Reklam

Nazirlik açıqladı - 600 nəfərə pulsuz maşın veriləcək

Yazarlar 18 Mart 2019 13:47 Oxunub 2720
Nazirlik açıqladı - 600 nəfərə pulsuz maşın veriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu sərəncam 400-dən artıq avtomobilin alınmasına imkan verəcək

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı 18 mart 2019-cu il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam əhalinin, xüsusilə həssas qrupların rifah halının yüksədilməsi istiqamətində növbəti mühüm addımdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Avtosfer.az-a daxil olan məlumata görə, sərəncamda  qeyd olunan kateqoriyalardan olan vətəndaşların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 (beş) milyon manat ayrılması tapşırılıb. Bu da 2019-cu ildə həmin insanlara verilməsi üçün əlavə olaraq 400-dən artıq avtomobilin alınmasına imkan verəcək.

Beləliklə, cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə və onlara bərabər tutulanlara nəzərdə tutulduğundan (180 avtomobil) 3 dəfədən çox olmaqla 600-ədək avtomobil təqdim olunacaq.

Əsasında insan amili dayanan sosial siyasətin ildən-ilə gücləndiyi Azərbaycanda bütün sosial proqramlar uğurla davam etdirilir və getdikcə genişləndirilir. Belə proqramlardan biri də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi və 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar, habelə hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslərin, Böyük Vətən müharibəsi əlillərinin, Çernobıl əlillərinin dövlət hesabına minik avtomobilləri ilə təmin olunmasıdır. Proqramın davamı olaraq, 2018-ci ildə həmin insanlara daha 265 avtomobil verilməklə, ötən dövrdə təqdim olunan minik avtomobillərinin sayı 6 144-ə çatıb.

Hazırda dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin olunmaq üçün növbədə dayanmış əlilliyi olan vətəndaşların sayı 997 nəfərdir ki, cari il ərzində onlardan da artıq 600-ə yaxın şəxsin avtomobillə təminatı həyata keçiriləcək.

Ümumilikdə bu gün imzalanan Sərəncam dövlət başçısının həssas qruplardan olan vətəndaşların, o cümlədən müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinə xüsusi qayğısının növbəti ifadəsidir.

Qeyd edək ki, 2018-ci ildə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə nəzərdə tutulduğundan 3 dəfədən çox  olmaqla 626 mənzil, indiyədək isə 6 654 mənzil təqdim edilib. Prezidentin tapşırığı ilə cari ildə bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil veriləcək.

Eyni zamanda, Prezident İlham Əliyevin imzaladığı sənədlərlə Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 242 manatdan 300 manata, müharibə əlilləri - I qrup əlilliyi olanlar üçün 182 manatdan 250 manata, II qrup əlilliyi olanlar üçün 158 manatdan 230 manata, III qrup əlilliyi olanlar üçün 121 manatdan 210 manata çatdırılıb. Eyni zamanda müharibə əlillərinin müavinətləri əhəmiyyətli şəkildə artırılmaqla, I qrup əlilliyi olanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib.  

Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Prezidentin aylıq  təqaüdü əmək pensiyası almaq hüququ olan I qrup əlillərə şamil olunmaqla bu təqaüdün məbləği də 100 manata çatdırılıb.

Həmçinin 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Prezidentin təqaüdünün məbləği də artırılaraq 150 manat müəyyən olunub. 

Ümumilikdə, cari ilin ötən dövründə Prezident İlham Əliyevin imzaladığı sənədlər ölkəmizdə minimum əməkhaqqının və minimum pensiyanın, sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin, həmçinin tələbələrin təqaüdlərinin, məcburi köçkünlərə verilən müavinətlərin, incəsənət işçilərinin əmək haqqının əhəmiyyətli dərəcədə artırılmasına, şəhid ailələri üçün birdəfəlik ödəmənin (11 min manat) verilməsi prosesinin əhatə dairəsinin genişlənməsinə, problemli kreditlərin həllinə, çoxmənzilli binaların sənədləşdirilməsinə xidmət  edib ki, bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edərək onların rifahında müsbət dəyişikliklərə imkan verib.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsində atılan bu inqliabi addımlar isə dövlət başçısının “2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır” bəyanatının əməli müstəvidə reallaşdığını təsdiq edir.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh