Reklam

Ölkəyə deyil, özgəyə xidmət edənlər

Yazarlar 29 Oktyabr 2019 15:14 Oxunub 1853
Ölkəyə deyil, özgəyə xidmət edənlər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məğlubiyyəti etiraf etmək cinsindən asılı olmayaraq kişilik tələb edir

Deyirlər ki, mitinq keçirmək millətin haqqıdır. Millətin haqqıdır və bundan sizə nə? Sərbəst toplaşmaq azadlığlmızı kimsə bizim əlimizdən almır, ona qadağa qoymur. Ancaq adını “müxalifət” qoyan “qüvvələr” bir zamanlar “narıncı”lardan, sonra isə “bahar”lardan götürdükləri nümunələri bir neçə gün bundan öncə Azərbaycanda tətbiq etmək istədilər. Alınmadı və alınmayacaq da. 
Bütün bu olanlar həm də ona görə baş verdi ki, cənab Prezidentin Valdayda Paşinyana cavabından, Aşqabadda 30 ilə yaxın bir dövr ərzində dünyanın görməzlikdən gəldiyi, erməniyə daydaylıq edib, qorxma-qorxma deyən supergücün qarşısında həqiqəti bir daha xalqına güvənib dediyi fikirlərdən qorxuya düşdülər. Kimlər? Bunu 19 oktyabrda hamı gördü...
Öz sözünü dananları millət heç zaman süfrəsinin başına gətirməz. Düzdür, Azərbaycan adlı “süfrə”nin başına onlar bir dəfə oturdular və aqibətimizi indi videolardan, sənədli filmlərdən izləyəndə tüklərimiz biz-biz olur. Bu insanlar siyasət, idarəçilik, Liderlik üçün yox, sərhədlərimizin o üzündən  gələn  tapşırıqları yönləndirmək üçün doğulublar, daha doğrusu, ixtisaslaşıblar.
Açıqdan-açığa ölkəmizi tənqid edən, xaosa sürükləyən qüvvələrlə şəxsi münasibətlər qurmağın, ona guya Azərbaycanda baş verən “haqsızlıqları” "acıyaraq" danışıb kömək istəməyin bir adı var: Xəyanət! Xəyanət-doğulduğun torpağa, enməzliyə qalxan olan bayrağına, keçmişinə və gələcəyinə. Məlum gücün adamından kömək istəyən, sözsüz ki, onun tapşırıqlarını canla-başla da yerinə yetirər. Tapşırığın hədəfi isə müstəqilliyimizi əldə etdiyimiz illərdən bəri dəyişməyib: Azərbaycanı asılı salmaq, xalqının iradəsini qırmaq, onu Ermənistan kimi əl quzusuna döndərmək.
Bu gün Azərbaycanı 90-cı illərə qaytarmaq, bizi yenə də torpaq itkiləri ilə üzbəüz qoymaq, min bir can bahasına qazandığımız müstəqilliyimizi kölə həyatına dəyişməyə kodlaşdırılmış "xalq fədailəri" dünyanı nizamlı şahmat gedişi  ilə mat qoyan Liderimizin siyasəti qarşısında məğlub duruma düşdüklərini sinirə bilmirlər. 
Ötən illər ərzində min bir basqılarla, siyasi oyunlarla hədələnsək də Azərbayan öz quru və hava sərhədlərini qoruyub kimsənin poliqonuna çevrilmədi, əksinə, müstəqil bir dövlət necə olar modelini daha nümayişkarcasına sərgilədi. Diplomatik uğurlarımızın davamı üç il bundan öncəki apreldə daha möhtəşəm oldu və burnu əzilən düşmən duruş gətirə bilməyəcəyini görüb okeanı keçməyə cürət etməsə də Moskvaya üz tutdu. O zaman xalqın “halına acıyan”, onun vəkili kimi sosial şəbəkələrdə boğaz cıranların səsi nədənsə batdı. Müşahidə etmişəm, özünü guya fövqəl bir güc kimi meydana atmaq istəyən müxalifət təəssüflər olsun ki, ölkəmiz tarixi bir diplomatik uğura imza atanda sevinmirlər. Məlumdur, onları idarə edən güclər həmin an matəm libasını geyinirlər və beşinci kolon da bu “kədəri” onlarla bölüşür.
Bu illərdir ki, beləcə da davam edir və “Yel qayadan heç nə aparmır”. Və ya karvanlar hələ də öz yoluyal keçir…
Yenə də dünyanın gözü Azərbaycana yönəldi bu günlərdə. Daha bir siyasi uğura imza atdıq. Qoşulmama hərəkatına üzv dövlətlər, hansılar ki, onların çoxu terrordan, siyasi çaxnaşmalardan  əziyyət çəkirlər, ölkəmizə gəldilər və qısa bir zaman kəsiyində qazandığımız iqtisadi və siyasi uğurların şahidi oldular.
Yenə də dost qazandıq. Dostu dürüstlüklə, ona həqiqəti deməklə və göstərməklə necə qazanmağın formulunu möhtərəm prezidentimiz bir daha dağıdıcı müxalifətə göstərdi. Xaricdə oturub doğulduğu Vətəni söyənlərə  isə göstərdi ki, xalqın dərdini bilmək üçün gərək onun içində və ondan biri olasan.
Hər an hədəfdəyik. Çünki inkişaf edirik, Turana gedən yolun xəritəsi Bakımızda cızılır. Müsəlman dünyasını da bir  araya gətirəcək güc kimi kimlərəsə qorxu yaşadırıq. Buna görə də bizimlə hesablamağa məcburdurlar. Ölkəmizdə insan hüquqları və azadlıqları pozulur, azlıqlara ögey münasibət var deyənləri  Xəlil Rza Uluturkun bu misraları ilə susdururuq: 

Ana torpağımda hər bir elata,  
Ləzgiyə, lahıca, udinə, tata, 
Yer boyda, göy boyda məhəbbətim var...

Biz birgəyaşayışın sülh, əmin-amanlıq şəraitində yaşamağın, tolerantlığın necə olduğunu dünyaya öyrədən xalqıq və bundan qürur duyuruq.
Ön cəbhədə əsgərimiz, arxa cəbhədə polisimiz sapı özgədən olanları çox narahat edir. Onlar güclü xalqın güclü ordusunu və asayişin keşiyində sayıq dayanan, insanların canını, malını qoruyan polisimizi nə yolla olursa-olsun zəiflətmək, bir sözlə, bu xalqdan qoparmaq istəyirlər.  Bu isə mümkün olmayacaq, çünki sərhədini Xalq özü qoruyur, itirilmiş torpaqlarını Xalq özü geri qaytaracaq.   Sabitliyini isə bu Xalq 1918-dən Polisinə etibar edib...
Məğlubiyyəti etiraf etmək cinsindən asılı olmayaraq Kişilik tələb edir və getdiyi yolun təməli ədalət olanlar isə hər zaman Qalib olur…

 

Hafiz Təmirov,

polis mayoru

ŞƏRH YAZ
Ad

E-mail

Şərh