Qarabağa aparan yeni yol - FOTO
2020-ci il 44 günlük müharibədən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və quruculuq işlərinə, yol çəkilişlərinə start verildi. Bu yollardan biri də işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yoludur. Yolun inşası sürətlə davam edir.
Mütəxəssislərin fikrincə, bu yol Azərbaycan üçün mühim strateji əhəmiyyət daşıyır. Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Əhmədbəyli-Füzulu-Şuşa yolu ölkə üçün ən əhəmiyyətli, strateji yollardan biridir. Bu yol Şuşaya olan “Zəfər” yolunun alternatividir.
Elməddin Muradlı
““Zəfər” yolu tez-tələsik çəkilmişdi, çünki Şuşa bizim tarixi abidəmizdir. Orada ali səviyyədə bir çox tədbirlər planlanmışdı və keçirildi. O tədbirlərin baş tutlması üçün yol vacib idi. Müharibə zamanı xüsusi təyinatlılar, ordu-qoşun birləşmələri həmin yolla hərəkət edib, Şuşanı işğaldan azad etdilər. Həmin yolda da təhlükəsizlik yüksək səviyyədədir, yaxşı -keyfiyyətli yol çəkilib. Amma hərbi halda bir az narahat idi.
Cənab Prezidentin tapşırığı ilə Şuşaya ikinci yol, ən gözəl, geniş zolaqlara malik yol Əhmədbəyli-Füzuli-Şuşa yolu olacaq",- deyən ekspert bildirib ki, bu yolun tikintisi Azərbaycan üçün çox önəmlidir, çünki yol çox vacib və strateji bir yoldur.
Yeni yol müəyyən hissələrdə Laçın dəhlizi ilə paraleldir. E.Muradlının sözlərinə görə, yol bir neçə nöqtədə tunellərə keçir, böyük körpülər atılıb. Asma körpülər vasitəsilə yol şəbəkəsi birləşdirilib.
“Çox maraqlı bir layihədir. Türkiyə şirkətləri və Azərbaycan mütəxəssisləri tərəfindən icra olunur. Eyni zamanda bu yol cənab Prezidentin şəxsi nəzarəti altındadır. Həmin bölgələrə səfər edəndə mütləq yolun tikinitisi ilə birbaşa özü maraqlanır, tapşırıqlar verir. Yolun tikintisi artıq başa çatmaq üzrədir”,- deyə o vurğulayıb.
Xatırladaq ki, Dövlət başçısının sərəncam və tapşırığına əsasən Şuşanın, ümumilikdə Qarabağın gələcək inkişaf perspektivləri nəzərə alınmaqla hazırlanan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu 101.5 km, yolun ümumi eni isə 37.7 m təşkil edir.
Yeni avtomobil yolunun əsas hissəsinin eni 21.5 olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bununla yanaşı layihədə hər istiqamət üzrə bir ehtiyat zolağı da nəzərədə tutulub. Ehtiyat yolları ilə birlikdə yol 6 zolaq təşkil edəcək.
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılacaq. Ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılıb.