Reklam

“Ölüm keçidlərində” yarımçıq qalan xilas cığırı - Ümid Allaha qalıb

Yazarlar 1 Avqust 2019 10:17 Oxunub 2188
“Ölüm keçidlərində” yarımçıq qalan xilas cığırı - Ümid Allaha qalıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tikinti dayanıb, insanlar özlərini "oda" atırlar

Paytaxtda bir çox ərazilərdə tikintisi yarıda saxlanılmış piyada keçidləri var. Bakı-Sumqayıt yolu yaxınlığında, Buzovna yolu yaxınlığında, "Şamaxinka" adlanan ərazidə tikintisi davam etdirilməyən piyada keçidləri piyadaların həyatını xilas etməməklə yanaşı, sürücülər üçün də təhlükə yaradır. Bəs bu keçidlər niyə yarım saxlanılır?

Avtosfer.az xəbər verir ki, sputnik bu məsələyə aydınlıq gətirməyə çalışıb.

Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, Bakıda bir çox ərazilərdə yarım qalmış piyada keçidləri var: "Bir müddət əvvəl Buzovnada Bilgəh yolu yaxınlığında ölümlə nəticələnən avtomobil qəzalarının daha çox baş verdiyi ərazidə keçid vardı. Bu yol sürətli yol olduğu üçün çox qəza baş verirdi. Sonra o keçid söküldü, yenisini tikdilər, o da yarımçıq qaldı. Bakı-Sumqayıt, Bakı-Quba yolunda da iki yarımçıq qalmış keçid var. Orada yüksək gərginlikli elektrik naqillərinin altında keçid tikməyə başlamışdılar. Bir qədər də ucaltsaydılar, keçid naqillərə dəyə bilərdi. Bu səbəbdən yarıda saxlanıldı. Keçidlərə yanaşma bu formadadır".

Ekspert əlavə edib ki, keçidlər araşdırma aparılmadan harada oldu tikilir. "Mühəndislər baxmırmı ki, yuxarıda naqillər var? Hiss olunur ki, burada mütəxəssislərin deyil, təsadüfi adamların sözü keçir. Həqiqətən çox maraqlıdır, plan təsdiqlənibsə, maliyyə ayrılıbsa, keçid niyə yarımçıq qalıb? Bütün tikinti işlərinin başlanma və bitmə vaxtı olur. Ancaq görünən odur ki, müvafiq qurum bu işə laqeydliklə yanaşır" – deyə Muradlı əlavə edib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Şamaxinka" adlanan ərazidə yerüstü piyada keçidinin tikintisi saxlanılmayıb, davam edir: "Sadəcə olaraq onun üst asma hissəsi zavod şəraitində hazırlanır. Bu səbəbdən ola bilər ki, müəyyən günlərdə orda işçilər görünməsin. Keçidin ilin sonuna kimi istifadəyə verilməsi planlaşdırılır".

A.Nəcəfli həmçinin qeyd edib ki, hazırda Buzovna yolunda, Qala-Pirallahı yolunda, Bakı-Ələt yolunda, Bakı-Şamaxı yolunun Hökməli dairəsi yaxınlığında və Heydər Əliyev prospektində yeraltı və yerüstü piyada keçidləri tikilir. Və hər birinin bu ilin sonuna kimi istifadəyə verilməsi planlaşdırılır. "Təbii ki, ehtiyac olan digər ərazilərdə də keçidlərin tikilməsi nəzərdə tutulub. Bu isə maliyyə vəsaitinə bağlı olan məsələ olduğu üçün vəsait bu və ya digər ərazilərdə keçidinin inşasına ayrıldıqca işlər aparılacaq" - deyə AAYDA-nın təmsilçisi əlavə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh