Plastik məmulatlara qarşı diqqətli olun: Xərçəng, infarkt və gen pozğunluğu riski var

Yazarlar 15 Yanvar 2019 21:55 Oxunub 1369
Plastik məmulatlara qarşı diqqətli olun: Xərçəng, infarkt və gen pozğunluğu riski var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Plastik əşyalardan istifadə sperma istehsalını və keyfiyyətini də zəiflədir

Məişətdə plastik qablardan, demək olar ki, hər gün istifadə olunur. Yeməklərin qablaşdırılması, saxlanılması, həmçinin birdəfəlik istifadə etmək üçün də plastik qablara üstünük veririk.

Mütəxəssislər isə bildirirlər ki, plastik qabların tərkibində neft, kömür və təbii qaz mövcuddur. Buna görə də təkcə plastik qablar deyil, plastik materialdan olan bütün əşyalar sağlamlıq üçün təhlükə mənbəyidir.

Avtosfer.az xəbər verir ki, sputnik-in əməkdaşı plastik qabların insan sağlamlığına zərərlərini araşdırıb. "Energetika və Ekologiya" İctimai Birliyinin sədri Vaqif Əliyevin sözlərinə görə, təbii resurslar kifayət etmədiyinə görə sintetik materiallar istehsal olunub. Hər bir sintetik materialın da keyfiyyət sertifikatı olmalıdır ki, onun fiziki, kimyəvi və digər xassələri, istifadə təyinatı orada göstərilir.

V.Əliyev qeyd edib ki, mötəbər firma və şirkətlərin istehsal etdikləri məmulatların keyfiyyət göstəriciləri həmin məmulatın ərzaq qablaşdırılması üçün yararlı olmasını təsdiqləyir: "Götürək polixlorvinilxlorid (PVX) məmulatları. Bu məmulatdan qapı-pəncərə çərçivəsindən, kabel örtüyündən başlamış, su boruları, ərzaq büküm materiallarına kimi ən müxtəlif məmulatlar hazırlanır".

"Polixlorvinilxlorid 80 C-də əriməyə başlayır və bu hərarətədək su, şirələr, bitki, kərə yağları, həmçinin digər ərzaq malları ilə heç bir reaksiyaya girmir. Deməli, soyuq halda bu materialı ərzaq üçün istifadə etmək olar. Lakin plastik qablarda maye və digər ərzaq mallarını günəş şüaları altında uzun müddət saxladıqda malın keyfiyyətinə mənfi təsir edər" - deyə o bildirib.

Ekspert diqqətə çatdırıb ki, PVX qablaşdırma və ya bükmə materialı kimi istifadə olunduqdan sonra, tullantı kimi düzgün idarə olunmadıqda ən təhlükəli zəhərə çevrilə bilir: "Çünki tərkibində xlor var. PVX 1200 C-dən aşağı hərarətdə yandırıldıqda dioksinlər yaranır. Dioksinlər isə ən güclü zəhərdir, bioloji çətin parçalanan davamlı ksenobiotiklərdir. Yəni canlı orqanizmlərin nüvəsinə asanlıqla nüfuz edərək oradakı hormonları, vitaminləri parçalamaqla yanaşı, oradakı zərərsiz birləşmələri çox zəhərli maddələrə çevirir".

Əliyevin sözlərinə görə, dioksinlər, həmçinin immun zəifliyi yaradan, kanserogen, terotegen və embriogen xassəyə malikdir: "İmmun zəifliyi yaratdığı üçün, insanlar ətraf mühitin ixtiyari stresslərinə çox həssas olurlar və xəstələndikdə sağalmaları uzun çəkir. Sübut olaraq deyə bilərəm ki, son zamanlar qrip xəstəliyi kəskin və uzun müddətli olur. Xəstəlik bitdikdən sonra da iş qabiliyyətinin bərpası uzun müddət çəkir. Güclü antibiotiklər belə, xəstəliyə təsir edə bilmir, çünki insan orqanizmində zəhərlənmə həddinə çatmasa da, immun zəifliyi yarada biləcək həddədək dioksin kumulyasiya olunub".

İB sədri onu da qeyd edib ki, dioksinlər kanserogen xassəsinə görə xərçəng, terotegen xassəsinə görə gen pozğunluğu törədir, qan xəstəlikləri artır: "Əslində xərçəng xəstəliyini də gen pozğunluğuna aid edirlər, xarici amillərin təsirindən gendə mutasion dəyişikliklər əmələ gəlir".

Mütəxəssislərin də fikrincə, irsi qan xəstəliklərinin yalnız 40-50%-i qan qohumluğu olan cütlüklərin eyni xəstəlik daşıyıcılarının olduğu halda baş verir, qalan hissəsi isə xarici təsirlərin payına düşür. Adıçəkilən amillərə disoksinləri də aid etmək olar. Embriogen təsirinə görə uşaqlar ana bətnində artıq xəstələnərək, şikəst doğulurlar. Dioksinlərin təhlükəsinin böyüklüyü onun bioloji çətin və gec parçalanmasındadır.

Əliyevin sözlərinə görə, dioksinlər insan orqanizmində 20-30 ilədək qala bilir: "Onların ilk parçalanması yalnız 10 ildən sonra başlayır. Dioksinlər tullantı kimi havaya qalxır, torpaqda miqrasiya edir, suda həll olaraq toplanır. Buna görə də dioksinlər ətraf mühitdə bütün aerob orqanizmləri məhv edir. İnsan orqanizminə isə qida, tənəffüs üzvləri və sensorlar vasitəsi ilə daxil olur".

"İstehlakçılar keyfiyyət sertifikatı olan qablaşdırılmış mallar almağa çalışmalıdırlar. Onları günəş şüalarından uzaq saxlamalı, saxlanılma müddətinə diqqət yetirməlidirlər. Bu qabları digər tullantılar ilə qatıb yandırmaq olmaz. Yaxşı olardı ki, çeşidlənərək təkrar istehsal müəssisələrinə təhvil verilərdi. Plastik qabları təkrar-təkrar ərzaq malları üçün istifadə məsləhət görülmür" - deyə müsahibimiz vurğulayıb.

Həkim-terapevt Məlahət Abbasovanın sözlərinə görə isə, plastik qablardan istifadə uşaqlarda böyümə və davranış problemlərinə yol aça bilər: "Plastik qablar ürək xəstəliklərinə, qaraciyərdə enzim pozulmasına, şəkər xəstəliyinə səbəb ola bilir. Həmçinin, infarkt riskini artırır".

Ekspert əlavə edib ki, plastik qablardan istifadə süd vəzisi xərçənginə də yol aça bilər: "Bilirsiniz ki, son zamanlar süd vəzisi xərçəngi faktları artır. Tərkibində plastik olan hər bir əşya insan sağlamlığı üçün təhlükəlidir. Buna görə də hamı çalışmalıdır ki, plastik qablardan az istifadə etsin".

Məlahət Abbasovanın sözlərinə görə, plastik əşyalardan istifadə sperma istehsalını və keyfiyyətini də zəiflədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh