O biri dünyadan reportaj... - FOTOLAR-VİDEO

Yazarlar 23 Yanvar 2021 00:02 Oxunub 7070
O biri dünyadan reportaj... - FOTOLAR-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gecə saat 4-də evdən çıxmağa hazırlaşanda, məni anam yola saldı. Dedi, əynini qalın elə, çəkməni geyin, oralarda hava soyuqdur, yenə xəstələnəcəksən. Mən isə şad günlər üçün aldığım nazik ayaqqabını geyinmişdim...

Çünki 28 ildən sonra 5 yaşında məcburi köçkün düşdüyüm Ağdama gedirdim. Ən şad günüm idi...

Ən böyük arzumun reallaşmasına sadəcə, bir neçə saat, qət edilməli olan 360 km qalmışdı. Səfər üçün tələb olunan vaxt mənə görə heç nə idi. Çünki bunadək işləmədiyim bir cinayətə görə, azadlıqdan məhrum edilmiş məhkumlar kimi 27 il, 5 ay, 6 gün saymışdım. 

27 il bilirsiz nə deməkdir? Mikayıl Müşfiqin ömründən iki il az, Səxavət Məmmədovun ölümündən 10 il tez və ya Vətən müharibəsində 27 yaşında şəhid olan 164 igidimizin ömrünün tamamı!

Açığı, Ağdama çatanda hansı marşrut üzrə hərəkət edəcəyimizi bilmirdim. Əfətli postuna çatar-çatmaz bizi müşahidə edəcək polis əməkdaşına verdiyim ilk sual da bununla bağlı oldu: Haralara gedəcəyik?

Sualı verib “Cek-pot”u qazanmaq üçün torbadan arzulanan son rəqəmin çıxmasını gözləyən lotereya həvəskarının dua edərək gözlərini televizora zillədiyi kimi, mən də baxışlarımı polisə yönəltmişdim. Əslində, cavabı 3-5 saniyəyə eşidəcəkdim, amma ona qədər dözməyib daha bir sual verirəm: Siyahıda Papravənd var? 

Özümü bir anlıq əməliyyatdan çıxan həkimə doğru qaçan və “doktor, yaşayacaq?” sualını verən xəstə yaxınları ilə müqayisə etdim. Əslində, aramızda zərrə qədər də olsun, heç bir fərq yox idi.

Polis şəfalı cavabı verdi: Bəli, var!

İndiyədək həyatımda iki sözdən ibarət və məni qane edən belə möhtəşəm cavab eşitməmişdim. Sanki saatımın donmuş əqrəbləri o sualın cavabı ilə hərəkət etməyə başladı. Doğulduğum, boya-başa çatmadığım kəndimi - Papravəndi də görəcəkdim...

Bundan sonra Ağdamın artıq işğaldan azad olunan ərazilərinə doğru hərəkət etməyə başlayırıq. Ermənilərin vaxtilə çəkdiyi səddi aşırıq. Bu, təkcə adi müdafiə səddi deyildi, həm də düşmənin 27 il ərzində sinəmizə çəkdiyi dağ idi...

Bir qədər sonra narın-narın qar yağmağa başlayır. 

Ağdamın mərkəzindən keçirik. Bura biz ağdamlılar üçün dünyanın mərkəzidir. 

İndi belə darmadağın, xarabalığa çevrildiyinə baxmayın. Ustad Zəlimxan Yaqubun dediyi kimi, Ağdam Qarabağın toy otağıydı:

Hər şirin zəngulə, hər şirin nəfəs,
Yeni bir dünyaydı, təzə bir həvəs.
Arifin içindən gəlirdi bu səs,
Ağdam Qarabağın toy otağıydı.

Maşından düşüb ilk ayağımızı basacağımız yer isə Ağdamın Şelli kəndi idi. Qısa arayış olaraq bildirim ki, Şelli 1992-ci ilin ilk aylarından  başlayaraq ermənilərin ən çox atəşə tutduğu kəndlərimizdən biri olub. Həmin ilin fevralında isə erməni terrorçuları Şelliyə hücum edərək 2 məktəblini - Natiq və Niyaməddin İbadovları, eləcə də başqa 1 nəfər kənd sakinini girov götürüblər. Sonra isə ultimatum veriblər ki, Şelli kəndinin sakinləri qısa müddətdə doğma yerlərini tərk etməlidirlər, əks təqdirdə uşaqlara divan tutacaqlar...

Xüsusən də mart-aprel aylarında bu hücumların şiddəti daha da artırılıb. Həmin ilin iyulunda isə kənd hərbi vertolyotlardan atəşə tutulub. Ölənlər, yaralananlar və dağıntılar olub... 93-cü ilin iyulunda isə düşmən Ağdamın qərb istiqamətindəki bəzi strateji əhəmiyyətli mövqeləri ələ keçirib. Nəticədə Şelli kəndi də ermənilər tərəfindən işğal edilib.

27 ildən sonra isə dağ kəndi olan Şellinin ən uca zirvəsində Azərbaycan bayrağı dalğalanır, torpağında bizim əsgər xidmət edir. 

İş burasındadır ki, ermənilər Şellini işğal etdikdən sonra burada yaşayıblar. Özləri üçün şərait də qurublar - market, məktəb, hətta tibb məntəqəsi belə açıblar. Burada ermənilər tərəfindən yeni tikilmiş evlərə də rast gəlmək mümkündür. Aydın başa düşülür ki, ermənilər hələ uzun müddət bizim torpaqlarda yaşamaq niyyətində olublar. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatdan sonra isə əsl reallığı başa düşərək doğma kəndimizi tərk ediblər. Tərk edərkən isə Kəlbəcərdə, Laçında olduğu kimi, buradakı evləri də yandırıblar, qapı-pəncərələrini çıxardıb özləri ilə aparıblar.

Erməninin pis nəfəsi ilə korlanan kəndin havası yağan qarla təmizlənir. Artıq hər yer ağappaq qardır. Bu, mənim ağdamlı olaraq Ağdamda gördüyüm ilk qardır. Çünki Ağdamda yaşadığım 5 yaşıma qədər qarın yağıb-yağmadığını, yağıbsa da, nə etdiyimi, necə oynadığımı xatırlamıram. Buna görə də, bu qar lap göydəndüşmə olur.

Diqqətimizi dağın ətəyində salınan nar bağı çəkir. Şelliyə gəlib onun narından yeməmək etdiyin tövbəni pozmaq qədər günahdır. Bir cığırla bağa doğru addımlayırıq. Əlimi atıb narı dərmək istəyəndə ağacın üzərindəki qar üzərimə səpələnir. Bu, mənim ruhumun təbii dezinfeksiyası idi. Narı şaxta vursa da, bumbuz dənələrini ləzzətlə yeyirəm. O don vurmuş nar indiyədək yediyim meyvələrin ən kralı idi. Bunu təkcə narın başındakı taca görə demirəm ha...

Şellidən çıxıb Abdal-Gülablıya istiqamət alırıq. Gülablıya gedən asfalt yol nisbətən daha yaxşıdır, ermənilər buradan mütəmadi olaraq gediş-gəliş üçün istifadə ediblər. Abdal-Gülablı mənə görə Ağdamın mini Şuşasıdır - mədəniyyət ocağıdır. Bura mərhum Səxavət Məmmədovun, onun qardaşı Firuz Səxavətin, Ceyhun Mirzəyevin, xalq artisti Rəmişin, Qurban Pirimovun doğma eli, Sara Qədimovanın ata yurdu, tanınmış şair Qulu Ağsəsin isə 24 yaşında tərk etməyə məcbur qaldığı kənddir.

Gülablıya çatanda Abdala da qalxmaq istəyirik. Səxavət Məmmədovun qəbrini ziyarət edib onun telefona yazdığım mahnılarını məzarı başında səsləndirəcəkdim. Elə bilirdim ki, həmin an Səxavət, müharibə illərində baş daşı belə qoyulmağa fürsət tapılmayan məzarından qalxıb o şirin səsiylə oxuyacaq:

Ağdam, Qarabağın toy otağısan,
Bülbüllər səyrişən gül yatağısan,
Həmişə baharın gülşən bağısan,
Nə gözəl yaraşır ad sənə, Ağdam!
Baxdıqca oluram şad sənə, Ağdam!

Amma təəssüf ki, Gülablıya qalxa bilmirik. Qar yağdığından minik avtomobili ilə yuxarı doğru hərəkət etmək imkansız olub. Ərazidə xidmət edən hərbçilərlə birgə maşını itələsək də, cəhdlərin uğursuz olduğunu anlayırıq. Və geriyə dönüb bu dəfə marşrutun son dayanacağına, mənim isə həyatımın başladığı yerə gedirik - Papravəndə!

Qısa arayış olaraq bildirim ki, Papravənd Ağdərə yolunun üzərində yerləşir, sonuncu kənddir. Hələ birinci Qarabağ müharibəsi illərində bu kənddə ağır döyüşlər olub. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının da ilk döyüşü məhz Papravənddə baş verib. Elə Vətən müharibəsində də düşmənin qondarma "Nor Karmiravan" adını verdiyi Papravənddə böyük qüvvəsi yerləşdirilib. Papravənd birinci Qarabağ müharibəsində 15, Vətən müharibəsində isə 2 şəhid verib. Birinci Qarabağ müharibəsində şəhid olan papravəndli Faiq Alış oğlu Ağayev Azərbaycanın Milli Qəhrəmanıdır.

İşğala qədər kəndin iki mindən artıq sakini olub. Kənd camaatının əsas məşğuliyyəti heyvandarlıq, taxılçılıq və üzümçülük idi. 

Bir sözlə, yeni doğulan uşaq üçün ana südü, şəhidin cibindən çıxan körpəsinin şəkli nədirsə, mənim üçün də Papravənd odur! Dünən yediyim yadımdan çıxar, amma 5 yaşında məcburi tərk etdiyimiz evimiz əsla yadımdan çıxmaz. Ən dəyərli əsərlərin saxlanıldığı muzey necə qorunursa, mən də o xatirələrin mühafizəsini elə təşkil etmişəm.

Sadəcə, atamdan evimizin hansı istiqamətində yerləşdiyini soruşmuşdum, qalanı mənlik idi. O da demişdi ki, Papravəndin körpüsündən keçən kimi, sağa dönən küçə... Dedim, vəssalam!

Papravəndin girişində maşından düşüb dərin bir nəfəs alıram. Bu, mənim dünyaya ikinci gəlişim idi. Sanki komadan ayılıb süni tənəffüs aparatını bir kənara atmış kimi... Həyəcanla körpüyə tərəf addımlayıram. Qarşıma çıxan əsgərimizdən bizim küçənin minalardan təmizlənib-təmizlənmədiyini soruşuram. O da "narahat olmayın, gedin" deyir. Bu cavabı mənə verən Füzulidən olan əsgəri qucaqlayıb bağrıma basıram. Körpüdən sağa dönüb evimizə tərəf addımlayıram.

Bir-bir kənardakı evlərə baxıb öz-özümə danışıram: Yox, bu ev deyil... Bu ev də deyil. Yox, bizim ev belə deyildi. Bu da deyil, bu da, bu da, bu da... Bunları deyə-deyə təxminən 500 metr gəlib düz evimizi qarşısında dayanıram.

Kimsəsiz uşaqlar evinə yerləşdirilən uşağın qapıya həsrətlə baxdığı kimi donub qalıram. Bir anlıq gözümün önünə yaşamadığım uşaqlıq canlanır. Məcburi köçkün həyatı, çadır şəhərciyi... Hamısı bir-bir gözümün önündən qısametrajlı film kimi gəlib keçir.

Düz tapmışam, bura bizim evdir. Tut ağacından yelləncəyimin asılı qaldığı ev... Həyətinə "Qrad" mərmisinin düşdüyü ev...

Darvazadan içəri keçən kimi sağda evimiz idi, solda isə tövləmiz. Aşağısında isə meyvə ağaclarının olduğu bağımız var idi, ondan aşağıda da çay axırdı...

İndi nə o bağdan, nə də evdən əsər-əlamət qalıb. Düşmən digər evlər kimi bizimkini də elə günə salıb ki, bir dənə anamın cehiz gətirdiyi xalçanı asdığı divar yarıuçuq qalıb...

Əslində təəccüblənmirəm də. Bayquş nə bilir axı çəmən nədir, çəmənlik nədir? Mən bülbüləm gül mənimdir, gül mənim!

Təhlükəsizlik səbəbiylə həyətimizə daxil ola bilmirəm. Bu mənim üçün nə qədər ağır, dəhşətli olsa da, məsuliyyətimin fərqindəyəm. Hər halda bu bir reallıqdır ki, bir vaxtlar internetdən baxdığım yerlərə indi hələlik internetin olmadığı yerdən baxıram. Öz ayaqlarımın üzərində, düz küçəmizdə! Bu günə min şükür!

Deyirlər insan öləndə o biri dünyaya gedir. Mən ölmədən gedib o biri dünyamı görüb qayıtdım. Gələndə atama Şahbulaqdan su, anama ad günü hədiyyəsi olaraq Şellidən nar, onun ad günündə, Ağdamı görmədən vəfat edən dayımın məzarı üçün isə torpaq gətirdim. 

Bakıya çatdım, gecə idi. Qapını anam açdı. Ayrı vaxtı "ayaqqabını çöldə soyun, çölün palçığını evə gətirmə!" deyən anam, bu dəfə Ağdamın palçığına bulaşmış ayaqqabı ilə qapıdan girməyimə heç nə demədi... 







ŞƏRH YAZ
Ad

E-mail

Şərh