüququndan məhrum edilməlidir, 2 ildən sonra tam sağlamlıq haqqında arayış gətirəndən sonra yenidən imtahana girməlidir. Çünki narkomanın beyni quruyur, qaydalar yaddan çıxmış ola bilər. İmtahandan keçə bilsə və sağlamlıq arayışı da qaydasında olsa ona sınaq müddətinə vəsiqə verilə bilər. Sınaq müddətində yenidən narkotiklə tutulsa vəsiqədən 10 il müddətinə məhrum edilsin, sonra eyni qaydalar tətbiq olunsun. Təkrar eyni əməli törətsə cinayət məsuliyyətinə cəlb edilib 2 il həbs olunsun. Belə sərt cəzalar olmasa narkoman sürücülərin sayı artacaq.

Onsuz da normal başla düz-əməlli maşın sürə bilməyənlər indi də hallanıb sükan arxasına keçir. Qəzalar da elə buna görə çoxalıb. Dərhal, vaxt itirmədən ciddi tədbirlər görülməlidir.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh