Yağıntılı havada avtomobili necə idarə etməli? - QIZIL QAYDALAR
Yağıntılı havalarda asfalt qatının üzərindəki su qatı yüksək hərəkətdə olan avtomobilin təkərlərin yola toxunma faizini azaltdığından qəzalar baş verir. Buna akvaplanlama deyilir.
Bəzən sürücülər yüksək sürətlə suyun içinə girir. Bu zaman idarəetməni itirir və nəticədə qəzalar baş verir. Həmçinin yolun üzərində yığılmış toz qatı su ilə reaksiyaya girərək şirəli palçığa dönür. Bu isə sürüşmənin əsas səbəbidir.
Avtosfer.az-ın məlumatına görə mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı “MediaPost”a açıqlamasında bildirib ki, xüsusilə yağmurlu havalarda yollarda görüntü məhdudlaşır: "Odur ki, sürücülər bu halda sürət həddini aşağı salmalı, yolun sağ zolağı ilə getməyə üstünlük verməli, son dərəcə diqqətli olmaq lazımdır. Görmə qabiliyyəti zəif olan insanların belə havalarda yola çıxması, mütamadi olaraq avtomobil idarə etməsi təhlükəlidir.
Bu baxımdan düşünürəm ki, yağmurlu havalarda yalnız peşakar sürücülərin sükan arxasında olması məqsədəuyğundur."
Ekspert hesab edir ki, işıqlandırılmayan ərazilərdə daha da diqqətli olmaq vacibdir: "Belə yollarda yağış damcıları avtomobilin işıqlarını da itirir, nəticədə görüntü daha da məhdudlaşır. Qarşını görmək məsafəsi bəzi hallarda 2-3 metrə enir. Bu isə potensial təhlükə mənbəyidir".
Elməddin Muradlı aidiyyəti qurumların yağışlı havalarda işıqlandırmaya xüsusilə diqqət yetirməli olduğunun vacibliyini qeyd edib: "Təəssüf ki, bəzən qurumlar yağışlı havada, xüsusilə gecə saatlarında küçələrdə işıqları söndürür. Bu isə çox təhlükəlidir. Heç olmasa, bunu şahmat formasında etmək lazımdır ki, müəyyən bir hissə işıqlansın".
Ekspert sürücülərə tövsiyyəsində bildirib ki, avtomobilin işıq cihazlarını mütləq şəkildə tənzimləmək lazımdır: "İşığın düşmə bucağı düzgün olmadıqda səpələnmə baş verir və yolda görüntü daha da aşağı düşür. 10-15 manat xərc çəkməklə özünüzü təhlükədən qoruya bilərsiniz. Şərt o deyil ki, işıqların hamısı işlək olsun. Əsas odur ki, bu düzgün qaydada işləsin".
Bakı Şəhər Dövlət Yol Polisi İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov "MediaPost"a bildirib ki, sürücülər meteoroloji şəraiti nəzərə almaqla avtomobillərini idarə etməlidirlər: “Günün pik saatlarında havaların yağışlı olması, səhər havanın gec işıqlanması, axşam isə tez qaralması hərəkət iştirakçılarının görmə qabiliyyətini məhdudlaşdırır. Bütün bunları nəzərə alaraq, hər birimiz yollarda məsuliyyətli olmalı, ictimai təhlükəsizliyin etibarlı təmin edilməsinə çalışmalıyıq”.
V.Əsədov qeyd edib ki, belə hava şəraitində məsuliyyətə cəlb olunmamaq üçün sürücülər avtomobillərini idarə edərkən asfaltın vəziyyətini nəzərə almalıdır: “Həmçinin sürət həddini minimuma endirməli, ara məsafəsini normadan çox saxlamalı, bütün diqqətlərini hərəkət istiqamətinə yönəltməlidir. Sürücülər eyni zamanda nəqliyyat vasitəsini avtomobilin texniki xarakteristikasına uyğun idarə etməlidir. Əgər bu qaydalara riayət edilsə, yollarda baş verən qəzaların sayını minimuma endirmək olar".