Reklam

Yanğın təhlükəsizliyinə görə 30 manat, balıq ovuna görə 2000 manat cərimə

Yazarlar 28 Mart 2019 21:55 Oxunub 1318
Yanğın təhlükəsizliyinə görə 30 manat, balıq ovuna görə 2000 manat cərimə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Balıqların mühafizəsi qaydasının pozulmasının, yanğın təhlükəsizliyi qaydalarının pozulmasından daha ciddi qanun pozuntusu hesab edilməsi qəribə yanaşmadır”

“Diqlas” Ticarət Mərkəzində baş verən hadisə yanğın təhlükəsizliyi məsələsindəki məsuluyyət(sizlik)ləri də gündəmə gətirib. Qanunvericilikdə yanğın təhlükəsizliyinə görə məsuliyətlər necə müəyyən edilib?

Yanğın təhlükəsizliyinə görə həm cinayət, həm də inzibati məsuliyyət nəzərdə tutulub. Yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində zərərçəkənin sağlamlığına az ağır və yaxud ağır xəsarət yetirilsə, bu, əməl cinayət sayılır.

Xəsarət olmadığı halalrda isə inzibati məsuliyyət yaranır. İnzibati Xətalar Məcəlləsinə görə, yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə 20 manatdan 30 manatadək cərimə nəzərdə tutulub.

Avtosfer.az Bizimyol.info-ya istinadən xəbər verir ki, vəkil Asif Abdullayev bu cərimə məbləğini absurd hesab edir. O qeyd edir ki, balıq ovlamaq qaydasını pozmağa görə isə 2.000 manatadək cərimə nəzərdə tutulduğu halda, yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə 20 manatdan 30 manatadək cərimə nəzərdə tutulub:

“Yanğın təhlükəsizliyi qaydalarının və tələblərinin pozulmasının acı nəticəsini “Diqlas” ticarət mərkəzi yananda gördük. Yanğın təhlükəsizliyi qaydalarının pozulmasının necə ciddi fəsadlara səbəb olduğunu artıq hamımız bilirik. Görək qanunvericilik bu məsələyə nə dərəcədə ciddi yanaşır? İki inzibati xətanı müqayisə edək və qanunun insana və balığa olan münasibətindəki fərqə baxaq. İnzibati Xətalar məcəlləsinin 518.1-ci maddəsinə görə, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə – fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 20 manatdan 30 manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar 100 manatdan 150 manatadək məbləğdə cərimə edilirlər. Bu cərimələr yalnız fiziki şəxslərə və vəzifəli şəxslərə aiddir. Eyni məcəllənin 272-ci maddəsində isə balıq ovlamaq qaydalarının pozulması üçün cərimə nəzərdə tutulub – 1000 manatdan 2000 min manatadək. Bəli, balıqların təhlükəsizliyinə qəsd etmək 2000 manat cəriməyə səbəb olur”.

Vəkil vurğulayır ki, balıqların mühafizəsi qaydasının pozulması, yanğın təhlükəsizliyi qaydalarının pozulmasından daha ciddi qanun pozuntusu hesab edilməsi qəribə yanaşmadır.

“Deputatlar hesab edirlər ki, yüzlərlə insanın əmlakına ziyan vura biləcək yanğın təhlükəsizliyi qaydalarının pozulması, balıq tutmaq qaydalarının pozulması qədər ciddi məsələ deyil. Fiziki şəxslərin yanğın təhlükəsizliyi qaydalarını pozmağına görə cərimə 30 manatadək olduğu halda, gəlin digər əməllərə görə cərimələrə nəzər salaq:

Fahişəliklə məşğul olmağa görə – 100 manat;

Sərxoş halda iti küçədə gəzdirməyə görə – 200 manat;

Mineral gübrələrin daşınması və istifadə qaydalarını pozmağa görə – 500-700 manat;

Məişət tullantısını tullantı qabına atmamağa görə – 50 manat;

Baytarlıq qaydalarını pozmağa görə – 200-300 manat”.

Vəkil hesab edir ki, yanğın təhlükəsizliyinin pozulmasına görə fiziki şəxslər üçün nəzərdə tutulan cərimə, sadalanan bu cərimələrdən xeyli azdır: “Təbiəti, flora və faunanı qorumaq hər birimizin borcudur, amma qanunvericilik insanların hüquqları da lazımi səviyyədə mühafizə etməlidir. Təbii ki, cərimənin artırılması nöqsanların aradan qaldırılması üçün əsas şərt deyil. Əsas şərt qanunun aliliyinin təmin edilməsidir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh