Reklam

Pullu yolda nasaz yük maşınları ölüm saçır – Köhnə yolla getmirlər

Yazarlar 7 Avqust 2019 02:27 Oxunub 2838
Pullu yolda nasaz yük maşınları ölüm saçır – Köhnə yolla getmirlər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kiminsə ölümünə səbəb olmadan hər kəs öz yolunu vaxtında va düzgün seçsin

Ələt-Astara yolunda salınan və “pullu yol” kimi tanınan magistral yol sürücülərin rahatlığı üçün olduqca əlverişlidir. Bu yol dünya standartlarına uyğun qurulub və müasir tələblərə cavab verir. Yolda sürət həddi saatda 120 km müəyyən edilib. Hazırda yoldan pulsuz istifadə edilir. Köhnə yol da paralel olaraq fəaliyyət göstərir. Amma oradan istifadə edənlərin sayı azdır. Yeni yol daha rahat olduğu üçün bütün sürücülər buradan istifadə edir. Onların arasında yük avtomobillərinin sürücüləri də var. Beynəlxalq yükdaşımalarda iştirak edən yük avtomobilləri istisna olmaqla yerli əhəmiyyətli yük maşınlarının əksəriyyəti bu yolda ciddi təhlükə yaradır.
Yeri gəlmişkən, ötən ay məhz həmin yolda “Mercedes Vito” markalı miniven “Kamaz”la toqquşdu və nəticədə 8 nəfər dünyasını dəyişdi. Hazırda texniki cəhətdən nasaz olan yük maşınları həmin yoldan istifadə etməkdədir ki, bu da təhlükə mənbəyidir.
Avtosfer.az-ın əməkdaşları bazar günü həmin yolda müşahidələr aparıblar. Xüsusən gecə saatlarında yolda şütüyən nasaz yük maşınları təhlükə saçır. Belə ki, işıq cıhazları işləməyən, ağır yüklə dolu olan nasaz avtomobillər yolboyu tez-tez dayanır və cəmi 2 zolaqdan ibarət olan magistral yolda digər nəqliyyat vasitələri üçün təhlükə yaradırlar. Yolun işıqlandırılması yoxdur, buna görə də, işıq cihazları işləməyən yük avtomobilləri qəza şəraiti yaradır. Əksər sürücü məhz nasaz yük maşınları ilə toqquşmamaq üçün uzaq vuran işıqlardan istifadə etmək zorunda qalırlar ki, bu da daha bir təhlükə deməkdir. Yolboyu apardığımız müşahidə nəticəsində cəmi 2 saat ərzində onlarla yük avtomobilinin magistral yolun sağ zolağında dayandığının şahidi olduq. Onların əksəriyyəti məhz texniki nasazlıq üzündən dayanmalı olurlar. Belə ki, təkəri boşalan, mühərriki sönən və ya mühərrikin qızdırması nəticəsində məcburi dayanan yük maşınlarının sürücüləri məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına əməl etmirlər. Hətta bir sürücü digərlərini xəbərdar etmək üçün gur yanan led fanarı yolun hərəkətinə hissəsinə qoyaraq sürücülərə təhlükə yaradırdı. Digər bir nöqtədə isə qarpız daşıyan 3 yük avtomobilinin dayandığının şahidi olduq. Məlum oldu ki, maşınlardan birinin mühərriki qızdırıb, digər 2 maşının sürücüsü köməyə gəlib. Qeyd etmək lazımdır ki, bu yolda maşınların dayanması üçün müəyyən nöqtələrdə şərait yaradılıb. Ancaq texniki cəhətdən nasaz olan, hərəkət zamanı məcburən yolda qalan yük maşınları harada gəldi dayanmalı olurlar. Sərt döngələrdə belə dayanmaqdan çəkinməyən yük avtomobilləri arasında ot daşıyan maşınlar da var. Onlar yükü normadan artıq və qaydaları pozmaqla danışımaqla yanaşı, həm də belə yüklə aşağı sürətlə hərəkət edirlər. Bir daha vurğulayırıq ki, yolda sürət həddi saatda 120 km-dır. Lakin 60-90 km saat sürətlə hərəkət edən yüzlərlə yük maşını bu yolda hər gün təhlükə yaradır. Baş Dövlət Yol Polisi İdarəsi də bu vəziyyətdən narahatdır. İdarədə hesab edirlər ki, beynəlxalq yükdaşıma ilə məşğul olan yük maşınları normalar çərçivəsində hərəkət edə bildiyi halda bəzi yerli sürücülər təhlükə yaradır. Onların qarşısını almaq üçün müəyyən addımlar atıldıqda isə həmin sürücülər bunu DYP-nin sürücülərə təzqiyi kimi qələmə verirlər. Yol polisi hesab edir ki, yükdaşıma ilə məşğul olan yerli sürücülər Ələt-Asta yolundan istifadə edərkən köhnə yola üstünlük versələr daha təhlükəsiz olar. Onlar istədikləri yerdə dayana bilər ki, bu zaman heç bir təhlükə yaranmaz. Amma DYP-nin həmin sürücülərə dəfələrlə etdiyi xəbərdarlığa məhəl qoyulmur. Avtosfer.az olaraq hesab edirik ki, həmin yolda texniki cəhətdən nasaz yük maşınlarının hərəkətini məhdudlaşdırmaq lazımdır. Bunun üçün yolda həmin yük maşınlarının hərəkətini qadağan edən nişanlar quraşdırılmalıdır. Nişanın tələbinə əməl etməyən sürücülər barəsində isə elektron qaydada cərimə tətbiq edilməlidir. Beynəlxalq yükdaşımada iştirak edən yük avtomobilləri isə həmin yolda xüsusi icazə ilə hərəkət edə bilərlər. Kimsə bunu sürücülərə təzyiq kimi qəbul etməsin. Qaydalara əməl etmək önəmlidir. Bunun üçün ilk növbədə nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlamaq lazımdır. Nasaz avtomobillərlə yüksək sürətli yola çıxıb aşağl sürətlə getmək, başqalarını təhlükəyə atmaq olmaz. Kimsə öz rahatlığı üşün başqalarının həyatına qəsd etməməlidir. Alternativ yol kimi köhnə yoldan istifadə etməklə magistral yolda təhlükə yaratmaqdan həs kəs öz işiylə məşğul ola bilərsə nədən öz rahatlıqları üçün başqalarına ölüm təhükəsi yaradırlar? Aydın məsələdir ki, 120 km/saat sürətlə hərəkət minik avtomobili öz rahatlığı üçün magistral yolda saatda 60-la gedən yük maşını ilə toqquşsa oradan kiminsə sağ çıxacağını təsəvvür etmək çətindir. Elə isə kiminsə ölümünə səbəb olmadan hər kəs öz yolunu vaxtında va düzgün seçsin.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh