Qanunsuz parklanma problemi: pullar hara gedir? - Vergidən də yayınırlar

Yazarlar 4 İyun 2019 14:07 Oxunub 3072
Qanunsuz parklanma problemi: pullar hara gedir? - Vergidən də yayınırlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Parkinqlərdə yığılan pulların kimə verildiyini, hara xərcləndiyini bilən yoxdur

"Harada maşını saxlasam kimsə yaxınlaşır və pul tələb edir. Maraqlısı isə budur ki, artıq mən daxil buna heç kəs etiraz etmir. Bəlkə də artıq bu bizim üçün adi hala çevrilib”. Bu sözləri Lent.az -a sürücü Namiq Zeynalov deyib. O bildirib ki, hətta bir neçə dəqiqəlik maşını haradasa saxlamalı olsa, ən azı 20 qəpik verməli olur: “Bəzən 20 qəpik verəndə hətta narazılıq edənlər də olur. Ancaq artıq öyrəşmişəm və kimsə yaxınlaşanda özümü pul verməyə məcbur kimi hiss edirəm. Həmin şəxslərin o pulları kimə verdiyini, hara xərclədiyini bilmirəm”.
Xanım sürücü Fatma Əliyeva isə bir neçə dəfə ondan maşını saxladığı üçün pul tələb edən şəxsdən çek istədiyini bildirib: “Elə olur ki, bir gün ərzində bir neçə yerdə maşını az müddətlik olsa da saxlayıram. Ancaq hamısında gəlirlər və ödəniş istənilir. Buna etiraz etmişəm, çek istəyəndə nasazlığın olunması bildirilib, amma ətrafda heç bir aparat belə olmayıb. Bir dəfə isə əsəbi olduğum üçün pul verməkdən imtina etmişəm, onda isə özünü nəzarətçi təqdim edən şəxsin qəzəbli baxışları ilə qarşılaşdım. Bəlkə də arxamca söyüb, ancaq qanunsuz olduğu üçün buna etiraz mütləq lazımdır”.
Digər sürücü Yusif Həsənov isə bir neçə dəfə ona çek yazıldığını deyib:
“Pul ödədikdən sonra baxmışam ki, çekin üzərində 0.00 yazılıb. Yəni, bu qanunla olmayıb. Düzü, əvvəllər bu barədə çox düşünürdüm, ancaq buna tədbir görülmədiyi üçün elə bildim ki, bu elə qanunladır. Çünki bu qədər açıq-aşkar olan qanunsuz biznesə necə çarə qılına bilinməz axı?".


Mövzu ilə əlaqədar Lent.az -ın suallarını cavablayan deputat Çingiz Qənizadə bildirib ki, parklanma ilə bağlı boşluqlar, özbaşınalıqlar illərdir ki, qalmaqdadır: “Bu işlə qanunsuz məşğul olanlar vergidən də yayınırlar. Onların pulları hara və kimə yığdıqları isə bilinmir".
Mövzu ilə əlaqədar ekspertlər əlavə edir ki, parklanma BNA-ya aid olduğu üçün, burada müəyyən sistem yaradıldıqdan sonra həmin şəxslərin vergiyə cəlb olunması məsələsi baş tuta və ya onların qanunsuz olaraq vəsait əldə etməklərinin qarşısını ala bilər.
Çox maraqlıdır ki, yeraltı keçiddə qanunsuz popkorn satan qızcığazın vergi verməməsinə adiyyatı orqanlar həmən münasibət bildirsələr də, uzun müddətdir ki, davam edən bu qanunsuz pul yığılma məsələsi öz həllini tapmamış qalıb.
Xatırladaq ki, qanunsuz parklanma dəfələrlə ictimai müzakirəyə çıxarılıb. Hətta ölkə prezidenti problemin həlli üçün müvafiq dövlət qurumlarına bir neçə dəfə göstərişlər verib.
Prezident İlham Əliyev 2014-cü ilin aprelin 13-də Nazirlər Kabinetinin clasında Bakının küçə və prospektlərindəki qanunsuz parklanma məsələsi ilə bağlı ciddi iradını bildirib. Bu iraddan sonra məsələ bir qədər düzəldi, şəhərdə parklama aparatları görünməyə başladı. Bir müddət məsələ öz həllini tapmış kimi görünsə də, yenə də problemlər qalır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh