Sürücü və sərnişinlərə xidmət etmək üçün yaranan qurum indi ancaq cərimə yazmağa yarayır - FOTO

Yazarlar 14 Mart 2022 17:03 Oxunub 1546
Sürücü və sərnişinlərə xidmət etmək üçün yaranan qurum indi ancaq cərimə yazmağa yarayır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İntellektdən başqa hər şeyi olan Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi

Azərbaycan variantında həmişə belə olur. Bəlkə də başqa ölkələrdə də belə şeylər var. Amma bizdə dəhşətlisidir. Dövlət milyonlar xərclədi, Ziya Məmmədov nəqliyyat naziri olanda Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi yaratdı. Sonra məlum oldu ki, bu sistem başqa ölkələrdə artıq ikinci-üçüncü dərəcəli texnologiyalar əsəsında hazırlanıb. Çox qısa müddətdə sistem baş-ayaq oldu. Avtobus dayanacaqlarındaki monitorlar işləmədi, küçələrdə sürücülərə məlumat verən monitorlar qarışdı, tıxac olanda yolu boş göstərdi, boş olanda tıxac gördük, aləm bir-birinə dəydi.
Sonra NİİM Bakı Nəqliyyat Agentliyinə verildi. BNA da çox çalışdı ki, nəsə eləsin, amma alınmadı. Çünki Ziya Məmmədov sistemi elə günə salmışdı və Koreya şirkətinə necə atmışdısa Mərkəzi dirçəltmək mümkün olmadı.


BNA sadəcə yeni kameralar quraşdırdı, yaxşı görüntü əldə etdi və başladı kamera ilə sürücülərə dayanma-durma cəriməsi yazmağa. Hansı ki, qanunda bu hal nəzərdə tutulmayıb. Yəni, BNA dayanma-durmaya görə qanunsuz kamera cərimələri yazdı. Bu gün də yazır. Sual yaranır ki, qanunda bu hal varsa DYP niyə yazmır? Yoxdursa, onda BNA niyə yazır?
Yeri gəlmişkən, kamera ilə parkinq cəriməsi yazmaq qanuna hələ yaxın gələcəkdə salınacaq. Layihə Milli Məclisdə müzakirə olunur. Yəni, BNA indiyədək qanunsuz parklanmaya qarşı qanunsuz yolla mübarizə apardı və bu gün də bunu edir. Özü də çox sürətli şəkildə.
Qayıdaq Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə. Mərkəzdə görüləcək işlər çox idi. Məsələn, dayanacaqlardakı monitorları işə salmaq, sərnişinləri vaxtında məlumatlandırmaq. Vahid dispetçer xidməti yaratmaq. Amma bunları etmədilər. Küçələrdə quraşdırılan məlumat lövhələri sürücüləri yollardakı tıxac və sıxlıq olan küçələr barədə məlumatlandırmalı idi. Ancaq bu da olmadı və artıq həmin monitorlar işləmir. Niyə? Çünki o montirların BNA-ya heç bir xeyri yoxdur. Onlar ancaq vətəndaşa məlumat vermək funksiyasını yerinə yetirir, sürücülər hansısa məlumatı alır, sərnişin dayanacaqda monitora baxır, avtobusun gəlmə vaxtını bilir. Bunu BNA-ya nə xeyri var? Heç nə. Yəni, pul çıxmır. Amma kamera ilə qanunsuz cərimə yazmaq əladır və bunu dərhal işə salmaq BNA üçün faydalıdır.


Hazırda NİİM Daxili İşlər Nazirliyinə təhvil veriliir. Proses gedir. Baxaq görək polis nə edəcək? Ümid edirəm, Daxili İşlər Nazirliyinin Mərkəzi Kommunkiyasiya İdarəsi NİİM-i daha da inkişaf etdirəcək. DİN informasiya texnologiyaları sahəsində xeyli inkişaf edib. Onların geniş təcrübəsi NİİM-də tətbiq olunsa sürücü və sərnişinlər üçün çox faydalı olacaq. Yox əgər onlar da yalnız kameraya baxıb cərimə yazmağa üstünlük versə, o zaman bu qurumun adını dəyişib başqa bir şey qoymaq lazımdır. Məsələn, cərimə mərkəzi. Çünki hazırda burada intellektden daha çox cərimə mexanizmi işləyir. Hansı ki, İntellektual İdarəetmə Mərkəzi yarananda ümidlərimiz çox böyük idi və vəd verilmişdi ki, bu mərkəz geniş bazaya malik olmaqla gələcəkdə süni intellekt əsasında faydalı işlər görəcək. Məsələn, svetoforların idarə edilməsi, parklanma sistemi, nişanların vahid bazası, kəsişmə nöqtələrində süni intellekt əsasında hərəkət növbəliliyi, eləcə də reversiz yollara keçid və sair. Ancaq bunlar olmadı. Edə bilmədilər. Ən son variant kimi ancaq cərimə yazmaq üçün istifadə olunan NİİM inkişaf etməlidir, dirçəlməlidir. Gələcəkdə uçan maşınlardan istifadə ediləndə NİİM yararsız bir quruma çevriləcək. Sistem bu günə yox, gələcəyə hesablanmalıdır. Ümid edirəm ki, DİN bunu nəzərə alacaq.

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh