Banner

Yaxın Şərqin ilk qadin təyyarəçisi – o, azərbaycanlıdır…

Yazarlar 13 Yanvar 2023 15:54 Oxunub 958
Yaxın Şərqin ilk qadin təyyarəçisi – o, azərbaycanlıdır…
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hünəri, savadı və cəsarətli addımları ilə önəmli hadisələrə imza atan azərbaycanlılardan biri də Şərqin ilk təyyarəçi qadını Leyla Məmmədbəyova (1909-1989) olub. Seçdiyi peşə Şərqin bu ilk qadın pilotuna böyük şöhrət gətirsə də, həyatı bir çox çətinliklərdən, sınaqlardan keçib. İstənilən sahədə birinci addımı atmaq, ilk cığırı açmaq həmişə xüsusi cəsarət tələb edir. Bu cəsur qadın özündə həmin cəsarəti tapmış, Yaxın Şərq və Güney Avropada ilk təyyarəçi qadın kimi bir İLKə imza atıb. 1931-ci ildə ilk uçuşunu həyata keçirib; 1933-cü ildə isə (Nina Kamenevadan sonra) keçmiş SSRİ-də ikinci qadın paraşütçü olub. Leyla Ələsgər qızı Məmmədbəyova 17 sentyabr 1909-cu ildə Bakıda, əslən Qubalı olan Ələsgər Zeynalovun ailəsində dünyaya göz açıb, ilk təhsilini doğma şəhərdə alıb. 1918-ci ildə ermənilərin öz himayədarları ilə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi Mart Soyqırımı ərəfəsində bir çox Azərbaycan ailəsi kimi onun ailəsi də Həştərxanda məskunlaşmağa məcbur olub; lakin Bakıda olduğu kimi burada da dinclik tapmayıb, dönəmin ziddiyyətli axarı onun və ailəsinin həyatına öz təsirini göstərib. Bir inqilabçı olan atası Ələsgər Zeynalov artıq Həştərxana gedənə qədər siyasi mübarizənin fəallarının çoxunu yaxından tanıyırdı. O, Nəriman Nərimanovla dost olduğundan Həştərxanda eyni evdə yaşayırdılar. Nəriman Nərimanov birinci mərtəbədə, Ələsgər Zeynalov isə ailəsi ilə bərabər ikinci mərtəbədə qalırdı. İnqilab dalğası Həştərxanı ağuşuna aldığı, bütün şəhərdə barrikadalar qurulduğu zaman Leylanın 10 yaşı vardı; amma bu kiçik qız yaşının az olmasına baxmayaraq, inqilabçıların köməkçisinə çevrilmışdi. Atasının tapşırığı ilə bütün günü ora-bura qaçırdı - uşaq olduğundan jandarmların diqqətini cəlb etmirdi. Ona görə də inqilabçılar məktublarını, sənədlərini ona verib gərəkən ünvanlara göndərə bilirdi. Leylanın ailəsi 1920-ci ildə doğma Bakıya geri dönüb. 12-13 yaşları olanda anasının vəfat etməsi ailəni dərin kədərə qərq etsə də, atası və əmiləri kiçik Leylaya heç vaxt anasızlığını hiss etdirməyib. Elə öncədən dörd qardaşın – atasının və üç əmisinin sevimlisi, ailənin tək uşağı olan Leyla həm də dünyadan gənc yaşda köçən bibisinin adını daşıdığından bir sözü iki edilməz, hər istəyi yerinə yetirilərdi. Anasının itkisindən sonra atası və əmiləri Leylanı daha çox qayğı ilə əhatə edib, onun fərəhli böyüməsi üçün əllərindən gələni əsirgəməyib. Ələsgər Zeynalov illər sonra yenidən evlənib, 1935-ci ildə bir oğlu dünyaya gəlib; Leyla isə həmişə ailənin sevimli övladı olaraq qalıb, uşaqlıq illəri kimi gənckən də qayğıkeşliklə əhatə olunub. İlk əmək fəaliyyətinə 1930-cu ildə başlayan Leyla Məmmədbəyova peşə təhsilini Bakı Aeroklubunda alıb və ilk uçuşunu 1931-ci ildə gerçəkləşdirib. Həmin gün Bakı Aeroklubunun kursantları uçuş meydanında sıraya düzülüb, bir neçə dəqiqədən sonra Leyla Məmmədbəyova “U-1” təyyarəsində təcrübəli təlimatçı ilə birlikdə havaya qalxıb. İlk uçuşunu uğurla başa vurduqda gənc təyyarəçinin ünvanına təriflər yağdırılıb, hamı onu sevinclə təbrik edib. Leyla özünü bu peşədə inkişaf etdirməkçün daha ciddi təhsil və təlimlərin vacib olduğunu başa düşürdü. Buna görə də 1932-ci ildə təhsilini davam etdirmək üçün Moskvaya yollanıb. Moskvada təhsil alması onun sevimli peşəsinin daha incəliklərinə bələd olması ilə nəticələnib. Leyla Məmmədbəyova yeni uğurlara imza ataraq 1933-cü il martın 17-də Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşüt ilə atlanaraq Nina Kamnevadan sonra (keçmiş) Sovet İttifaqının ikinci qadın paraşütçüsü olub. 1930-cu illərin ortalarında Moskvanın nüfuzlu “Oqonyok” jurnalı üz qabığına onun şəklini qoyaraq böyük iftixarla yazırdı: “Azərbaycan qadını Şərqin ilk təyyarəçi qadınıdır”. Moskvada Tuşino aerodromunda təcrübə keçdiyi günlərdə ona: “Əsasnaməyə görə, təyyarəçi hörük gəzdirə bilməz” – deyiblər. Beləliklə Leyla xanım çox xoşladığı, ona xüsusi gözəllik verən saçlarıyla peşəsi naminə vidalaşmalı olub... Moskvada təhsilini başa vurub Bakıya böyük diləklərlə dönsə də, tezliklə ona üzücü bir xəbər gəlir. “Moskvadan qayıtdıqdan sonra ona “sənə təyyarə verməyəcəyik, get kitabxanada müdir ol” deyiblər. Anam etiraz edib. Mir Cəfər Bağırova bildirib ki, mən iki uşağı burda qoydum, soyuqda getdim Moskvada oxudum, indi deyirlər kitabxana müdiri olacaqsan”... O, anama deyib: Yaxşı, get. – Bununla da məsələ həll olunub. Dərhal anama təyyarə verilib. İşə başlayıb”. – Bu sözlər, Leyla xanımın kiçik oğlu, I Qarabağ müharibəsi qazisi Xanlar Məmmədbəyova aiddir. Əməyi dövlət tərəfindən yüksək qiymətləndirilən Leyla Məm­mədbəyova dövrün bir çox mötəbər təltiflərinə layiq görülüb. Keçmiş SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri M.Kalinin ona “Şərəf nişanı” ordenini təqdim edəndə belə deyib: “Sizin peşəniz vacibdir, daha tez və yüksəkliyə uçmağınızı arzu edirəm”! Onun adı qadınlar üçün əlçatmaz xəyalları gerçəkləşdirən bir simvola çevrilib; o, “Səmanın xanımı” ləqəbini alıb. Leyla Məmmədbəyova 1931-ci ildə Güney Avropadan Mərkəzi Asiyaya təkbaşına uçan İLK təyyarəçi qadın olub. İLKlərə imza atmış Leyla xanım 1934-cü ildə Güney Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutub. O, sonralar öz fəaliyyətini Bakı Aeroklubunda müəllim kimi davam etdirib. 1941-ci ilə qədər o, keçmiş sovet ordusunda yüzlərlə hərbi təyyarəçi və 4000-ə yaxın paraşütçü və yüzlərlə desant yetişdirib, eskadron komandiri rütbəsinə qədər yüksəlib. Eyni zamanda, çətin və məsuliyyətli işinə baxmayaraq, mükəmməl həyat yoldaşı olub, altı övladını layiqli vətəndaş kimi böyüdüb. II Dünya Müharibəsi başlayanda Leyla Məmmədbəyova aviasiya mayoru rütbəsindəydi. Bu vaxt o, dörd uşaq anasıydı. Kiçik qızı elə həmin il dünyaya gəlmişdi. Müharibədə iştirak üçün müraciət etsə də, uşaqları həddi-buluğa çatmadığından onun müharibədə iştirakından imtina edilib. Həmin vaxt Bakı Aeroklubu da bağlanmışdı. Leyla Məmmədbəyova o vaxtkı respublika rəhbəri Mir Cəfər Bağırovun qəbuluna gedərək, işsiz qaldığını bildirib. Beləliklə, Planer-paraşüt klubunun açılmasına nail olub. Leyla xanımın yetirmələri – yüzlərlə desant və dörd min paraşütçü cəbhədə faşistlərə qarşı şücaət göstərənlər sırasında olub. Tələbələrinin ikisi - Adil Quliyev və Nikolay Şeverdyayev isə o vaxtın çox nüfuzlu adına – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanda ilk hərbi təyyarəçi qadın – Züleyxa Seyid­məmmədova da Leyla Məmmədbəyovadan ilham alaraq bu peşəyə gəlmişdi. Leyla Məmmədbəyova Bakıda hələ də qadınların çadranı atmasına, işləməsinə qadağalar qoyulduğu vaxtlarda bir çox işlər görərək, milyonlarla qadının ilham mənbəyi olmuşdu. Onun müharibə dövründə və müharibədən sonrakı illərdə aldığı mükafatlar arasında “Analıq medalı” da vardı... Təyyarəçi karyerasını 1949-ci ildə son uçuşu ilə başa çatdırıb, sonralar “Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti”nin (‎OADKYC/ ДОСААФ) Bakı filialında sədr müavini kimi çalışan Leyla Məmmədbəyova, 1961-ci ildə təqaüdə çıxıb. Onun şərəfli həyat yoluna, örnək əmək fəaliyyətinə bir sıra şeir, sənədli film və kinofilm həsr edilib. 1934-cü ildə çəkilən “İsmət” bədii filmi, 1995-ci ildə ömür yoluna həsr olunan sənədli film Leyla xanımın gördüyü önəmli işlər və mükəmməl şəxsiyyəti haqqında dolğun təsəvvür yaradır. Leyla Məmmədbəyovanın fəaliyyət yolundan, uğurlarından bəhs edəndə onun ömür-gün yoldaşı (sonralar müxtəlif vəzifələrdə çalışmış, böyük hörmət qazanmış) Bəhram Firudin oğlu Məmmədbəyovun adını xüsusi vurğulamaq lazımdır. Çünki, hələ 14 yaşında ikən, 1925-ci ildə onunla ailə həyatı quran Leyla xanımın önəmli qərarlar almasında ömür-gün yoldaşının ciddi dəstəyi olub. Bəhram Məmmədbəyov onun inkişafına əsla mane olmayıb. Leyla xanım 16 yaşında ilk övladını dünyaya gətirməsinə baxmayaraq məhz həyat yoldaşının sayəsində ev, ailə qayğılarının əsiri olmayıb, ictimai həyata atılıb. Onun, sözün həqiqi mənasında, bəxti gətirmişdi. Həyat yoldaşı evliliklərinin ilk vaxtlarından Leylanı oxumağa, işləməyə, ictimai həyatda fəal olmağa həvəsləndirib, daim bu işdə ona dəstək durub. Bəhram Məmmmədbəyov həmin vaxt özü də həm fəhlə işləyir, həm də təhsil alırdı. Həyat yoldaşının icazəsi ilə Əbilov adına kluba gedən Leyla Məmmədbəyova orada təhsil almağa başlayıb. Leyla xanımın övladları da ləyaqətli övladlar olaraq yetişib. Böyük oğlu Firudin İkinci Dünya müharibəsində, kiçik oğlu Xanlar isə I Qarabağ müharibəsində vuruşub. O, öz işinin mahir ustası, hünərli və cəsur təyyarəçi, qəhərəmanlar yetirən müəllim, mükəmməl ömür-gün yoldaşı, fədakar ana idi. Göyləri fəth edən Leyla Məmmədbəyova örnək şəxsiyyəti ilə könülləri də fəth edib, yüz minlərin sevgisini qazanıb. Adını tarixə yazan qadınlar sırasında öz yeri olan Leyla Məmmədbəyova Azərbaycanın əməlləriylə qürur duyduğu övladlarından biri kimi sevgi ilə anılır, xatirəsi əziz tutulur. Şərəfli ömür yolu keçən Leyla Məmmədbəyova 1989-cu ildə, 80 yaşında vəfat edib, II Fəxri Xiyabanda torpağa tapşırılıb. Ruhu isə göylərdədir...

Q.Paşayeva

MM-in Mədəniyyət Komitəsi

ŞƏRH YAZ
Ad

E-mail

Şərh