Yanacaqdoldurma məntəqələrinin benzin fırıldağı - Günahkar kimdir?
Azərbaycanda yanacaqdoldurma məntəqələrinin fırıldaqçılığı, soyğunçuluğu, cibgirliyi, sürücüləri aldatması halları az qala “norma”ya çevrilib. Sürücülər tez-tez şikayətlənirlər ki, benzində saxtakarlıq edilir, kəmiyyətdə aldadırlar, hava, su, qaz vururlar. Bununla həm sürücülərə maddi ziyan vurulur, həm də avtomobillərin mühərriki sıradan çıxarılır. Hətta mətbuatda, sosial şəbəkələrdə tez-tez sürücülərin belə şikayətləri dərc olunur ki, maşına tam depo benzin vurularkən aparatda deponun ümumi tutumundan 10 litr çox benzin vurulduğu göstərilir.
65 litrlik depoya 70-75 litr benzin
Misal üçün, 65 litr tutumu olan depoya 70-75 litr benzin “vurulur”. Halbuki hələ yanacaq deposunda da 5-10 litr benzin qalmış olur. Ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin keçmiş sədri Ramiz Həsənov bildirmişdi ki, bəzi yanacaqdoldurma məntəqələri onların möhürlərini qırır:
“Dövlət qurumunun möhürünü qırmaq olmaz, buna görə cinayət məsuliyyəti nəzərdə tutulub. Bizim monitorinqlərimiz göstərir ki, bir çox yanacaqdoldurma məntəqələri istehlakçıların, sürücülərin avtomobillərinin çəninə nəzərdə tutulandan xeyli az yanacaq vurur”.
Bundan əlavə, yanacaq satan şirkətlərin digər yollara əl atdığı da deyilir. Sürücülərin sözlərinə görə, xüsusilə son aylar benzinin tərkibindəki oktanın faizini qəsdən aşağı salıblar ki, alınan yanacaq daha tez sərf olunsun. Nəticədə aldıqları yanacağa görə nəzərdə tutulan məsafəni qət edə bilməyən maşın sahibləri tez-tez yanacaqdoldurma məntəqələrinə yan almalı olurlar.
“Lukoil”dən şikayətlər var...
Yəni zavoddan keyfiyyətli benzini alırlar, daha sonra öz bildikləri kimi əlavələr etməyə başlayırlar. Hər YDM-in öz qanunları var, özləri müəyyənləşdirirlər ki, yanacağa nə qədər qaz qatılmalıdır, başqa qatqı nə qədər qatılmalıdır və yaxud da 10 litrin neçə litri kəsiləcək. Belə haram yolla sürücülərin cibini soyurlar. Vətəndaş Azər Nəcəfov kənar dairəvi yolda “LUKoil” yanacaqdoldurma məntəqəsi ilə bağlı başına gələn hadisəni avtosfer.az-a danışıb. Deyir ki, “Nissan Sunny” markalı avtomobilin 55 litr tutumu olan yanacaq çənini “LUKoli” yanacaqdoldurma məntəqəsində doldurub. Qəbzi alanda isə təəccüblənib. Belə ki, 54.4 litr yanacaq vurulduğu yazılıb. “İndi belə çıxır ki, mən boş çən ilə maşın sürüb gəlmişəm. Amma yanacaqdoldurma məntəqəsinə girəndə maşında azı 8-9 litr benzin var idi”. Vətəndaş deyir ki, həmin vaxt yanacaq çəninin tutumunu dəqiq bilmədiyi üçün mübahisə etməyib. Daha sonra məsələ ilə bağlı şirkətlə əlaqə saxlayıb. Şirkətdən deyiblər ki, həmin benzin kolonkasında texniki problem olub və ümumilikdə müştərilərə əlavə 40 litr benzin yazılıb. Gəlin ya benzini, ya da pulunuzu qaytaraq. “İndi bilmirəm həqiqətən belədir, ya özləri qəsdən belə deyirlər ki, müştəri narazı qalmasın. Təsəvvür edin bir gündə hər kolonkadan 40 litr benzin kəsiləndə hara çıxır”.
Elməddin Muradlı: “Kimyəvi maddələr, su, qaz qatırlar”
Avtosfer.az-ın baş redaktoru Elməddin Muradlı söyləyib ki, hüquq-mühafizə orqanları, İqtisadiyyat Nazirliyi və Energetika Nazirliyi YDM-lərə nəzarət etməlidir: “Bu gün gedib hansısa mühərrik ustasından soruşsaq ki, yanınıza gələn müştərilərin ən çox şikayəti nə ilə bağlıdır, mühərrik nə üçün sıradan çıxır, hər biri səbəb kimi yanacağı göstərəcək. Həm cibimizə girirlər, həm də benzinin 10 litrinin 1-ni kəsirlər. Hətta elələri var ki, lap insafsızdır, 1 litrdən də artıq kəsir. Bu azmış kimi, bəzən yanacağa kimyəvi maddələr, su, qaz qatırlar”. E.Muradlı qeyd edib ki, yanacaq çəninin qapağını tam bağlamırlar: “Məqsəd isə odur ki, yanacaq tez bitsin və sürücülər gəlib bir də yanacaq alsınlar. Düşünmürlər ki, biri gəlib siqaret yandırar, kül düşər və maşın alışıb yanar”. O, “LUKoil” yanacaqdoldurma məntəqəsindən şikayətçidir: “Sürücü 55 litr tutumu olan maşınla daxil olur. Ondan 60 manat alıb 65 litr benzin vururlar. Çənin tutumu 55 litrdir, üstəlik içində bir az da yanacaq var. İnsanların üzünə baxa-baxa bu qədər soyğunçuluq törədən ikinci struktur ağlıma gətirə bilmirəm".
Ərşad Hüseynov: “Benzin çirkli çənlərdə saxlananda...”
Nəqliyyat eksperti Ərşad Hüseynov isə bildirdi ki, benzin kəsilməsi barədə şikayətlər tam əsaslıdır. Onun sözlərinə görə, müxtəlif eksperimentlər aparılıb: “Hətta vətəndaşlarla YDM-lər arasında məhkəmə çəkişmələri olub. Bu məsələdə müxtəlif aldatmalar var ki, yolverilməzdir. Ümumilikdə, həm keyfiyyət, həm kəmiyyət məsələsindən narazılıq böyükdür. Dövlət orqanları yoxlamalar aparmalıdır, bir-bir məntəqələrdə monitorinqlər keçirilməlidir. Sürücülərin bu obyektlərə nəzarət etmək, yaxud hər dəfə aldadılması barədə şikayət eləmək imkanı olmur".
Ə.Hüseynov hesab edir ki, YDM-lərdə insanların aldadılması istehlakçı hüquqlarına hörmətsizlikdir: “Əvvəllər Standartlaşdırma, Patent və Meterologiya Komitəsi bu məntəqələrə nəzarət edirdi, sonra ləğv edildi. İndi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti zəhmət çəkib bu işlə ciddi məşğul olsun. Eyni zamanda hüquq-mühafizə orqanları da araşdırma aparmalıdır".
Ekspert bildirdi ki, hər cür aldatma variantı mümkündür: “Sayğaca müdaxilə oluna bilir, çəndə azdır, çox göstərə bilər. Məsələn, 9 litrdir, göstərir ki, guya 10 litr benzin vurub. Həmçinin benzinin saxlanma şəraiti problemi var. Çünki benzin çox qalanda, çirkli çənlərdə saxlananda yanacağın keyfiyyəti olduqca aşağı düşür. Bu zaman da avtomobilin şamlarına, forsunkalara ziyan vurur, benzinnasos, mühərriklər tədricən sıradan çıxır. Məsələn, həmin maşın avro-5 standartıdır, onu istehsal edən şirkət hesablamayıb ki, Bakıda onu sürən adam avro-2 standartında benzin vurur".
Eyyub Hüseynov: “Çoxu günahı bu şirkətdə görür”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da təsdiqlədi ki, bu problemlə bağlı saysız-hesabsız şikayətlər var. Onun dediyinə görə, ən çox “LUKoil” adı altında 8-9 firmadan narazılıq var. “Təəssüf ki, ”LUKoil" mal nişanını qorumaq, nüfuzuna xələl gətirməmək üçün heç bir iş aparmır. Bu gün aldanan sürücülərin əksəriyyəti günahı daha çox bu şirkətdə görürlər. Çünki onun adı altında müxtəlif məntəqələr fəaliyyət göstərir. Hazırda keyfiyyət və kəmiyyətdə aldatmalar mövcuddur. İlk növbədə məntəqələrdə aparatları yoxlayan qurumlar günahkardır. Onlar nəzarəti gücləndirməlidirlər", - deyə E.Hüseynov vurğuladı. AİB sədri bildirdi ki, YDM-lərdə xüsusi bolt var: “Özləri bunu ”çörək boltu" adlandırırlar. Həmin bolt vasitəsilə sayğaca müdaxilə edə bilirlər, çənə az, yaxud artıq yanacaq vururlar. Bizə çoxlu şikayətlər, zənglər olub, məhkəmələrə qədər gedib çıxıb. Amma məsələnin həlli yolu bu deyil. Fərdi şəkildə müraciətlərlə məsələ düzəlmir. Dövlət orqanları ciddi şəkildə araşdırmalıdırlar". Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Şahin Nağıyev “Yeni Müsavat”a bildirdi ki, bununla bağlı quruma hər hansı şikayət daxil olmayıb. Əgər konkret müraciət olarsa, araşdırılacaq.