Qələbə YOLU...

Yazarlar 6 Mart 2021 13:40 Oxunub 1630
Qələbə YOLU...
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dövlətimiz uzun illər boyu Azərbaycanımızı bütün dünyaya sivil, sülhməramlı və tolerant bir ölkə kimi tanıtdırmaq uğrunda mühüm işlər görmüşdür. İri miqyaslı idman və mədəniyyət tədbirlərin son illərdə məhz Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir. Bu arada ölkəmizin çox güclü turizm potensialını da qeyd etməliyik. Bu potensial Qarabağ zəfərindən sonra daha da güclənmişdir. Məlum məsələdir ki, Azərbaycan işğaldan azad olunmuş əraziləri yüksək templə bərpa etmək gücündədir. Bu baxımdan həmin ərazilər tranzit baxımından da çox əhəmiyyətli ola bilər. Buna nail olmaq üçün mühüm addımlar atılır. Ərazidə aeroport, avtomobil və dəmir yolları salınır. Bu isə, şübhəsiz ki, həm turistlərin, həm də xaricdə yaşayan azərbaycanlıların bölgəyə birbaşa gəlməsinə şərait yaradacaqdır. Bundan savayı bölgədə çox böyük iqtisadi layihələrin inşası planlaşdırılıb. Hesab edirəm ki, yenidənqurma işlərində bütün tərəfdaşlarımızın iştirakı təmin olunmalıdır, təbii ki, ölkəmizə çətin günlərimizdə dəstək olan ölkələrin şirkətləri başda olmaqla. Həyata keçirilən strateji layihələr hesabına Azərbaycan yaxın gələcəkdə dilbər guşəmiz olan Qarabağı və ətraf əraziləri regionun ən mühüm bölgələrindən birinə çevirəcəkdir.  Bu da öz növbəsində  geosiyasi baxımdan Azərbaycanın siyasi və iqtisadi gücünü dünya miqyasında artıracaqdır. Unutmayaq ki, bütün bunlar investisiya yatırımlarına da zəncirvari bağlıdır. Belə ki, ilk növbədə, Böyük Qələbə Azərbaycanın nüfuzunu dünyada xeyli artırdı, ikinci bir tərəfdən Ölkə rəhbərinin yürütdüyü məqsədyönlü və səmərəli siyasət bütün dünyaya hərbi əməliyyatların yenidən başlamayacağını açıq şəkildə bəyan edir. Üçüncü tərəfdən isə Azərbaycanın heç bir ölkənin torpaqlarında gözü olmadığını və heç bir ölkə ilə, hətta Ermənistanla belə, aqressiv siyasət aparmadığını hər kəs açıq aşkar görür. Bu isə sabitlik deməkdir, sabitlik isə, öz növbəsində, sərmayə və investisiyalar üçün münbit şərait yaradır. Bölgənin inkişaf etdirilməsində xarici investisiya ilə yanaşı Azərbaycanın öz daxili imkanlarından geniş şəkildə istifadə olunacaq. Bunun üçün isə Dövlətimizin kifayət qədər geniş imkanları vardır. Bu iqtisadi güclənmə, əsasən Azərbaycanın neft və qeyri-neft sektorunun inkişafı sayəsində mümkün olmuşdur. Bizim bu gün qeyri neft sektorumuzun lokomotivi olan innovativ aqrar sektorumuz vardır. Hesab edirəm ki, kənd təsərrüfatının inkişafı üçün bölgədə böyük potensial mövcuddur.  Əminəm ki, Azərbaycan Böyük Qələbə yolunda uğurla addımlayacaqdır.  Xoşbəxtlikdən bizim bunun üçün bütün imkanlarımız var. Bunun üçün Azərbaycan xalqı öz Lideri ətrafında möhkəm birləşməli və misli görünməyən bir həmrəylik nümayiş etdirməlidir. Biz bunu yaxşı bacarırıq. 44 günlük Vətən müharibəsi həmrəyliyin və dəmir yumruğun nə olduğunu hamıya birmənalı şəkildə göstərdi!        

 

 Elşad Möhnətov.

Neftçala şəhər sakini, ziyalı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh