Ölümə tələsənlər: piyada keçidindən keçməyən piyadalar

Yazarlar 29 Mart 2022 22:12 Oxunub 2010
Ölümə tələsənlər:  piyada keçidindən keçməyən piyadalar
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son zamanlar avtomobil qəzalarında həlak olan piyadaların sayında artım müşahidə olunur. Təəssüfləndirici məqam ondan ibarətdir ki, çox vaxt qəzaya piyadaların özləri səbəb olurlar. Belə ki, əksəriyyət yaxınlıqda piyada keçidi olmasına baxmayaraq, yolu keçiddən keçmir. Nəticədə, qəzalar baş verir.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, nəinki Bakı şəhərində, respublika üzrə piyada vurmalarla bağlı vəziyyət heç də azalmağa doğru getmir: “Təbii ki, hadisələrin sayının artmağında hər iki tərəfin günahı var. Burada əsas diqqəti piyadalara yönəltmək istərdim, çünki özlərini təhlükəyə atan, yola diqqətsiz davranan elə piyadaların özləridir. Günün qaranlıq saatında necə gəldi yola çıxırlar, hərəkət edirlər, keçid olduğu halda istifadə etmirlər”. Onun sözlərinə görə, yollarda işıqlandırılmanın olmaması da bir problemdir: “Bunu da nəzərə almırlar, yaxınlaşan maşının qarşısına qəflətən çıxırlar. Dəfələrlə deyilsə də, avtobusdan endikdən sonra avtobusun qarşısından yola çıxırlar, işıqforun qırmızı işığı yandıqda dayanmırlar. Xüsusən də gənclər, yaşlı insanlar ümumiyyətlə, işıqfora baxmırlar”. Ekspert qeyd edib ki, yaşlı insanlar gənclərə nümunə olmalı, onlara irad bildirməlidir ki, keçiddən istifadə etsinlər, işıqforu gözləsinlər: “Həmçinin gənclər də yaşlı insanlar belə hərəkətlərə yol verdikdə yumuşaq formada öz iradlarını bildirməlidirlər, siz bizə nümunə olmaq əvəzinə özünüz qaydaları pozmayın. Amma baxırsınız ki, elə hamısı bir-birinə qoşulur, yolda necə gəldi xaotik şəkildə hərəkət edirlər. Bu da son nəticədə gətirib ağır qəzalara səbəb olur”. E.Muradlı vurğulayıb ki, çox vaxt valideynlər diqqətsizlik edir, uşaqlarının əlindən tutmurlar: “Uşaqla gəzintiyə çıxan valideynin başı çox vaxt telefona qarışır, nəticədə uşaq nəzarətsiz qalır. Və yaxud yaxınlıqda keçid olmasına baxmayaraq, valideyn iki uşağın əlindən tutub qaça-qaça yolun ortasından keçir. Belə halda maşın vurur, uşaqlar da, valideyn də ölür. Bu cür hadisələr çoxalıb”. Müsahibimiz hesab edir ki, ilk növbədə bu istiqamətdəki təbliğat işlərini gücləndirmək lazımdır. Onun fikrincə, cəzalar da sərtləşdirilməlidir: “Çox təəssüflər olsun ki, nəzarət mexanizmi zəifləyib, piyadalara nəzarət aşağı səviyyədədir. Vaxtilə yol polis əməkdaşları aidiyyatı üzrə küçələrdə xidmət aparır, piyadalara cəzalar yazılırdı. Sonradan o əməkdaşlar seyrəldi, vətəndaşlar da bundan çox kobud şəkildə sui-istifadə edirlər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh