Tək şəxsiyyət vəsiqsiylə kredit elanı realdırmı? - VİDEO
Yalnız şəxsiyyət vəsiqəsi ilə gəl, istənilən əşyanı götür get. Bu kimi reklamlara mütəmadi olaraq rast gəlirik. Kredit götürən şəxs üçün isə, sözsüz ki, ən əhəmiyyətli məsələ kreditin faiz dərəcəsi, məbləği və müddəti olmalıdır. Lakin bu heç də həmişə belə olmur.
Avtosfer.az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.
Sorğu - Müştəri: "Televizoru şəxsiyyət vəsiqəsi ilə götürmüşəm, bu kredit bitəndən sonra da soyuducu götürəcəm".
Şirkətlər rəqabət fonunda daha çox müştəri cəlb etmək üçün yalnız şəxsiyyət vəsiqəsi ilə kreditə məişət əşyası satdığını elan edir. Təbii ki, müştəri də ümumi məbləği ödəmək üçün kifayət qədər pulu olmadığından əksər vaxt faiz dərəcəsini belə hesablamadan zəruri olan əşyanı almağa çalışır. Lakin mağazaya yaxınlaşdıqda fərqli mənzərə ilə qarşılaşır. Çünki bu zaman başqa sənədlərin də tələb olunduğunu görür.
Sorğu - Müştəri: "Tək şəxsiyyət ilə deyirlər, gedirsən sonra da deyirlər ki, get filan şey gətir, filan qədər ilkin ödəniş et".
Əslində, mağaza sahiblərinin də özlərinə görə müəyyən arqumentləri var. Yalnız şəxsiyyət vəsiqəsi tələbi qoyulsa da bu sənəddən başqa heç bir sənəd almayan obyekt sahibləri sonradan çətinliklərlə üzləşirlər. Çünki heç kəsin vəsiqəsində onun iş yeri, gəliri barədə məlumat verilmir.
Mağaza əməkdaşı: "Şirkət tək şəxsiyyət vəsiqəsiylə kredit verirdi. Amma bir müddətdən sonra müştərilər problem yaratdı. Heç kim pulunu vermədi, demək olar ki, şirkət batdı".
Ancaq müştəri cəlb etməyin bu forması da müsbət hal kimi qarşılanmır. Çünki sonradan başqa sənədlərin də tələb olunmasını hüquqşunaslar istehlakçıların aldadılması hesab edir.
Şaban Məmmədov - Hüquqşünas: "Əgər satıcı elan verirsə ki, tək şəxsiyyət vəsiqəsi ilə hər hansı əşyanı satıram və alıcı yaxınlaşdığı zaman başqa sənədlər tələb edirsə, belə halda alıcının sözügedən alqı-satqıdan imtina etmək haqqı var".
Digər məqam isə belə sadə yolla kreditə əşya verən şirkətlərin yüksək faiz dərəcəsi qoymasıdır ki, bu da sonradan hər iki tərəf arasında problemlərin yaşanmasına rəvac verir. Ancaq faiz dərəcəsinin müəyyənləşməsi, əmlak şəxsi mülkiyyət olduğundan sahibkarın özündən asılıdır.
Şaban Məmmədov - Hüquqşünas: "Qanunda konkret qanun yoxdur ki, mütləq filan fazilə kredit verməlisən. Azad ticarətdir və hər bir satıcı istədiyi faizi qoya bilər".
Kreditlə hər hansı bir əşyanın verilməsi sakinlər üçün əlçatandır. Ancaq qoyulan tələblər və faizlər müştərilərin xeyrinə olmadıqda, sonradan hər iki tərəfin də problem yaşamasına gətirib çıxarır. Nəticədə iş məhkəmə qərarları ilə yekunlaşır ki, bu da heç bir tərəf üçün məqbul sayılmır.