Məsuliyyətsiz sürücülər, yarımçıq qalan arzular, gözü yollarda olan ailələr...
2017-ci ilin martın 9-da saat 08:00 radələrində Bak-Sumqayıt yolunda "Ford" markalı mikroavtobus "ZİL" markalı yük avtomobilinə çırpılıb. Nəticədə mikroavtobusda olan 6 tələbə ölüb, 21 tələbə isə yaralanıb.
2018-ci ilin oktyabrın 1-i saat 14:30 radələrində Binə qəsəbəsində dəmir yolu keçidində yük qatarı ilə 160 nömrəli marşrut avtobusu toqquşub. Nəticədə 2 nəfər ölüb, 40 sərnişin isə xəsarət alıb. Yaralılardan daha biri sonradan dünyasını dəyişib.
Və bu gün səhər saatlarında aeroport yolunda yük maşını sərnişin avtobusuna çırpılıb və nəticədə ilkin məlumata görə 5 nəfər ölüb, 21 nəfər yaralanıb. Hadisəyə səbəb isə yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması olub.
Hər üç qəzanı təhlil edəndə dəfələrlə qeyd olunan məsələlər ortaya çıxır. Tələsmək, qanunsuz sərnişindaşıma, iş və istirahət rejiminin pozulması. Bu barədə istər yol polisi, istər digər qurumlar, istərsə də müstəqil ekspertlər dəfələrlə həyacan təbili çalıb və bu gün də davam etməkdədir. Amma nəticə yenə də qəza, ölüm, məhv olan insan həyatları...
Təəssüf ki, bu gün əksər sürücülər yollarda harasa tələsir. Amma statistik göstəricilər və təhlillər sübut edir ki, hansı sürətlə getməkdən asılı olmayaraq təyin olunmuş nöqtəyə ən yaxşı halda 5-10 dəqiqə tez çatmaq olar. Təbii ki, burada son zərurət halını da istisna edirik. Məsələn, insan həyatının xilas edilməsi. Amma burada da nəzərə almaq lazımdır ki, sürət həddinin aşılması və tələsmək xilas edəcəyiniz insanla yanaşı başqalarının da həyatını məhv edə bilər.
Son günlər Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Yol polisi ölkə ərazisində qanunsuz sərnişin daşıyan sürücülərə qarşı reydlər keçirir. Sosial şəbəkələrdə bəziləri buna etiraz edərək insanların “çörəkpulu” qazanmasına maneə törədilməsi kimi qiymətləndirirlər. Amma yuxarıda qeyd etdiyimiz ilk qəza hadisəsi və 6 tələbənin həyatının ən parlaq dövründə elə həyatdan məhrum olmasına səbəb bu cür qanunsuz sərnişin daşıyan şəxslərdir.
Nəhayət bu gün baş verən qəza hadisəsi. Səhər evindən çıxıb işə getmək istəyən şəxslər. Dayanacaqda sərnişin düşürüb-mindirən avtobus və qəfildən ona çırpılan yük maşını. Hələ qəza barədə rəsmi təhlillər olmasa da görüntülərdə yük maşınının sürücüsünün ot gətirdiyi bəlli olur. Çox ehtimal ki, axşamdan hansısa rayondan yola çıxıb və bütün gecəni də yol sürüb. Səhərə yaxın isə sükan arxasında yuxulayıb və nəticə...
5 insan həyatını itirib, 20-dən çox şəxs yaralanıb. Hər biri bir ailənin üzvüdür. Neçə ailə stress yaşayıb, gözüyaşlı qalıb. Təsəvvür edin ki, həmin maruşurtla müntəzəm olaraq hərəkət edən sərrnişinlərin yaxınları dostları bu xəbəri eşidib necə sarsılıblar. Hətta səhər işə gedən onlarla adam yolun kənarındakı qan içində olan cəsədləri görür və bütün günü stress yaşayır, bəlkə bunun nəticəsində hər hansı xəstəliyə də düçar olacaq...
Bir sürücünün səhlənkarlığı hansı miqyasda bir hadisəyə səbəb oldu.
Sual olunur. Axı niyə? Niyə biz tələsirik? Niyə 5 manat artıq qəzanmaq üçün özümüzün və digərlərinin həyatını təhlükəyə atırıq? Axı niyə gecəni rahat yatıb yola çıxmırıq? Niyə “əşşi heç nə olmaz” bizim həyat prinsipimiz olub? Niyə təhlükəsizlik kəmərini, texniki baxışı, qayda pozmamağı yol polisinə görə edirik? Axı niyə başa düşmürük ki, bu ilk növbədə bizim özümüzə ziyandır?
Suallar çoxdur. Cavabı isə təəssüf ki, birdir. Məsuliyyətsizlik!!!
Bu gün 5 nəfərin həyatını itirməsinə, onların ailələrin gözüyaşlı qalmasına, 20 nəfərin yaralanması, bəlkə bir ömür əlil qalmasına, onlarla insanın stress yaşamasına səbəb nə idi? O saman bu qədərmi vacib idi ki, yatmayıb yola çıxasan? Nəticə isə elə sürücünün özü də yumşaq desək bədbəxt oldu. Həbsxana, ailəsi çətinlikdə...
P.S. Əzizlər! Bu həyatı yaşamaq və yaşatmaq üçün səhlənkar, məsuliyyətsiz olmayaq. Düşünək və nəticə çıxaraq. Çünki həyatda heç kim vəzifəsindən, pulundan, sosial statusundan asılı olmayaraq heç nədən sığortalanmayıb.
Orxan Əli
Avtosfer.az saytının redaktoru