Sürücüləri aldadan, ciblərinə girən SIĞORTA ŞİRKƏTLƏRİ - ARAŞDIRMA

Yazarlar 4 Fevral 2019 14:45 Oxunub 1837
Sürücüləri aldadan, ciblərinə girən SIĞORTA ŞİRKƏTLƏRİ - ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İcbari sığorta etdirən şəxsin həm cibindən oğurluq edirlər, həm də əsəblərini korlayırlar

Müxtəlif üsullarla pul qazanmaq istəyi əksər sahələrə təzahür etdiyi kimi, sığorta şirkətlərindən də yan keçmir.  Bu ölkədə avtomobili olan hər kəs bilir ki, sürdüyü maşının illik məcburi sığortası da var. Şəxs ildə bir dəfə istədiyi sığorta şirkəti ilə müqavilə bağlayaraq, avtomobilini sığortalaya bilər. Sığorta müqaviləsinin vaxtının bitməyinə 3 gün qalmış isə İSB-dan hər bir sürücünün telefonuna xəbərdarlıq mesajı gəlir və sürücü artıq bununla bağlı bir ölçü götürür. Bəli uzun illərdir ki, bu xidmət elektron şəkildə həyata keçirilir. Lakin qaydaya əhəmiyyət verməyən sığorta şirkətləri  bu variantla əlavə qazanc əldə edirlər.  

Belə ki, sığortalı ilə sığortaçının arasında bağlanan rəsmi müqavilənin etibarlılığı bitməmiş nümayəndəliklər müxtəlif şirkətlərə məxsus bazanı əldə edərək, sürücülərə zəng etməyə başlayırlar. Düşünsək ki, ölkədə avtomobillərin icbarı sığortasını həyata keçirən 30-dan çox sığorta şirkəti və hər şirkətin də müxtəlif sayda nümayəndəliyi var, onda sürücülərin vəziyyətini siz düşünün. Sığortalının müqaviləsinin bitməyinə ən azı 1,2 ay qalmış  nümayəndəliklər sürücülərə ard-arda zəng edərək, onları müxtəlif bəhanələrlə əməkdaşlığa cəlb edirlər. Ən pis halda isə sığorta müqaviləsinin etibarsız olması, hətta cərimə yazılacağı ilə bağlı da yalan infarmasiya ötürürlər. Bununla da avtomobilini məcburi yəni, icbari sığorta etdirən şəxsin həm cibindən oğurluq edirlər, həm də əsəblərini korlayırlar.

Sürücülər arasında keçirdiyimiz sorğu nəticəsində bəlli oldu ki, bəhs etdiyimiz məsələ onlara əməlli-başlı dərd olub. Şikayətçilər bildirir ki, onlara daha çox qadın sığortaçılar zəng edir. Xanım əməkdaşlar müqavilənin şərtlərini izah etməkdən əlavə necə deyərlər səsləri və şirin danışıqları ilə də avtomobil sahiblərini təsirə salırlar. Bu zaman da əksər sürücülər tilsimlənərək həm pullarından olurlar, həm də qüvvədə olan müqavilələrindən. Təbii ki, bu kimi hallarda bəzi sürücülərin də səhvə yol verdiyi danılmazdır.

“Sürücülərin sığorta müddətinin bitməsi barədə əvvəlcədən məlumatlandırılması normaldır. Ancaq bu sivil qaydada, avtomobil sahiblərini bezdirmədən və narahat etmədən həyata keçirilməlidir”.

Bu fikirləri İqtisadiyyat.Az saytına Yol nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov bildirib.

Onun sözlərinə görə, sığorta büroları sürücüləri müqavilənin bitməyinə 1 həftə və ya 2-3 gün qalmış məlumatlandırmalıdırlar.

“Amma ayrı-ayrı agentliklər var ki, bəli onlar özlərinin də maddi maraqlarını nəzərə alaraq sürücülərə zəng vururlar. Maddi maraq da aydındır ki, buna görə, bonus və yaxud mükafat alırlar. Çalışırlar ki, bürolarına maksimum dərəcədə çox sürücüləri cəlb etsinlər. Düşünürəm ki, bu kimi halların qarşısı mədəni qaydada alınmalıdır. Hər bir sığorta şirkəti özünün bağlı olduğu büroyla profilaktik tədbir görməlidir. Onlara ciddi xəbərdarlıq edilməlidir ki, bu hallara yol verməsinlər. Əks halda həmin sığorta şirkətlərinin fəaliyyətinə xitam verilməlidir. Hazırki vəziyyətdə zəng vasitəsilə yaranan narahatlığa görə harasa şikayət etmək olmaz. Yəni, elə bir məsuliyyət yoxdur. Ona görə də həmin sığorta agentlikləri ilə İcbari Sığorta Bürosu özü məşğul olmalıdır. Çünki camaatı nahaq yerə narahat etməklə şirkətlərini nüfuzdan salırlar. Qaldı ki, kiməsə 2-3 ay əvvəlcədən zəng etməyə, bu qanunsuzdur. Müqavilənin müddəti bitməmiş kimsə yenidən müqavilə bağlatdıra bilməz. Əgər bu baş verirsə, qanun pozuntusudur”.

 "Bu iş deyil, bu dilənməkdir"

“Məlum faktlar çox təəssüf ki, Azərbaycanda neçə illərdi baş verir. Maraqlıdır ki, vətəndaşlar haqqında məlumatları sığorta şirkətləri haradan əldə edir? Çünki biz deyək ki, bir sığortanın müştərisiyik. Amma bizə digər şirkətlərin əməkdaşları dayanmadan qanunsuz olaraq zəng vurub öz paketlərini, endirimlər təqdim edir. Halbuki qanunla sığorta qiymətlərində endirim etmək qadağandır. Bəzən görürük ki, xanım əməkdaşlar zəng edirlər, lazımsız söhbətlərə tuturlar adamları. Hətta yalvarmaq dərəcəsinə gəlib çıxıb ki, xahiş edirəm siz sığorta paketini almasanız məni işdən çıxaracaqlar, mən plan verməliyəm və.s. Yəni tcarətin, pul qazanmağın da bir mədəni şəkli var. Amma sığorta şirkətləri bunu kobud dərəcədə pozur. Amma bir hadisə törədəndə min oyun çıxarırlar, nə var-nə var o ödənişi sənə eləməsin, yaxud da az ödəniş eləsin.  Bu da İcbari Sığorta Bürosunun nəzarətsizliyindən, agentlikləri özbaşına qoymasından irəli gəlir. Maliyyə Bazarlarına Nəzarət Paltasının sığorta xidməti buna nəzarət etməlidir. Onlar reklamı KİV üzərindən qurmalıdırlar. Nəyə lazımdır quru maaşla əməkdaşaları yığıblar ora, gündə camaata zəng vurub narahat edirlər. Bu iş deyil, bu dilənməkdir.”

“Bu tamamilə qanuna ziddir”

İcbari Sığorta nümayəndəsi Kamandar Vəliyev bu kimi hallarla üzləşən vətəndaşların Maliyyə Bazarına Nəzarət Palatasına müraciət etmələrini xahiş edir. “Sizin də qeyd etdiyiniz kimi çox təəssüf ki, sığorta bazarında bu kimi xoşa gəlməz hallar var. Baxmayaraq ki, Maliyyə Palatası tərəfindən sığorta bazarına ciddi nəzarət olunur, amma bəzi şəxslər yenə də bu yola əl atırlar. Müştəriyə bu cür yanaşmaqla etik qaydaları pozurlar. Müqavilənin vaxtına 2,3 ay qalmış yazmaq tamamilə qanuna ziddir. Əgər bu hallar baş verərsə, vətəndaşlar öncə sığorta şirkətinə daha sonra Maliyyə Palatasına müraciət etməlidir.”

Sığorta vasitəçilərinə və sığorta şirkətlərinə xəbərdarlıq edilir

 

Maliyyə Bazarına Nəzarət Palatasının İctimaiyyətlə Əlaqələr üzrə Aparıcı Mütəxəssisi Sevil Abıyeva faktla bağlı palatanın mövqeyini bildirdi: “Sığorta agentləri tərəfindən vətəndaşlara avtoicbari müqavilələrin bitməsinə bir neçə ay qalmış zənglərin edilməsi və sığorta müqaviləsinin onların vasitəçiliyi ilə bağlanmasına dəvət-təhrik edilməsi halları ilə bağlı Palataya müraciətlər olur. Bununla bağlı bildiririk ki, Palata tərəfindən nəzarət tədbirləri həyata keçirilir və istər sığorta vasitəçilərinə, istərsə də sığorta şirkətlərinə xəbərdarlıqlar edilir. Mövcud halların baş verməməsi istiqamətində Palata tərəfindən sığortaçılarla mütəmadi işlər aparılır və pozuntu halları aşkar edildikdə müdaxilələr edərək, tədbirlər görülür”.

Ümid edirik ki, bu tədbirlər yalnız sözdə deyil, həmçinin əməldə də yerinə yetirilir.

Mehman Nəbiyev

İqtisadiyyat.az 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh