Sükan arxasında risk: Yaşlı sürücülərə fərqli vəsiqə verilməlidir

Yazarlar 24 İyun 2019 21:26 Oxunub 2091
Sükan arxasında risk: Yaşlı sürücülərə fərqli vəsiqə verilməlidir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaşlı sürücülərə fərqli sürücülük vəsiqəsinin verilməsi məsələsi hələ Azərbaycan üçün aktual deyil

Yaponiyada 75 yaşı tamam olan şəxslərə xüsusi sürücülük vəsiqəsi veriləcək. Avtosfer.az sputnik-ə istinadən xəbər verir ki, sənəd sadəcə müxtəlif elektron yardımçıları olan avtomobillərə şamil ediləcək. Məlumata görə, qərarın verilməsinə yaşlı sürücülər tərəfindən törədilən yol hadisələrinin artması səbəb olub. Çünki bəzən yaşlı sürücülər ya hadisələrə gec reaksiya verir, ya da əyləclə qazın yerini səhv salır. Əvvəlcə bu lisenziyaların ənənəvi vəsiqələrin əvəzinə verilməsi planlaşdırılır. Bununla yanaşı, hökumət avtomobil şirkətləri ilə ucuz avtomobillərdə elektron "köməkçilər" tətbiq edilməsi barədə məsləhətləşmələr aparmağı düşünür. Yaşlı sürücülər hazırda yüksək məbləğdə sığorta ödəmələri edir. Qanun qüvvəyə mindikdən sonra bu ödəmələr 10 faizə qədər azalacaq. Bu da insanları yeni sənədlərə keçməyə həvəsləndirəcək. Qeyd edək ki, 2018-ci ilin nəticələrinə görə, Yaponiyada yol qəzalarında 3,5 min insan ölüb. Yol qəzalarına daha çox 65 yaşından yuxarı sürücülər səbəb olub.

Azərbaycanda da bu sahədə vəziyyət ürəkaçan deyil. Bizdə də yaşlı sürücülərin qəza törətməsinə tez-tez rast gəlinir. Məsələn, bir müddət öncə sosial şəbəkələrdə yaşlı sürücünün avtomobili uşaqların üstünə sürərək, onları başqa bir maşına sıxdığı video yayılmışdı. Sosial şəbəkədə onun əyləclə qazın yerini səhv saldığını yazmışdılar.

Düzdür, DYP bunu avtomobildə olan nasazlıqla izah etdi. Amma bu da reallıqdır ki, yaşlı nəslin nümayəndələri olan sürücülərin sükan arxasında olması yol hərəkətində təhlükə yarada bilər. Yəni, bütün dünyada belə şəxsləri risk qrupuna aid edirlər.

Lakin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov belə düşünmür. O, bildirib ki, insan sağlamdırsa, yaşından asılı olmayaraq nəqliyyat vasitəsini idarəetmə qabiliyyətinə malik olur. Onun fikrincə, hər bir nəqliyyat vasitəsinin sürücüsü sükan arxasında olarkən qaydalara riayət edirsə, həm özünün, həm də başqalarının təhlükəsizliyini təmin etmiş olur. Yəni, yaşın burada böyük önəmi yoxdur.

"Yol hərəkəti haqqında qanunun tələbinə əsasən 60 yaşına qədər sürücülərə sürücülük vəsiqəsi 10 il müddətinə, 60 yaşından sonra 70 yaşına qədər olan müddətə, 70 yaşından sonra isə 2 ildən bir verilir. 70 yaşından sonra vəsiqələr həkim tibbi komissiyasının sağlamlıq haqqında rəyi ilə verilir. Bu qanun inkişaf etmiş ölkələrdə olan göstəricilərlə eynidir. Və bu gün yaşlı sürücülərlə bağlı "Yol Hərəkəti haqqında" qanunda yetərincə müsbət göstəricilər var" – Vaqif Əsədov bildirir.

O, əlavə edib ki, həkim tibbi komissiyası sağlamlıq imkanları olan sürücülərə rəy verir. Yəni sağlamlıq haqqında sənədi hər kəs ala bilməz. Bura rentgen, qan analizi və s. digər yoxlamalar daxildir.

Nəqliyyat eksperti Elməddin Muradlı də qeyd edib ki, sürücülük vəsiqəsinin verilməsi müvafiq qanunla tənzimlənir: "Ancaq bəzən görürsən ki, həqiqətən də yaşlı nəslin nümayəndəsi olan sürücü özünü sükan arxasında idarə edə bilmir. Hansısa bir xəstəliyi olur, yaxud gözü yaxşı görmür. Belə sürücülərin həkim tibb komissiyasından necə rəy aldığı naməlumdur".

Elməddin Muradlı təklif edir ki, sürücülərə sağlamlıq haqqında arayış mərkəzləşdirilmiş bir müəssisə tərəfindən verilməlidir. Yəni, vətəndaşın hər hansı bir xəstəliyi varsa, bunu 40-50 manat ödəməklə ört-basdır edə bilməməlidir: "Xüsusi bir mərkəz yaradılmalı və bütün sürücülər həmin mərkəzə müraciət edərək, müayinələrdən keçməli və sağlamlıq haqqında arayış almalıdır. Bundan sonra sükan arxasında olan sürücünün sağlam olduğuna əmin olmaq olar. Əgər sürücü yaşlı nəslin nümayəndəsidirsə, müayinədən keçməli və sağlam olduğu haqqında arayış verildikdən sonra o sükan arxasına keçməlidir".

Ekspert əlavə edib ki, yaşlı sürücülərə fərqli sürücülük vəsiqəsinin verilməsi məsələsi hələ Azərbaycan üçün aktual məsələ deyil.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh