Sürücülər yanacaqdoldurma məntəqələrini ifşa etdi – Yanacağa qaz vururlar - VİDEO
DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının ərazisində - Qaradağ postunda "Təmiz hava" aylığı çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbir zamanı 20-ə yaxın nəqliyyat vasitəsi saxlanılıb və onların ixrac etdiyi zəhərli qazın miqdarı ölçülüb. Əksər nəqliyyat vasitələrində zərərli qazların miqdarı normadan iki dəfə artıq olub. Həmin sürücülər barəsində inzibati qaydada protokol tərtib olunub. Bir neçə avtomobildə isə göstəricilər qənaətbəxş hesab edilib. Bəziləri normalara uyğun olub. Normadan bir az artıq zəhərli qaz ixrac edən avtomobillərin sürücülərinə isə xəbərdarlıq olunub ki, problemi dərhal aradan qaldırsınlar. Maşınların ixrac etdiyi zəhərli qazların miqdarının artıq olmasının ətraf mühitə və onların özlərinə vurduğu ziyan sürücülərə izah olunub. Eyni zamanda, qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri sürücülərin diqqətinə çatdırılıb. Qeyd olunub ki, hər bir sürücü idarə etdiyi avtomobili saz vəziyyətdə saxlamağa borcludur. Bu, sürücünün həm maddi, həm də mənəvi borcudur. Hər kəs ekologiyanı, ətraf mühiti qorumalıdır. Ona görə ki, zəhərli qazlar təkcə onlara deyil, öz yaxınlarına, ətrafdakı insanlara da ciddi zərər vurur.
Qeyd edək ki, bəzi sürücülər tədbir zamanı avtomobilin ixrac etdiyi zəhərli qazların çox olmasını yanacağın keyfiyyəti ilə əlaqələndiriblər. Bildiriblər ki, respublikada fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində yanacağa müxtəlif kimyəvi maddələr qatılır, yanacaq kəsilir, bu da mühərrikə ciddi ziyan vurur. Həm sərfiyyat artır, həm də mühərrik sisteminə ciddi təsir göstərir ki, nəticədə sürücülərə ciddi ziyan dəyir: "Maşın benzinlə işləyir, amma mühərrik işləyəndə ətrafa qaz iyi yayılır. Hətta maşına oturan qadınlar və uşaqlar da dərhal sual verirlər ki, maşın qazla işləyir?".
Sürücülər bildiriblər ki, aidiyyəti dövlət qurumları buna nəzarət etsələr belə problemlər ortaya çıxmaz.
Xatırladaq ki, yol polisi digər postlarda da bu cür maarifləndirmə tədbirləri həyata keçirəcək.
Elməddin