Yenilik metropolitendə xərcləri artıra bilərmi?
Artıq bəzi ölkələr ictimai nəqliyyatda ödəmənin QR kod vasitəsilə həyata keçirilməsini reallaşdırıb. Bu rəqəmsal seçim sərnişinlərə heç bir əlavə təmas olmadan səfər etməyə imkan verir və sürətli keçidi təmin edir. Bununla onlayn yükləmə sistemi də aktiv olacaq. Belə ki, Android və ya İOS vasitəsilə onlayn bilet aldıqdan sonra telefonu ekrana yaxınlaşdırıb QR kod məlumatı oxutmaqla ödənişi etmək mümkün olacaq. Bəzi ölkələrdə artıq istifadədə olan xüsusi applikasiyalar vasitəsilə isə gündəlik olaraq 10 istiqamətə gediş haqqı əldə etmək mümkün olur. Yəni, sərnişinlər konkret bir müddət çərçivəsində deyil, istədikləri vaxtda, hətta bir neçə il sonra yüklədikləri gediş haqqından yararlana biləcəklər. 1994-cü ildə kəşf olunan QR kod son bir neçə ildə Android və İOS dəstəkləyən telefon, planşetlərin sayəsində daha da məşhurlaşıb. Metroda gediş haqqının rahat ödənilməsi üçün bu sistemi tətbiq etmək olarmı, Azərbaycanda necə, bu mümkündürmü?
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bu barədə danışıb: "Baku Transit Forum 2021 Smart City" tədbirində çıxış edən "Bakı Metropoliteni" QSC-nin işarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov bu istiqamətdə işlərin görüldüyünü deyib. Yəni, o demək deyil ki, metropolitenin fəaliyyəti bərpa olunanda bu sistemlər qoşulacaq. Qeyd edim ki, hələ bu istiqamətdə işlər aparılır. Lakin konkret tətbiqindən danışmaq üçün erkəndir. Bunun üçün konkret vəzifələr müəyyənləşməli və praktiki işlərə başlanılmalıdır".
"Yəni, gedişhaqqının mobil telefon və digər elektron cihazlarla ödənilməsi üçün işlər görülür. Lakin hələlik ki, bu istiqamətdə konkret bir iş yoxdur", - deyə o əlavə edib.
O bildirir ki, bununla bağlı texniki məsələlərdən və vasitələrin tətbiqindən də yalnız konkretlik müəyyən olunduqdan sonra söz açmaq mümkündür.
Bəs bunun üçün xüsusi aparatların gətirilməsinə zərurət yaranarsa, yəni xərclər çıxarsa, gediş haqqı arta bilərmi? İqtisadçı-ekspert Natiq Cəfərli bu haqda danışıb: "Əslində belə bir sistemin yaradılması bahalı deyil. Bunun üçün sadəcə olaraq proqram təminatını həyata keçirtmək lazımdır. Proqram təminatı olduqdan sonra mobil telefonlar vasitəsilə ödənişi etmək mümkündür. Təbii ki, bunun üçün telefonda proqram olmalıdır".
"Metropoliten çoxdandır ki, bəyan edir ki, bizdə gedişhaqqı maya dəyərindən aşağıdır. Növbəti addım kimi, QR kodlar üçün aparatların quraşdırılmasını əsas götürərək Tarif Şurasına müraciət edə bilər. Belə ehtimal var", - deyə o əlavə edib. (Sputnik Azərbaycan)