Sürücü və sərnişinlər niyə aqressivdir? - Mütəxəssis rəyi

Yazarlar 19 İyul 2019 21:00 Oxunub 2138
Sürücü və sərnişinlər niyə aqressivdir? - Mütəxəssis rəyi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“İnsanlar başa düşməlidir ki, istər ayaq üstə duran, istər oturan sərnişinlər hamısı eynidir, haqqları eynidir, kimsə artıq ya əksik deyil”

Son zamanlar ictimai nəqliyyatda sərnişinlər arasında davaların, sürücülərin sükan arxasında siqaret çəkməsi, telefonla danışması kimi halların sayı çoxalıb. Sosial şəbəkələrdə yayılan görüntülər bunun göstəricisidir. Bu kimi hallar niyə baş verir, qarşısının alınması üçün hansı tədbirlər görülə bilər?

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirib ki, müəyyən qurumlar bu kimi halların baş verməməsi üçün tədbirlər görürlər: "Sosial şəbəkələrdə paylaşılan videolardan da bəlli olur ki, bəzi sürücülər sükan arxasında siqaret çəkirlər, telefonla danışırlar, bəzi hallarda sərnişinlərlə mübahisə edirlər. Bunlar təbii ki, xoşagələn hallar deyil. İstənilən halda ictimai nəqliyyatda sürücülərin davranışı məsələsi kifayət qədər aktualdır. İstər sərnişin daşıma xidmətini həyata keçirən şirkətlər, istər Bakı Nəqliyyat Agentliyi, xüsusilədə Bakıda bu məsələləri maksimum nəzarətdə saxlamağa çalışırlar və onlara daxil olan hər hansı bir siqnal varsa, müəyyən araşdırmaladan sonra sürücülərlə bağlı qərar verirlər. Bəzi hallar da olur ki, sürücülər cərimələnir, hətta xəttdən uzaqlaşdırılan, işdən çıxarılan sürücülər də olur. Burada cəza səviyyəsi onun törətdiyi inzibati xətanın dərəcəsinə uyğun olaraq müəyyən edilir".

Ekspert həmçinin vurğulayıb ki, mənfi hallar daha çox kamera olmayan, köhnə tipli avtobuslarda baş verir: "Bu gün vəziyyət o həddə gəlib çatıb ki, bir şirkətdən işdən çıxarılan sürücü səhəri gün başqa yerdə sürücü kimi çalışmağa başlayır. Bu şəraiti yaradan müəyyən mənada subyektiv səbəblərlə yanaşı, həm də obyektiv səbəblərdir. Bəlli məsələdir ki, Azərbaycanda avtobus sürücülərinin qıtlığı problemi var, artıq uzun müddətdir ki, davranışında nöqsanlara yol verən sürücülər olur. Bu hərəkətlər onların bir növ vərdişinə çevrilib. Mən düşünürəm ki, sərt nəzarət mexanizmi olmalıdır. Sürücülərin bu cür hərəkətləri cəzasız qalmamalıdır. İnzibati məsuliyyət mexanizmi işə salınmalıdır. Digər tərəfdən müsbət məsələlər də var. Məsələn, “BakuBus” MMC-yə məxsus olan avtobusların sürücülərində nöqsanlara az rast gəlirik. Salonun içində olan müşahidə kameraları bu kimi halları aşkar etməyə kömək edir. Lakin çox sayda avtobuslar var ki, salonlarında kameralar yoxdur. Bu vəziyyətdə də sürücülər daha çox nöqsana yol verirlər, sərnişinlər də, xoşagəlməz hallar da yaşanır. Fikir verin, onlar eyni sərnişinlərdir, “Bakubus”a minənlər də, digərləri də. Amma baxın “BakuBus”da olan sərnişinlərin davranışlarına. Sanki başqa bir şəhərdir. Bu onu göstərir ki, avtobusdakı mühit də sərnişinlərin davranışlarına təsir edir. Maarifləndirmə işləri aparılmalıdır, aidiyyatı strukturlar məsuliyyətlərini dərk etməlidir".

Bu barədə psixoloq İlahə Dəmirbəy deyib ki, insanlar adətən öz şəxsi həyatlarında olan problemlərdən yaranan aqressiya ilə yad insanlara yanaşırlar: “Sərnişinlərin ictimai nəqliyyatda sürücüyə və bir-birlərinə qarşı aqressiv davranmaları yenə də gəlir çıxır bir-birlərini şəxsiyyət kimi qəbul etməmələrinə, ünsiyyət problemlərinə. Aqressiya nədir? Bu söz yunan dilindəki “aqrede” sözündən götürülüb, hücum deməkdir. Aqressiyanın müxtəlif səbəbləri ola bilər. Məsələn, insan var ki, öz evlərində sözlərini keçirə bilmirlər, ağalıq edə bilmirlər. Belə deyim, həyatda uğurlu ola bilməyən, hər hansı mövqe tuta bilməyən şəxslər var və onlar sosial mühitlərdə daha aqressiv olurlar. Bu insanlar evdəki problemlərin, öz sosial problemlərinin qəzəbini sürətli sürən sürücüdən, ya da tıxacda ilişən sürücüdən çıxırlar. Bu insanlar özlərini şəxsiyyət kimi tapa bilməyən insanlardır ki, ictimai yerlərdə daha aqressiv olurlar. Yadınızdadırsa, bir olay olmuşdu, gənc qız metroya şortla minmişdi və o görüntülərdə yaşlı bir qadının necə aqressiv davrandığını gördük. Gəlin baxaq görək, o qadının evdə ailəsi ilə, nəvələri ilə münasibəti necədir? Onu şəxsiyyət kimi qəbul edirlərmi? Belə insanlar öz içlərində yığılıb qalan hissləri, düşüncələri ictimai nəqliyyatda ani bir qıcıqla – partlayışla başqalarına tökürlər.

Psixoloq bildirib ki, ictimai nəqliyyatda insanlar sürücü ilə və bir-birləri ilə mülayim danışmalıdırlar, heç kim digərindən nəyisə tələb edə bilməz: “Bəzən olur ki, insanlar dayanmaq üstündə, oturmaq üstündə bir-birləri ilə mübahisə edirlər. İnsanlar başa düşməlidir ki, istər ayaq üstə duran, istər oturan sərnişinlər hamısı eynidir, haqqları eynidir, kimsə artıq ya əksik deyil. Hamı harasa getmək üçün avtobusdan istifadə edir və burada kimsə özü üçün kimdənsə nəsə istəyə bilməz, hər kəsin öz hüquqları var. O əyləşibsə, sən əyləşməmisənsə, ona heç nə deyə bilməssən”.

 

(metbuat.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh