Taksi şirkətləri bütün əndazəni aşır – Ekspertdən etiraz
Taksi şirkətinin funksiyası onsuz da vətəndaşa ehtiyacı olan taksini təcili göndərməkdir. İndi *5550 taksi xidməti sifarişləri “ekonom” və “təcili” olaraq iki formada qəbul edirsə, bu, böyük fırıldaqdır, özbaşınalıqdır. Bu sözləri Axar.az-a yol-nəqliyyat eksperti Elməddin Muradlı taksi şirkətlərinin yeni fırıldağı, *5550 xidmətinin müştəridən əlavə pul qoparmaq üçün sifarişləri “ekonom” və “təcili” olaraq iki qrupa bölərək qəbul etməsi ilə bağlı danışarkən deyib.
Ekspert bildirib ki, taksi şirkətlərinin bu özbaşınalığı ilə bağlı addım atılmalıdır: “Taksi şirkətləri artıq sinirlərə toxunan bütün hərəkətləri edirlər. Bu xidmət sahəsi əslində vətəndaş məmnuniyyəti üçün çalışmalıdır. Ancaq əsəbləri korlayan, insanı yoran, gecikdirən, sayğısızlıq edən, vətəndaşın cibinə girən bir işlə məşğuldurlar. Bu xidməti göstərənlərə artıq taksi şirkəti demək də düzgün deyil. Onlar dəllallıq edirlər. Bu gün müştəriyə normal xidmət göstərən barmaqla sayılacaq qədər taksi şirkəti var. Özündən yeni qayda tətbiq edən *5550 taksi xidməti əksər taksi xidmətləri kimi, kor-koranə fəaliyyət göstərən şirkətlərdəndir. Taksi şirkətinin funksiyası onsuz da vətəndaşa ehtiyacı olan taksini təcili göndərməkdir. Əgər belə olmasaydı, daha vətəndaş niyə taksi sifariş edirdi ki! Onsuz da indi bütün binaların qarşısında, yol kənarlarında taksi tapmaq mümkündür. Demək ki, müştəriyə taksi təcili lazım olduğu üçün şirkətə zəng edib sifariş verir. Buna baxmayaraq, şirkətin zəngləri “ekonom” və “təcili” olmaqla qəbul etməsi dələduzluqdur, müştərinin cibinə girməkdir”.
E.Muradlı bildirib ki, bu, həm də təkcə şirkətin özünün deyil, operatorların da fırıldağıdır: “Bu gün əksər operatorlar sürücülərdən haqq tələb edir ki, bütün sifarişləri ona yönləndirsin. Haqq verməyən sürücüləri isə operatorlar çox uzaq olan sifarişlərə yönləndirməklə “cəzalandırırlar”. Sözügedən şirkətin yeni tətbiq etdiyi fırıldaq da təxminən buna hesablanmış oyundur. Operatora haqq verən sürücüləri tez-tez və təcili sifarişlərə göndərirlər. Haqq verməyən sürücülər isə gün ərzində bir, iki müştəriyə yönləndirilir ki, onlar da çox uzaq məsafələrdə olur. Bu da əksər sürücüyə sərf etmir.
Hər taksi şirkəti təxminən belə fırıldağa əl atır. Bu da yaxın günlərdə yeni yaranmış bu cür şirkətlərin sonunu gətirəcək. Bir ağıllı iş adamı çıxıb yaxşı xidmət göstərən taksi şirkətlərini ətrafına yığıb yüksək xidmət göstərəcək. Bununla da bu gün hegemonluq edən, özündən yeni qaydalar tətbiq edən bu cür taksi xidmətlərinin kökü kəsiləcək”.
Ekspert bildirib ki, bu özbaşınalığa artıq bir əncam çəkilməlidir: “Çünki taksi şirkətlərinin özbaşınalığı artıq sərhəd tanımır, əndazəni aşıb”.