Taksilər niyə təhlükə mənbəyinə çevrilib - VİDEO

Yazarlar 29 Oktyabr 2021 21:00 Oxunub 1942
Taksilər niyə təhlükə mənbəyinə çevrilib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son vaxtlar taksilərdən istifadə halları artdıqca, sürücülərdən narazı olan sərnişinlər də çoxalıb. Hətta bəzən taksi sürücülərinin sərnişinlərə qarşı müxtəlif cinayətlər törətməsi ilə bağlı xəbərlərə də rast gəlirik. Elə oktyabrın 22-də Beyləqanda taksi sürücüsünün 9-cu sinif şagirdinə qarşı törətdiyi zorakılıq kimi.

Şəhər sakinləri də taksi sürücülərindən narazıdır. Onların sözlərinə görə, taksi sürücüləri müxtəlif narkotik vasitələrin təsiri altında sükan arxasında otururlar.

Sakinlər deyir ki, problemin əsas səbəbi sürücülərin tibbi yoxlanışdan keçməməsidir.

Yaranan vəziyyətdən ənənəvi taksi sürücüləri də narazıdır. Buna səbəb, son zamanlarda bəzi taksi sürücülərinin etdiyi qeyri-etik hərəkətlərinə görə, onlara qarşı yaranan münasibətdir.

Bir neçə taksi şirkəti ilə əlaqə saxlayıb onların da mövqeyin öyrənməyə çalışdıq. Amma bu cəhdimiz baş tutmadı.

Maraqlıdır illər öncə taksi sürücülərinin adı bu cür hadisələrdə hallanmadığı halda, indi niyə bu problemlərin sayı çoxalıb?

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumun mətbuat katibi Mais Ağayev bildirdi ki, istənilən şəxs taksi kimi fəaliyyət göstərmək istəyirsə, Bakı Nəqliyyat Agentliyinə, digər şəhər və rayonlarda işləmək istəyənlər isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət edərək dövlət rüsumunu ödəməklə fərqlənmə nişanı alıb işə başlaya bilər: ”Sosial mediada və mətbuatda özünü taksi şirkəti kimi göstərən şirkətlər ki, var, onlar taksi şirkəti deyil. Onlar sadəcə olaraq müştəri ilə əlaqələndirmə işlərinə nəzarət edir. Operatorluq fəaliyyəti deyək bu işə. Onların taksi şirkəti kimi bilinməsi doğru deyil. Çünki onların nə qarajı, nə də qaraj idarəetmə sistemləri var. Əgər belə olsaydı hər gün sürücülər tibbi yoxlanışa cəlb olunacaqdı, hər gün reys qabağı maşınlar texniki baxışdan keçiriləcəkdi, bu şərait həmin o aqreqator şirkətlərində yoxdur”.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlının fikrincə, taksi sürücülərinə konkret bir tələb qoyulmadığı üçün bu gün həmin sektorda vəziyyət acınacaqlıdır: ”Bu gün ölkədə taksi sektorunda xaotik vəziyyətdəyik. Buna səbəb taksi sürücüsü kimdir sualına cavab tapa bilməmişik. İndi bəzi şəxslər gündüz işlədiyi iş yerindən az maaş aldığından gecə taksi sürür. Yaxud keçmiş məhkumlar var, ağır cinayət törədib, soyğunçuluq, qarət, onlar da iş tapa bilmir taksi sürür. Halbuki bunlar cəmiyyətə hələ adaptasiya ola bilməyib”.

Ekspert deyir ki, problemin həlli üçün BNA-nın il yarım öncə hazırladığı islahatlara bəzi düzəlişlər edib, qərarın qəbul edilməsidir. Çünki bu layihə hazırlanarkən bir çox şəxs məlumatsız şəkildə qərara qarşı çıxdı. Halbuki bu qərar yerində verilən qərar idi: ”Orada vahid qiymət var idi. Taksi sürücüsü kim olmalıdır, necə fəaliyyət göstərməlidir suallarının cavabı göstərilməlidir. Mən istərdim o sənət yenidən gündəmə çıxarılsın. Onu nəyinki Bakı şəhəri üzrə, bütün ölkə üzrə qəbul edilməlidir. Ola bilər, çatışmazlıq var, onlara düzəliş edib, qaydasına salmaq olar”.


Qeyd edək ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən sürücülər şirkətlərə onlayn müraciət edirlər. Sadəcə avtomobil haqqında məlumat vermək kifayət edir ki, şirkətlər həmin şəxsi şifahi sövdələşmə ilə işə qəbul etsinlər. Onların müştəri ilə davranışı və ya psixoloji vəziyyəti isə yoxlanılmır. Baş verən qanunsuzluqlara isə nəzarət edilmir. Belə olduqda isə bəzi sürücülər müştərilərə qarşı müxtəlif cinayətlər törədirlər.

///Apa.TV

ŞƏRH YAZ
Ad

E-mail

Şərh