"Toyota"nın hibridləri ilə siz də tanış olun – Yeni modellər gəlir - FOTO-VİDEO

Yazarlar 22 Oktyabr 2019 13:51 Oxunub 4418
"Toyota"nın hibridləri ilə siz də tanış olun – Yeni modellər gəlir - FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnsanların hibridə olan inamını qırmaq, sarsıtmaq düzgün siyasət deyil...

Dünyanın bir çox ölkələri daim yeni texnologiyaların tətbiqinə can atır və atılan addımlar həm inkişaf, həm də insanların həyat və sağlamlığını qorumaq naminə həyata keçirilir. “Toyota” şirkəti də avtomobil sənayesində daim yeniliklərlə diqqət çəkir və son 2 ildə biz bu yenilikləri “Toyota”nın təşkil etdiyi tədbirlərdə də görüb izləyirik. Söhbət “Toyota”nın hibrid avtomobillərindən gedir. Daim mükəmməl yenilikləri ilə “Toyota” həvəskarlarının diqqətini cəlb edən şirkət ətraf mühitin qorunması üçün hibrid avtomobillərini təkmilləşdirib. Hibrid avtomobillər 60 km/saat sürətə qədər elektrik enerjisi ilə hərəkət edir. Sərt manevrlər zamanı benzin mühərriki də işə düşür. Bu o deməkdir ki, hibrid avtomobillər iki mühərriklə təchiz olunub. Sərt manevrlər və sürət həddi artan zaman benzin mühərrikinin işləməsi elektrik mühərrikinin öz-özünə güc yığmasına səbəb olur. Bununla da siz avtomobili haradasa şarj etdirmək barədə düşünmürsünüz. Toyota hibridlərinin özü öz baterayalarını enerji ilə doldurur. Biz bu möhtəşəm yeniliklə artıq ikinci dəfə tanış olduq. Belə ki, "Toyota Qafqaz" şirkəti yeni hibrid modellərinin təqdimatını bu dəfə də Gürcüstanın füsunkar təbiətinin qoynunda həyata keçirdi. Azərbaycandan da bir qrup jurnalistin iştirak etdiyi tədbir iki gün davam etdi. Tədbirdə Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı da iştirak edib.
Tədbir əvvəlki test drayvlardan fərqli olaraq açıq yollarda baş tutdu. Bundan əvvəl xüsusi ayrılmış yerlərdə keçirilən tədbirin budəfəki formatı fərqli oldu. Jurnalistlər özləri "Toyota RAV4", "Toyota Camry", "Toyota Corolla" və "Toyota CH-R" modellərinin hibridlərinin sınaq yürüşlərinə qatıldılar. Jurnalistlər həmin avtomobillərin sükanı arxasında əyləşərək müxtəlif yol şəraitində test yürüşləri etdilər.
Bəri başdan deyim ki, hibrid modelləri ilə bağlı düşüncələri dəyişəcək bu avtomobillər Azərbaycan sürücüləri üçün də əlverişli ola bilər. Çünki həmin avtomobillərin dizaynı, interyeri, eksteryeri və mühərrikin gücü ənənəvi avtomobillərdən heç də fərqlənmir. Daha dəqiq desək, ənənəvi maşınlardan daha üstündür.
İstənilən yol şəraitində sürücü mühərrikin gücünün azalmasını hiss etmir. Belə olduqda isə elektrik doldurulmasını dərd eləmək yersizdir. Ona görə ki, sərt döngələrdə, enişdə, yoxuşda və yüksək sürət zamanı əldə etdiyimiz gücü avtomobil elektrik enerjisinin bərpasına yönləndirir. Yəni mühərrik akkumulyatoru özü doldurur. Bu xüsusiyyət “Toyota”nın hibrid modellərində özəl olaraq düşünülüb.
Jurnalistlər hibrid avtomobilləri növbə ilə Gürcüstanın dağlıq və şəhər yollarında test etdikdən sonra müəyyən təsəvvürlər formalaşdı. Məsələn, aydınlaşdı ki, hibrid avtomobillər modelindən asılı olaraq 40 km yola 1,5-2.4 litr yanacaq sərf etdi. Hansı ki, sərt enişdə və ya sərt yoxuşda qaz və əyləc pedalından yetərincə istifadə olunmuşdu. Yəni ekonom sürücü sərfiyyatı 1,5 litrə qədər endirə bilər.
Hibrid avtomobilin sərt yoxuşda sürətlənməsi heç də ənənəvi avtomobillərdən fərqlənmir.
Yapon texnologiyası bu avtomobillər üçün xüsusi təhlükəsizlik elementlərini də diqqətdən kənarda qoymayıb. Belə ki, avtomobildə zolaqlar üzrə hərəkət sistemi mövcuddur. Bu sistemi işə saldıqda sizin avtomobiliniz zolaqdan kənara çıxan kimi xəbərdarlıq siqnalını eşidəcəksiniz. Eyni zamanda, sükan avtomatik olaraq nəqliyyat vasitəsini öz zolağına qaytarır. Daha bir yenilik qarşıdakı avtomobilin sürətinə uyğun sürət rejiminin və buna uyğun ara məsafəsinin seçilməsidir. Məsələn, qarşıdakı avtomobil saatda 80 km sürətlə hərəkət edirsə siz də öz avtomobilinizi bu sürətə uyğunlaşdıra bilərsiniz. Bu zaman siz həmin avtomobilə yeksək sürətlə yaxınlaşdıqda idarə etdiyiniz maşın avtomatik olaraq 80 km/saata enir və qarşıdakı dayandıqda sizin maşın da dayanacaq. Amma bu sistem döngədə çalışmaya bilər. Çünki döngədə qarşıdakı maşın sizin avtomobiliniz görünüş dariəsində olmur. Əslində, bu yeniliklər sürücünü arxayın salmamalıdər. Bunlar sadəcə, sürücüyə kömək üçün tətbiq edilən yeniliklərdir.
“Toyota” avtomobilləri mükəmməl əyləc sisteminə malikdir. Bu isə o təhlükəsizlik baxımından sürücü üçün olduqca vacibdir. Kiçik toxunuş avtomobilin tam olaraq dayanmasına səbəb ola bilər.
“Toyota RAV4”ün salon güzgüsü həm də arxa görüntü kamerası rolunu oynaya bilir. Avtomobildə təhlükəsizlik elementləri yüksək dəqiqliklə işlənib. Artıq sərnişinlər də təhlükəsizlik kəmərindən istifadə etmədikdə siqnal səsini eşidəcəksiniz.


Siz bu avtomobillərdə həm də monitordan enerjinin necə sərf olunmasına və ya bərpası prosesinə nəzarət edə bilərsiniz.
“Toyota Qafqaz” şirkətinin təşkil etdiyi test yürüşləri həm də tarixi yerlərin ziyarəti ilə yadda qaldı. Jurnalistlər hibrid avtomobillərlə Gürcüstanın tarixi-mədəni və dini məkanlarını da ziyarət etdi.
Avtomobillərlə tanışlıq bir neçə saat davam etsə də, “Toyota Qafqaz” şirkəti rəngarəng proqramla yorğunluğumuzu çıxarmağa müvəffəq oldu.
Şirkətin nümayəndəsi Sabir Kazımzadə dedi ki, hazırda “Toyota RAV4”ün hibrid modeli Azərbaycana rəsmi şəkildə gətirilir və maraq böyükdür. Gələn ilin əvvəllərində “Corolla” və “Camry” modellərinin hibridləri Azərbaycana gətiriləcək. Şirkət hibdir modellərinə gömrük və vergi güzəştləri tətbiq olunacağı təqdirdə hibrid modellərinin ölkəyə idxalını daha da genişləndirəcək.
“Toyota Qafqaz” şirkətinin prezidenti Mitsuru Konishi jurnalistlərə isə bildirdi ki, jurnalistləri xüsusi “Yeni Toyota dünyası” tədbirində görməyə çox şaddır: “Toyota"nın dünyada pioner olduğu hibrid texnologiyası qlobal ətraf muhitin problemləri ilə bağlı mübarizədə daha da vacib hala gəlir. Müştərilərimizlə birlikdə planet qarşısında zərərli tullantıların azaldılmasına yönəlik məsulliyyəti paylaşdığımıza görə çox məmnunuq.
Ümumi olaraq Yeni Toyota Qlobal Arxitekturası əsasında istehsal olunan və Toyota Aktiv Təhlükəsizlik sistemləri ilə təchiz olunan bir sıra "Toyota" hibrid avtomobillərinə sahib olaraq biz müştərilərimizə daha məsuliyyətli, daha əmin və daha əyləncəli sürüş imkanı təqdim edirik”.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin dekbarında ekoloji təmiz nəqliyyat vasitələrinin ölkəmizə gətirilməsini də özündə əks etdirən 2019-2023-cü illəri əhatə edəcək Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramını təsdiq edib. Proqramda elektromobillərin və hibdir avtomobilərin Azərbaycana gətirilməsinin stimullaşdırılması qeyd olunur. Azərbaycanın Dövlət Gömrük Komitəsi açıqlama verib ki, gələn ildən elektromobillər üçün rüsumlar sıfıra bərabər olacaq. Ancaq təəssüflər olsun ki, bu güzəşt hibdir avtomobillərə tətbiq olunmayıb. Bunun nəticəsdir ki, Gürcüstanda 23 min dollara satılan "Toyota RAV4" modeli Azərbaycanda 35 min dollara satılır. Səbəb isə ondan ibarətdir ki, Gürcüstan hibdir avtomobillər üçün 60 faiz güzəşt tətbiq edib. Yəni, hansısa model üçün 10 min dollar rüsum nəzərdə tutulursa həmin modelin hibridini Gürcüstana gətirən şəxsə 6 min dollar güzəşt tətbiq edilir. Bunun nəticəsidir ki, bu gün Gürcüstanda avtomobil parkının 30 faizini elektromobil və hibrid avtomobillər təşkil edir. Proses sürətlə davam etdiyi üçün yaxın illərdə Gürcüstanın tam olaraq ekoloji təmiz avtomobillərə keçidinin şahidi olacağıq. Azərbaycanın bu da bu prosesdən geri qalmamasını arzu edirik. Çünki Azərbaycanda, xüsusən də Bakı şəhərində ətraf mühitin çirklənməsinin 80 faizini avtomobillərin ixrar etdiyi zəhərli qazlar təşkil edir.
Bu gün Azərbaycana müxətəlif avtomobillərin hibdir modelləri gətirilir. "Toyota" bu siyahıda öndə gedir. Lakin təəssüf ki, insanlar ikinci əl hibridləri gətirirlər. Çünki gömrük rüsumları, ƏDV və aksiz vergisi olduqca bahadır və yeni avtomobil gətirmək çoxlarına sərf etmir. Hazırda vətəndaşlar tərəfindən fərdi qaydada gətirilən işlənmiş hibridlərin mənşəyi məlum deyil. Onların əksəriyyəti Amerikadan gətirilir ki, aralarında suya düşmüş, qəza keçirmiş çoxlu hibridlər var. Bu cür təhlükəli avtomobili ucuz qiymətə almaq zorunda qalan sürücülər heç şübhəsiz ki, bir müddət sonra texniki problemlərlə üzləşəcəklər. Belə olan halda insanlarda hibridlərə qarşı mənfi münasibət formalaşacaq. Odur ki, Prezidentin tapşırığı və hüquqi baza varkən hibdirdlərə də güzəşt tətbiq etməklə Azərbaycana yeni hibrid avtomobillərin gətirilməsini stimullaşdırmaq lazımdır. Axı bizim vətəndaşlarımız da yeni, daha rahat avtomobil sürməyə layiqdir. İlk addımlar atılarkən insanların hibridə olan inamını qırmaq, sarsıtmaq düzgün siyasət deyil...

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh