Banner

Taksi şirkətləri şəhər nəqliyyatını iflic edir

Yazarlar 31 May 2023 12:18 Oxunub 916
Taksi şirkətləri şəhər nəqliyyatını iflic edir
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son vaxtlar Azərbaycanda xarici taksi şirkətləri durmadan çoxalır. Paytaxt Bakıda hazırda 50-dən çox taksi şirkəti fəaliyyət göstərir. Bənzər prinsiplərlə işləyən taksi şirkətləri onsuz da sıxlıq içində olan yollara bir az da ağırlıq gətirir. İşin maraqlı tərəfi isə budur ki, əcnəbi şirkətlərin əksəriyyətinin özünün avtomobil parkı yoxdur. Bu şirkətlər fərdi sürücülərlə müştərilər arasında əlaqə yaradır və bu vasitəçilik əsasında özlərinə qiymətin 10-20 faizi dəyərində komissiya məbləği götürürlər.

Eyni zamanda qeyd etmək lazımdır ki, taksi xidmətində tənzimləmələr doğru həyata keçirilmir. Məsələn, işə götürülən sürücülər həmin şirkətlər tərəfindən təlimatlandırılmır. Sürücülər üçün asan olan tərəf isə heç bir imtahan və ya tibbi yoxlanışdan keçmədən 5 dəqiqə ərzində onlayn və ya "WhatsApp" tətbiqi vasitəsi ilə qeydiyyatdan keçmə imkanlarının olmasıdır. Məhz buna görə də müştəri şikayətlərinin ardı-arası kəsilmir. Xarici taksi şirkətlərinin əməkdaşı olan sürücülər etik qaydalara riayət etmir, müştəri ilə davranış normalarını bilmirlər.

Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, xarici şirkətlərin fəaliyyətinin genişlənməsi zərərli bir şey deyil, lakin onlar öz qaydaları ilə yox, Azərbaycan qanunları ilə işləməlidirlər. Bu ölkənin öz qayda-qanunu var. Sahibkarlar arasında sağlam rəqabətdən söhbət gedirsə, şirkətlər bu qaydaları pozmamalıdır. Bu qanunlara əcnəbi, transmilli şirkətlər riayət etmirlər. Onlar bazara daxil olan kimi, qiymətləri süni şəkildə ucuzlaşdırdılar. Bu kimi şirkətlərin ölkəyə gəlişi ilə başqa bir problem də meydana çıxdı. Bu da yaranan sıxlıqla bağlıdır. Bundan əlavə, ictimai nəqliyyatla bağlı çoxalan narazılıqlar da taksi şirkətlərinin artmasına əsas səbəbdir. Biz, ilk növbədə ictimai nəqliyyatı inkişaf etdirməliyik. Həmçinin, taksi fəaliyyətindəki neqativ hallara da nəzarət olunmalıdır. Nazirlər Kabinetinin 73 və 141 saylı qərarları var ki, onlar birbaşa ictimai nəqliyyat və taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlıdır. Ötən ilin fevral ayında cənab Prezident İlham Əliyev tərəfindən Bakı şəhərində taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq Fərman imzalanıb. Ardınca Baş nazir Əli Əsədovun bu məsələ ilə bağlı Sərəncamı olub. Həmçinin, bu yaxınlarda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi istər yerli, istər əcnəbi şirkətləri, istərsə də operatorları görüşə dəvət etdi, onlara xəbərdarlıq olundu. Qeyd edildi ki, işlərini düzgün görmədikləri təqdirdə, onlara sanksiyalar tətbiq olunacaq.

Ekspert Eldəniz Cəfərov isə bildirib ki, taksi şirkətlərinin artma səbəbi avtobusların pis vəziyyətdə olması ilə əlaqədardır. İnsanlar saatlarla dayanacaqlarda avtobus gözləyirlər, çünki interval çoxdur. Məhz buna görə də taksi şirkətləri getdikcə artır. Eyni zamanda taksi fəaliyyəti ilə məşğul olan bəzi xarici şirkətlər Azərbaycan qanunlarına əməl etmirlər. Taksi fəaliyyəti ilə bağlı reqlamentə əməl olunmur. Ona görə də bu şirkətlərə qarşı sərt sanksiyalar tətbiq olunmalıdır. Ümid edirəm ki, bu, yaxın vaxtlarda həyata keçiriləcək.

respublika-news.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh