Reklam

Sürücülər bu halda bir-birinə niyə güzəşt etmir? - Maraqlı AÇIQLAMA

Yazarlar 6 Aprel 2022 15:29 Oxunub 1852
Sürücülər bu halda bir-birinə niyə güzəşt etmir? - Maraqlı AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Eyni yol şəraitində sürücülərimizin tez-tez düşdüyü (həm də yaratdığı) bir-birinə tam əks olan bu iki mənzərə hamıya tanışdır.

Birinci mənzərə belədir. Sürücü bitişik ərazidən və ya ikinci dərəcəli yoldan intensiv hərəkət olan küçəyə çıxmaq istəyir. O, qaydalara ideal riayət etsə, uzun müddət, bəzən saatlarla yola daxil olmaq üçün gözləməlidir. Ona görə də azacıq boşluğa oxşar bir imkan görən kimi tərpənmək istəyir. Lakin onun çıxdığı yoldakı bəzi sürücülər bunu görəndə sürəti bir az artırıb onun üstünə şığayırlar, onun yola çıxmasına heç cür imkan vermək istəmirlər. Sanki o, yola çıxarsa, yol əldən gedəcək.

Eyni şəraitdə bunun tam əksi olan vəziyyət isə belədir. Bu dəfə də sürücü bitişik ərazidən və ya ikinci dərəcəli yoldan küçəyə çıxmaq istəyir. O, yol vermək üçün müəyyən müddət gözləməyə ehtiyac olacağını bilir. Lakin özünü qaydalara riayət edirmiş kimi göstərir, çıxdığı yolun az qala ortasına qədər daxil olur, yolda hərəkət edənin yolunu aşkarca bloklayır və guya ki, yol verirmiş kimi dayanır. Üstünlüyü olan sürücülərin bəziləri, təbii ki, belə şəraitdə dayanmağa məcbur olub, onu buraxırlar (Bəzi sürücülər belə halda dayanmırlar, zolaq dəyişirlər və qonşu zolaqlarda hərəkət edənlərə real qəza şəraiti yaradırlar: bu ayrıca söhbətin mövzusudur).

Hər iki mənzərə təhlükəli olmaqla yanaşı, həm də yollarımızda qarşılıqlı münasibətlərin xoş olmamasına, etimadsızlıq mühitinə dəlalət edir. Özü də hər iki mənzərə bir-birindən doğur: Qarşılıqlı güzəşt və hörmət görməyən sürücülər bir-birinə münasibətdə daha aqressiv olurlar.

Belə xırda görünən məsələlər isə yollarımızda ciddi gərginlik doğurur, nəticədə nizam-intizam pozulur, xaos yaranır. Yollarımızda pozitiv düşüncəli ola bilsək, bir-birimizə empatiya bəsləyə bilsək, bir az alicənab olsaq, xeyli problemlərimiz azalar, qəzalar daha az baş verər, müəyyən yerlərdə tixac yaranmaz və s. Özü də bu, elə bir çətin iş deyil, nəyisə qurban verməyi tələb etmir. Məsələn, birinci mənzərədə təsvir etdiyim çətin duruma düşən sürücünün yola daxil olması cəmi 2-3 saniyə vaxt istəyir. Ona hörmət edib sürəti bir balaca azladan sürücü əslində bu 2-3 saniyəni itirmir, çünki qabaqda növbəti svteoforda, piyada keçidində və s. belə yerdə həmin saniyələrin 5-10 qatını sərf etməli oluruq. Amma bunu edən sürücü təşəkkür alır, hörmət qazanır, gözəl nümunə sərgiləyir. Sadəcə doğru istiqamətdə düşünmək, alicənablığa, pozitiv yanaşmalara meylli olmaq lazımdır.

Bəsit bir həqiqəti unutmamalıyıq: Kiməsə yol vermək yolu ona verib özünü yolsuz qoymaq deyil. Yadda saxlamalıyıq ki, hamının olan yol, əslində heç kimin deyil. Sadəcə, hər kəs qısa zaman ərzində həmin yolda qaydalara uyğun hərəkət etməlidir, vəssalam.

Sizcə, yuxarıda təsvir etdiyim xoş olmayan mənzərələrin yaranmaması üçün nə etməliyik?

 

Ərşad Hüseynov,

Hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh