Reklam

Yanğın baş verən ərazidə tıxacı video çəkən sürücülər yaradır - EKSPERT

Yazarlar 10 Dekabr 2019 13:00 Oxunub 1829
Yanğın baş verən ərazidə tıxacı video çəkən sürücülər yaradır - EKSPERT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sanki hadisə baş verən ərazidə “Kim tez video çəkib paylaşar” müsabiqəsi keçirilir

Bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunda “Eurohome” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar olaraq yollarda tıxaac yaranıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin açıqlamasında da qeyd olunur ki, sürücülər alternativ yollardan istifadə etsinlər. Lakin mənzərə o qədər də ürəkaçan deyil. Yanğının başladığı cəmi bir neçə saat ərzində artıq sosial şəbəkələrdə yüzlərə foto və video paylaşılıb. Əksəriyyəti də ərazidən keçən sürücülər və yanğın yerinə toplaşan insanlar tərəfindən edilib.

Bəzi görüntülərdə hərəkətin olduğu aşkar görülür. Lakin sürücülərin hər biri ərazidə bir neçə dəqiqə dayanıb videoçəkiliş edirlər. Təsəvvür edin ki, hər sürücü təxminən 20 saniyə dayansa 3 km arxadakı sürücü üçün bu gözləmə müddəti 20 dəqiqəyə çatır. Odur ki, əslində tıxacı yaradan da elə sürücülərin özüdür. Maraqlıdır ki, elə yarım saatdan çox məhz bu səbəbdən tıxacda gözləyən sürücünün özü də əlində telefon çəkiliş edir.

Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, süni tıxacın yaranması əksər hallarda elə sürücülərin günahı ucbatından baş verir. “Təbii ki, hər hansı hadisənin baş verməsi tıxaca birbaşa səbəbdir. Amma dolayısıyla sürücülər özləri də bu səbəb yaradırlar. Sanki hadisə baş verən ərazidə “Kim tez video çəkib paylaşar” müsabiqəsi keçirilir. Sürücülər də kütləvi şəkildə bu “müsabiqədə” iştirak edirlər. Bəzi sürücülər bir az insaflı davranaraq avtomobildən çəkiliş edir. Amma elələri də var ki, maşını yolun ortasında saxlayıb gedir. Elə bil ki, illərlə gözlənilən tamaşaya baxırlar. Soruşanda da guya köməyə gəlmiş kimi davranır. Əslində belə anlarda ən yaxşı kömək ərazidən maksimum tez keçməkdir ki, tıxac yaranmasın. Həmçinin bu cür hadisələr olan vaxt sürücülər üçün sanki qaydalar qüvvədən düşmüş hesab olunur. Kim necə gəldi avtomobil idarə edir. Elə bil ki, hadisə bütün qanunların üstündən xətt çəkib. Nəticədə də istər yol polisi, istərsə də digər vətəndaşlar üçün əlavə problemlər ortaya çıxır.”

 

Orxan Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh