Yol polisindən valideynlərə və piyadalara çağırış – Özünüzü qoruyun
“Yol kənarı ilə gedənlərdə, yolu keçənlərdə, xüsusilə, azyaşlı uşaqların geyimində, gödəkçəsində, kəmərində, ayaqqabısında, çantasında işıqqaytarıcı elementlər mütləq olmalıdır. Uşağının təhlükəsizliyini düşünən valideynlər bilməlidir ki, uşaq məktəbə gedib-gəlirsə istər-istəməz yol kənarıyla gedəcək və yaxud da, haradasa yol keçəcək. O zaman işıqqaytarıcılar mütləq olmalıdır”. Bunu Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib. Onun sözlərinə görə, ikinci növbədə təhsil alan uşaqlar dərsdən çıxanda artıq şər qarışır, qaranlıq düşür. Bu baxımdan, uşaqları yol qəzalarından qorumaq üçün onun üzərində hansısa formada işıqqaytarıcı elementin olmasını təmin etmək lazımdır: “Dünyanın elə ölkələri var ki, piyadaların üzərində qaranlıq vaxtı işıqqaytarıcı elementin olması qanunda əksini tapır. Yəni, vətəndaşlar hansısa formada öz üzərlərində - geyimdə, qolda, ayaqqabıda işıqqaytarıcı olmasını təmin edirlər. Bu isə onları qəzalardan qoruyur. Uzaqdan maşının işığı düşəndə sürücü qarşıda hansısa mane olduğunu görür və təhlükəsizliyi təmin etmək üçün ya sürəti azaldır, ya da hansısa formada qəzadan yan keçə bilir. Onu da deyim ki, son vaxtlar bizdə də uşaqlar üçün satılan gödəkçələrdə, ayaqqabılarda, çantalarda işıqqaytarıcı elementlər olur. Amma olmayanlar da var. Həmin işıqqaytarıcıların olmasını düşünməli olan şəxs ilk növbədə həmin uşağın valideyni olmalıdır. Niyə ayrıca bir qanun qəbul edilməlidir? Valideyn özü bunu nəzər almalıdır, uşağı öyrətməlidir. Əgər bu uşağın həyatda qalması, təhlükəsizliyi üçündürsə bunu valideyn nəzərə alsın. Bunu qanunla yox, valideynin düşüncəsi ilə tənzimləmək lazımdır. Hər şeyi qanunla tənzimləsək, qadağalar qoysaq, o zaman cəmiyyət hara gedəcək?”.
Elməddin