
Qanunsuz taksilər və uçan BYD - Problemi necə həll edək?

Çoxları düşünür ki, bu qəza BYD modelinin reklamı idi. Diqqətlə baxsaq görürük ki, BYD Forda dəyib sürəti azaltmasaydı çox dəhşətli mənzərə yaranardı. Amma maşınn dözümlü olması maraqlı yanaşmadır. Ola bilsin, təzədir deyə belə oldu, bəlkə 5 ildən sonra eyni tip qəzada fərqli nəticə ortaya çıxa bilər.
Sürücü barədə yaxşı informasiyalat gəlmir. Narkotikdən tutmuş məhkumluğa qədər söhbət var. Başqasının adıyla qeydiyyatdan keçib işə çıxması da deyilir. Dələduzluğa görə məhkum olunub və hazırda ayağında elektron qolbaq var imiş.
Bolt-u qınamıram. Nəzarət qəlizdir. Sistemə baxırsan ki, qeyriyyatdan Samir keçib. Amma xəttə çıxan Anar Nəcəfov oıub. Vətəndaş necə bilsin ki, kim kimdir?
Qanuna görə, taksidə sürücü barədə məlumat lövhəsi olmalıdır. Hələ də yoxdur. Nəzarət edilsə qoyular və sərnişin də taksiyə minəndə görər ki, maşının markası, nömrəsi, sürücünün kimliyi sistemdəki ilə eynidir. Eyni deyilsə Bolt-a və ya AYNA-ya xəbər versin.
Çoxları qanunsuzluğu görsə də rəsmi şikayət etmir. Deyir, kiminsə çörəyinə bais olmayım. Bəs o kimsə dediyin sürücü kimlərinsə həyatına bais olanda necə olacaq? Adamlar rəsmi şikayət etmir, amma sosial şəbəkələrdə asıb-kəsirlər. Bu cür yanaşma anlaşılmazdır. Narazısansa rəsmi şikayət et. Ən doğrusu budur. AYNA da, Bolt da, digərləri də müştəriyə az qala yalvarır ki, neqativ hal görəndə bizə xəbər verin, bonus qazanın. İctimai fəallıq belə yerdə lazımdır. O cür sürücülər bilsə ki, şikayət olacaq, o zaman qanunsuz yollarla xəttə çıxıb taksi sürməz.
Ümumən, taksi sahəsi çox qəliz sahədir. Biləndə ki, qardaş Türkiyədə korsan taksilər dövlətə meydan oxuyur, yəni qanunsuz işləyən taksilərlə mübarizə aparmaq çətindir, o zaman Azərbaycanda bu problemin həllini uzaq perspektivdə görürəm.
Araşdırma hazırda Nizami rayon Polis İdarəsində aparılır. DİN-dən açıqlama gözləyirik.
Amma ki, yazıq Ford sürücüsü. İndi dost-tanışa deyir ki, qaqa, maşınımı taksi vurdu, özü də damdan.
- Qaqa, taksi sənin damında nə gəzirdi?
- Qaqa, bizdə taksi hər yerdə ola bilər. Sürücünün kimliyinə və kayfına baxır…
Elməddin Muradlı