"Xırdalana manatdan bir nəfər..." - Manatlıq taksilər LƏĞV OLUNUR?

Yazarlar 17 Aprel 2019 15:25 Oxunub 4211
"Xırdalana manatdan bir nəfər..." - Manatlıq taksilər LƏĞV OLUNUR?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əsas problem, sürücülərin çox vaxt təhlükəsizlik qaydalarına riayət etməməsidir

Manatdan Xırdalan, Masazır, Sumqayıt, Əzizbəyov... Metronun “20 Yanvar” stansiyasının yerləşdiyi ərazidən demək olar ki, şəhərin istənilən yerinə 1 manata getmək mümkündür. Söhbət təxmin etdiyiniz kimi əhali arasında “Manatlıq taksi” adlandırılan nəqliyyat vasitələrindən gedir.

Adambaşı 1 manata olan bu taksilərlə bağlı əsas problem, sürücülərin çox vaxt təhlükəsizlik qaydalarına riayət etməməsidir. Təhlükəli manevrlər, yüksək sürət sərnişinlərdə çox vaxt narazılıq yaradır. Həmin taksilərin hansısa quruma tabe olmaması isə şikayətləri ünvansız qoyur.

Maraqlıdır ki, bu taksi fəaliyyətinin dayandırılmasına ehtiyac varmı?

Yol-nəqliyyatı üzrə ekspert Ərşad Hüseynov bildirib ki, onların qadağan edilməsinə ehtiyac yoxdur: “Ölkədə sərnişin daşınmalarına ehtiyac artdığına görə, 1 manatlıq taksilərin sayı artıb. “Marşrut taksi”si kimi işləyən bu taksilərlə əsasən Bakıətrafı kənd və qəsəbələrə, Sumqayıta sərnişin daşımaları həyata keçirilir. Bu taksilərin fəaliyyətinin dayandırılmasına ehtiyac yoxdur. Qadağa qoyulan təqdirdə, pik saatlarda insanların daşınmasında problem yarana bilər. Bundan başqa, qoyulan qadağanın heç bir effektiv təsiri olmaz. 1 manatlıq taksilər konkret marşrut üzrə işləyirlər. Məsələn, Bakı-Binə, Bakı-Sumqayıt və s. Problemin həlli üçün həmin istiqamətlər üzrə normal marşurt xətti yaradıla bilər”.

DYP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə vurğulayıb ki, qeyri-qanuni şəkildə taksi fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı müvafiq tədbirlər həyata keçirilir: “Ölkədə 1 milyon 400 minə yaxın nəqliyyat vasitəsi var. Onun təxminən 72%-i Bakı şəhərində hərəkət edir. Taksi fəaliyyəti ilə məşğul olanların sayını isə aidiyyatı üzrə Bakı Nəqliyyat Agentliyi (BNA) bilir. Qiymətdən asılı olmayaraq, taksi fəaliyyəti ilə məşğul olan sürücünün peşəkarlığı vacib şərtdir. Qeyri-peşəkar və ya yol hərəkəti haqqqında qanuna qarşı çıxan, tanınma nişanları, taksi fəaliyyəti üçün llizensiyası olmayan sürücünün fəaliyyəti doğru deyil. Həmçinin, sərnişinlərin daşınması ilə bağlı mövcud olan tələblər yerinə yetirilməlidir.

1 manatlıq taksilərin fəaliyyəti yaxşı haldır. Sadəcə, sərnişinlər peşəkar və lisenziyası olan sürücülərə üstünlük verməlidirlər. İdarə olunan nəqliyyat vasitəsinin rənglənmə qrafikası, əlaqə nömrəsi və gedilən məsafə ilə bağlı hesablayıcı sayğacının olmaması qeyri-qanuni fəaliyyətin göstəricisidir”.

Vaqif Əsədov taksi sürücüləri ilə bağlı sərnişinlərə məsləhət görüb ki, qiymətə aldanıb, həyatlarını təhlükəyə atmasınlar: “Taksi sürücüsü peşəkar olmalı, paytaxtın küçələrinin adlarını düzgün bilməli və müvafiq sənədləri qaydasında olmalıdır. Sərnişinlər qiymətin ucuzluğuna inanıb, peşəkar olmayan sürücülərin avtomobilindən istifadə etməməlidir”.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə redaktor.az-a açıqlamasında bildirib ki, agentliyin vəzifəsi həmin sürücülərə sadəcə fərqlənmə nişanı verməkdir: “Sürücülər taksi fəaliyyəti ilə məşğul olmaq üçün Bakı Nəqliyyat Agentliyindən fərqlənmə  nişanı alırlar. Bu nişanı aldıqdan sonra hansı şəkildə taksi fəaliyyəti ilə məşğul olacağını sürücünün özü seçir. Bu baxımdan,1 və ya 10 manatlıq taksi fəaliyyəti ilə məşğul ola bilər. Qiymətlərə isə qarışmırıq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh