Təcili yardım maşınlarının qəzaya düşməsinin qarşısını necə almaq olar? - TƏKLİFLƏR - FOTO - VİDEO

Yazarlar 16 Fevral 2022 08:39 Oxunub 1928
Təcili yardım maşınlarının qəzaya düşməsinin qarşısını necə almaq olar? - TƏKLİFLƏR   - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son zamanlar təcili tibbi yardım avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinə tez-tez rast gəlirik. Qəzaların əksəriyyətinin məhz təcili yardım avtomobilini idarə edən sürücülərin ehtiyatsızlığı nəticəsində baş verdiyi ortaya çıxır.

Təəssüf ki, operativ nəqliyyat vasitələrinin sürücüləri bəzən hansı hallarda üstünlüyə malik olduqlarını unudurlar. Məsələn, yol ayrıcını keçərkən diqqətsizlik edir, onlara yol verilib-verilmədiyinə əmin olmadan yol ayrıcına daxil olurlar. Sayrışan işıqlar əksər hallarda işlək vəziyyətdə olsa da səs siqnalından istifadə etmirlər. Bu səbəbdən də, Bakı şəhərində qəzalara daha çox rast gəlinir ki, bu da ciddi dəyişikliklərin baş verməsini qaçılmaz edir. Ən azından təcili yardım maşını sürənlərin peşəkarlığının artırılması diqqətdə saxlanılmalıdır.

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı hesab edir ki, təcili yardım avtomobilini idarə edən sürücülər peşəkar sürücülər olmalı, kiminsə şəxsi münasibəti, yaxud “şirinlik” müqabilində işə götürülməməlidir: “Zaman- zaman onlara təlimlər keçirilməlidir ki, bu proses də peşəkarlar tərəfindən həyata keçirilsə daha məqsədəuyğun olardı”.

Elməddin Muradlı bildirir ki, Səhiyyə Nazirliyi və TƏBİB bu məsələyə son dərəcə diqqətlə yanaşmalıdır. Çünki artıq bir çoxları xəstələndikdə, yaxud da, ailədən birinin təcili yardımla xəstəxanaya çatdırılması ərəfəsində narahatlıq yaşayırlar. Baş verən yol-nəqliyyat hadisələrində hətta təcili yardım avtomobilində olan xəstələrin ölüm halları aşkar edilib, tibb personalı ağır xəsarətlər alıb: “Yaxşı olardı ki, Səhiyyə Nazirliyi və TƏBİB təcili yardım stansiyalarına birbaşa göstəriş versin. Onlar peşəkar təlimçilərlə müqavilələr bağlayıb sürücülərini ayda bir neçə dəfə təlimlərə cəlb etsinlər. Vaxt məhdudiyyətini nəzərə alaraq gecə-gündüz növbəsində də təlimlərin keçirilməsi mümkündür. Yetər ki, bu sahə üzrə ciddi nizam-intizam önə çıxsın. Sürücülərin peşəkarlığı yol-nəqliyyat hadisələrinin azalmasına gətirib çıxara bilər.

Təəssüflər olsun ki, qəzaya düşən təcili yardım avtomobillərinin əksəriyyəti dövlət qurumlarına məxsus olan tibb məntəqələrinin avtomobilləridir. Görünür, özəl şirkətlərin bəziləri işə götürdükləri sürücülərin peşəkarlığına önəm verdiyi üçün qeyri-peşəkarlar daha çox dövlət tibb məntəqələrə işə düzəlirlər.

Əldə etdiyimiz məlumata görə, təcili tibbi yardım stansiyalarına işə götürülən sürücülərin əksəriyyəti şəxsi münasibətlər və ya 5-7 min manat “şirinlik” müqabilində işə düzəlirlər. Bu da öz nəticəsini yollarda göstərir. Artıq son zamanlar baş verən hadisələrin görüntülərini, başvermə şəraitini təhlil etdikdə görürük ki, sürücülər kobud şəkildə qayda pozuntusuna yol verir, “operativ nəqliyyat vasitəsidir” deyib bəzən lazım olmadığı halda da, qaydaları kobud şəkildə pozurlar.

Bu yaxınlarda “İçərişəhər” metrostansiyası yaxınlığındakı xəstəxanaların birinin qarşısında təcili yardım maşını əks istiqamətə çıxaraq hərəkət edib və sonda məlum olur ki, sürücü yolayrıcındakı dönər köşkündən özünə yemək alır. Yəni, deməyim odur ki, lüzumsuz halda yol-hərəkəti qaydalarını pozaraq hərəkət edən təcili yardım maşınlarına çox rast gəlinir. Məlum olur ki, onlar ya ümumiyyətlə çağırışa getmirlər, ya da çağırışdan qayıdırlar. Bu zaman sayrışan işıqlar və səs siqnalını qoşmaq, qaydaları pozmaq zərurəti olmur. Bu baxımdan düşünürəm ki, bu məsələlərə ciddi yanaşılmalıdır. Çünki Prezident İlham Əliyev tərəfindən imzalanmış 2019-2023-cü illəri əhatə edən Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramında Səhiyyə Nazirliyinin də üzərinə müəyyən vəzifələr qoyulub.

Ümid edirəm ki, nazirlik bu vəzifələri diqqətə alacaq. Keçmiş rəhbərliyin dövründə bu məsələlərə ümumiyyətlə, diqqət ayrılmayıb. Ümid edirəm ki, yeni rəhbərlik işin keyfiyyətini artırmaq üçün peşəkar sürücü heyəti ilə işləmək və cəmiyyətdə təcili yardıma qarşı inamı artırmaq məqsədilə müvafiq addımlar atacaq”.

 

Şəfa

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh