Yol keçmək mədəniyyəti: sürücülərin qorxulu kabusu olan piyadalar
Son günlər piyadavurmalara qarşı yol polisi tərəfindən nəzarət gücləndirilib. Səbəb isə sadədir. 10 gün ərzində təkcə bir küçədə 3 piyadanın vurulması və ölümü ilə nəticələnən qəza olub. Əlbəttə, piyadalara və sürücülərə qarşı reydlər, müxtəlif maarifləndirici tədbirlər, videoçarxlar və. s həyata keçirilir. Amma təəssüflə qeyd etmək lazımdır ki, bütün bunlar sadəcə müəyyən müsbət təsir göstərir. Çünki piyada mədəniyyətini hələ də anlamayan, yaxud anlamaq istəməyən insanlar çoxdur.
Bəs görəsən buna səbəb nədir?
Əvvəla qeyd edim ki, ilk sırada məsuliyyət məsələsi dayanır. Təssüf ki, insanlar bir çox hallarda özlərinə qarşı belə biganədir. Yəni yolu keçəndə maşın məni vurar, şikəst olaram, ölərəm kimi düşüncə bir çoxlarında sanki yoxdur. İkinci tərəfdən isə diqqətsizlik öndə gedir. Məsələn, son illərdə daha çox istifadə olunan smartfon tipli telefonlar. İnsanlar ya qulaqlarında qulaqcıq musiqiyə qulaq asır, ya da yolu keçəndə belə başını telefondan qaldırmır.
Dəhşətlisi budur ki, bəzən telefon aludəçiliyi valideynləri uşaqlarına baxmaqdan belə yayındırır. Görürsən ki ana və yaxud ata uşaq ilə yol keçir. Valideyin telefonun içinə elə girib ki, ətrafda nə baş verir xəbərsizdir. Bu isə bədbəxt hadisə ilə nəticələnir.
Digər tərəfdən piyadalar sanki özlərini yolun ağası hesab edir. Elə bil ki, 120-lik yolda nazlana-nazlana keçəndə sürücü mütləq dayamalı və yol verməlidir. Bəzən isə piyada keçidi olmayan ərazilərdə yolu elə keçirlər ki, sanki Milli Parkda gəzintiyə çıxıblar.
Əsas problemlərdən biri də insanların rəngli deyil, qara və tünd geyimlərə üstünlük verməsidir. Bu isə sutkanın qaranlıq vaxtında daha təhlükəlidir.
Təbii ki, burada yollarda işıqlandırma sisteminin normal olmaması da mühüm rol oynayır. Sürücü qaranlıq yolda, qara paltarlı piyadanı görməyə bilər. Odur ki, işıqlandırma mütləq olmalıdır.
Avropa ölkələrində belə piyada keçidləri sadəcə "burdan keçmək olar" prinsipi daşıyır. Yəni, bəzi yerlərdə avtomobilin dayanması və piyadaya mütləq yol verməsi vacib deyil. Burada artıq diqqət olmalı və yolu keçəndə mütləq şəkildə sağa-sola baxmalısan. "Onsuz da maşın dayanacaq" prinsipi ilə yola çıxmaq olmaz. Çünki əyləc sistemi qəfil xarab olan avtomobil dayana bilməyəcək və sizi vuracaq.
Təssüf ki, bizdə piyada keçidi olduğu halda insanların çoxu ondan istifadə etmək istəmir. Mən dayanacaqdan bir kilometr uzaqda olan piyada keçidlərindən danışmıram. Bu yolverilməzdir. Amma beş metr yaxınlıqda keçid olsa da yolun ortasında hərəkət edən insanlar az deyil. Bir müddət əvvəl 120-lik yolu keçən piyadanı düz yerüstü keçidin altında avtomobil vurmuşdu. Qanunla sürücü heç dayanmayıb gedə də bilər. Amma təssüf ki, bu halda belə sürücü "günahkar" olur.
P.S. Diqqət etmişəm. İstər Bakıda, istərsə də regionlarda küçə itləri həmişə yolu piyada keçidindən keçir. Hətta işıqforun düzgün yanmasını sona qədər gözləyir...
Orxan Əli