Reklam

Taksi xidmətində yeniliklər olacaq – Hökumət yeni sənəd HAZIRLAYIR

Yazarlar 28 Fevral 2022 20:29 Oxunub 1982
Taksi xidmətində yeniliklər olacaq – Hökumət yeni sənəd HAZIRLAYIR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Baş nazir Əli Əsədov Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı sənəd imzalayıb. Sərəncamda xüsusən Bakı şəhərində taksi fəaliyyətinin təkmilləşdirilməsi məsələsi öz əksini tapır. Yəni, uzun zamandır hər kəsin narazılıq etdiyi taksi xidmətinin təkmilləşdirilməsinin zamanı artıq çatıb. Çox güman ki, tezliklə bu sahədə ciddi dəyişikliklər baş verəcək.

Məsələyə münasibət bildirən ekspert Elməddin Muradlı deyib ki, bununla bağlı Baş nazir tərəfindən Maliyyə, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinə, habelə Bakı şəhər İcra Hakimiyyətinə tapşırıqlar verilib. Onlar 3 ay ərzində təklifləri hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidirlər: “Artıq zamanı çatıb, bu sahədə çox ciddi işlər görülməlidir. Taksi fəaliyyəti bir xidmət sahəsidir. Bu xidmət zamanı keyfiyyət qorunub saxlanılmalıdır. Burada kiminsə şəxsi maraqları və kiminsə fərdi yanaşması əsas rol oynaya bilməz. Burada dövlətin müəyyənləşdirdiyi ümumi qaydalar rol oynaya bilər. Bu qaydalardan kənara çıxmaq məsuliyyət yaratmalıdır”.

Bu baxımdan, Elməddin Muradlı düşünür ki, artıq taksi fəaliyyəti ilə bağlı qaydaların müəyyənləşdirilməsi, tətbiqi və hansısa bir mexanizmin ortaya çıxması vacibdir: “Birinci növbədə biz bu suallara cavab tapmalıyıq ki, taksi sürücüsü  kimdir? Kim taksi sürücüsü ola bilər, kim olmalıdır? Bu sualların cavabı tapıldıqdan sonra artıq taksi sürücüləri ilə bağlı müəyyən işlər görülə bilər. Onların təlimlərə cəlb edilməsi, psixaloji müayinəsi, sərnişinlərlə davranış qaydaları, küçələri tanımaları, istirahət və iş məsələləri öz həllini tapmalıdır. Düşünürəm ki, hökümətə təqdim olunacaq sənəddə həm də taksi sürücülərinin istismar olunması məsələsinə baxılmalıdır. Vahid qiymət məsələsi müəyyənləşdirilməlidir. Bu gün taksi sürücüləri sözün həqiqi mənasında şirkətlər tərəfindən istismar olunur. Saatlarla fasiləsiz iş görür və evə gedəndə də, baxıb görürlər ki, qəpik-qruşla qazanıblar”.

Ekspert deyir ki, Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin əksəriyyəti xarici ölkələrə məxsusdur və onlar yerli şirkətlərin inkişafına imkan vermirlər: “Rəqabət adı ilə qiymətləri endirib avtobus qiymətinə salıblar. Düşünürəm ki, burada praqmatik və sistemli yanaşma olmalıdır. Burada söhbət ondan gedir ki, birinci qiymət məsələsi müəyyənləşdirilməlidir. Ən aşağı qiymət və ən yuxarı qiymət, həmçinin gecə-gündüz taarifləri müəyyən olunmalıdır.

Bu şirkətləri nəzarət altında saxlamaq lazımdır ki, sürücülərlə hansı kriteriyalar əsasında işləyirlər. Bəzi şirkətlər ümumiyyətlə, sürücünü tanımır. İstədiyi yerə mesaj göndərərək şirkətə üzv olur. Sanki sosial şəbəkələrdə hansısa qrupa üzv olursan. Sonda isə nalayiq hərəkətlər, qeyri-etik davranışlar və sair məsələlər ortaya çıxır. Odur ki, konkret bir sistemin hazırlanması zərurətə çevrilib.

Cənab Prezidentin imzaladığı fərmandan sonra Baş nazir də sərəncam verib. Yəqin ki, yaxında biz hansısa sənədi görəcəyik. Ondan sonra konkret addımlar atıla bilər”.

 

Şəfa

ŞƏRH YAZ
Ad

E-mail

Şərh