Polis haqda “biabırçı video"nu kim və niyə yayır?

Yazarlar 5 Fevral 2019 11:41 Oxunub 1642
Polis haqda “biabırçı video"nu kim və niyə yayır?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Yol polisi xidmətə çıxarkən nəzərə almalıdır ki, bütün avtomobillərdə kamera var”

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Rüfət Quliyevin yol polisini videoya çəkən sürücülərə müraciəti ilə bağlı qızğın müzakirələr gedir. Yeri gəldi-gəlmədi təndiq edən, həmin açıqlamanı oxumadan asıb-kəsənlər çoxdur. Bir neçə ay əvvəl də belə bir məsələ ortaya atılmışdı və yenə də bəzi KİV-lərdə qoyulan yanlış başlıqlar və təqdimat sürücülər arasında çaşqınlıq yaratmışdı. Ancaq sürücülər bilməlidir ki, Baş Dövlət Yol Polis İdarəsinin məlum açıqlamasında sürücülərə yol polisini videoya çəkmək qadağan edilmir.

Avtosfer.az xəbər verir ki, bu sözləri Axar.az-a nəqliyyat eksperti Elməddin Muradlı Dövlət Yol Polisini vəzifə başında videoya çəkməyin qadağan edilməsi məsələsinə münasibət bildirərkən deyib.

Ekspert bildirib ki, bəzi sürücülər video-registrdən və yaxud da mobil telefondan istifadə edərək qayda pozduqları halda çəkiliş apararaq bundan yol polisinə təzyiq vasitəsi kimi istifadə edir: “Yol polisi də bəzən xidməti vəzifəsini düzgün yerinə yetirmədiyi üçün çəkilişdən qorxaraq cərimə yazmır. Sonradan isə sürücü həmin görüntüləri sosial şəbəkələrdə yayaraq yol polisini ələ salır, onları qanunları, qaydaları bilməməkdə ittiham edir və polisin nüfuzuna xələl gətirirlər. Baş Dövlət Yol Polisi İdarəsi də məhz bunu nəzərə alaraq sürücülərə tövsiyə edib ki, çəkiliş apararkən polisin fəaliyyətinə mane olmasınlar və bundan təzyiq vasitəsi kimi istifadə etməsinlər. Eyni zamanda, belə görüntüləri sosial şəbəkələrdə yayıb polisin nüfuzuna xələl gətirməsinlər.

Ümumiyyətlə isə çəkiliş aparmaqla polisə tabe olmamaq, sənədləri təqdim etməmək “Yol hərəkəti haqqında” qanunun tələbinin pozulması deməkdir. Sənəd təqdim etməməyin özü çəkiliş olmayanda da tabesizlik sayılır. Belə olan halda İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinin təsiri yaranır. Belə ki, nəqliyyat vasitəsinin sürücüsü polisin qanuni tələblərini yerinə yetirmədikdə, yəni “Yol hərəkəti haqqında” qanunda nəzərdə tutulan müvafiq sənədləri yol patrul xidməti əməkdaşı özünü təqdim etdikdən sonra ona təqdim etmədikdə bu hərəkət tabesizlik kimi anlaşılır və məsuliyyət yaradır. Söhbət ondan gedir ki, sürücü bu halda yol polisinə tabe olmamaq əməlinə görə məhkəmə qarşısına çıxarılır və onun barəsində yaxşı halda 200 manat cərimə tətbiq olunur, pis halda isə şəxsiyyəti nəzərə alınmaqla inzibati həbs tətbiq olunur”.

Ekspertin sözlərinə görə, heç kəs sürücünün çəkiliş aparmasını qadağan etmir: “Tam əminliklə deyirəm ki, belə bir qadağa yoxdur, qanunda da nəzərdə tutulmayıb, ümumiyyətlə, yol polisinin “çəkiliş olmaz” deməsi və yaxud çəkiliş aparılarkən sürücünün telefonunu əlindən alması, videoqeydiyyatçıya əl atması, qoparması, çəkilişi dayandırması tam qanunsuzdur. Bu, sürücünün sərbəst hüquqlarından biridir, heç bir qanun, konstitusiya, məcəllə bunu qadağan etmir. Yalnız polisin fəaliyyətinə mane olduqda belə bir məsuliyyət yarana bilər. Sürücülər nizam-intizama, qaydalara əməl etməli və çəkiliş də qaydalar çərçivəsində aparılmalıdır. Bəzən xırda məsələləri belə video-çəkiliş aparmaqla ictimailəşdirmək doğru məsələ deyil. Çünki bəzi sürücülər və yaxud sosial şəbəkə istifadəçiləri müəyyən qanunları, qaydaları bilirlər. Özləri düşdükləri vəziyyətdən çıxırlar. Lakin belə videoları yayarkən bəzi sürücülər bildi-bilmədi həmin videolara baxır, oradakı dialoqu əzbərləyir və özləri də müəyyən situasiyalarda bundan istifadə etməyə çalışdıqda çətin vəziyyətə düşürlər. Yəni bu, onların ziyanına işləyir. Ona görə də düşünürəm ki, bütün sürücülər öz hüquqların öyrəndikləri kimi, öz vəzifələrini də öyrənsələr və buna əməl etsələr, konflikt baş verməyəcək. Ən yaxşı davranış isə nizam-intizamdır. Bunu həm sürücülər, həm də yol polisi nümayiş etdirməlidir”.

Ekspert bildirib ki, bəzi yol polisi əməkdaşları bu cür video çəkilişlərdən qorxub çəkinirlər və çəkiliş aparıldığını görüb hətta qayda pozan sürücüyə belə güzəşt edirlər: “Bu, polisin nüfuzuna zərər gətirir. Düşünürəm ki, Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi bununla bağlı ciddi göstəriş verməli və yaxud da həmin əməkdaşlara müxtəlif təlimlər keçməlidir. Onlar sürücülərlə hər bir ünsiyyətə hazır olmalıdır. Hətta sürücü peşəkar videokamera çıxarıb çəkiliş aparsa belə yol polisi özünü itirməməli, qanun çərçivəsində öz vəzifələrini icra etməlidir. Hüquqlarından istifadə etməlidir və xəta törətmiş, qayda pozmuş sürücü barəsində inzibati protokol tərtib etməlidir.

Ümumiyyətlə, yol polisi xidmətə çıxarkən nəzərə almalıdır ki, bütün avtomobillərdə kamera var. Yəni, işini buna uyğun qurmalıdır. Əks halda biabırçı videolar yayılmaqda davam edəcək”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh