Reklam

Yollarda ölüm kabusu şütüyür – Şəraiti yaradan da özümüzük

Yazarlar 12 İyun 2019 20:39 Oxunub 1579
Yollarda ölüm kabusu şütüyür – Şəraiti yaradan da özümüzük
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişinlər sürücülük vəsiqəsi olmayan şəxsin idarə etdiyi mikroavtobusdan istifadə etməməlidir

Ötən ay Yevlax rayonunda içərisində tələbələrin olduğu mikroavtobusun qəza törətməsi qanunsuz sərnişindaşıma ilə bağlı məsələni yenidən gündəmə gətirdi. Bu hadisə bir daha təsdiqlədi ki, qanunsuz sərnişindaşıma məsələsi hadisə baş verən ərəfədə gündəmə gəlsə də, mübarizə tədbirləri hadisə unudulan kimi yaddan çıxır. Az keçmir ki, qanunsuz sərnişindaşıma ilə məşğul olanlar yenidən yollarda şütüyür, sərnişinlərin həyatlarını təhlükəyə atmaqda davam edirlər. Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı sputnik-ə açıqlama verən Dövlət Avtomobil Nəzarəti Xidmətinin (DANX)İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova bildirib ki, məsələdən onlar da narahatdırlar: "Qeyri-qanuni daşımalar qurum olaraq bizim üçün də ən ağrılı və aidiyyatı qurumlarla birgə mübarizə apardığımız sahədir. Sərnişindaşıma sahəsində qanunsuz fəaliyyət təkcə büdcədən yayınma deyil, həm də insan həyatı üçün təhlükədir. Qanuni daşıyıcılarla xidmətdə olan avtonəqliyyat vasitələri gündəlik texniki müayinədən keçir, sürücü gündəlik reysqabağı tibbi müayinəyə cəlb edilir. Qanunsuz daşımalarda avtonəqliyyat vasitələrinin və eyni zamanda sürücülərin özünün də hansı meyarlarla xidmət etdiyi qeyri-müəyyən olur. Qurumumuz tərəfindən bu daşımalara da nəzarət təmin edilə bilmir. "Vita"lar, "Ford"larla xidmət edən işbazlar bilməlidir ki, onların qanunsuz və nəzarətsiz fəaliyyəti nəticəsində ailələrdə faciə yaşana bilər. Elə bu səbəbdən də biz DANX olaraq bu hala qarşı aidiyyatı qurumlarla birgə mübarizə aparırıq. Belə ki, ilin əvvəlində Baş Dövlət Yol Polisi ilə DANX arasında birgə tədbirlərin həyata keçirilməsinə dair imzalanan memoranduma əsasən həyata keçirilən birgə tədbirlərin nəticəsi olaraq ümumilikdə respublika üzrə qanunsuz daşımaların faiz nisbəti ötən il ilə müqayisədə 32 faiz aşağı enib. Təkcə Bakı-Sumqayıt istiqamətində hərəkət edən qanunsuz daşımalarda bu azalma 18 faizdir. Eyni zamanda əlavə tədbirlər nəticəsində Sumqayıt avtostansiyasının bir bölməsi də yeni istifadəyə verilən Nəqliyyat Qovşağında yaradıldı. Çünki sərnişinlər qanuni daşımalarla, qeyri-qanuni daşımaların konkret dayanacaq yerlərini müəyyən edə bilmirdilər. Sərnişinlərimizə də səslənərək deyirik ki, məhz avtovağzal və avtostansiyalardan hərəkət edən müntəzəm marşrut xətləri üzrə avtobusların xidmətindən yararlansınlar".

N.Allahyarova deyir ki, qanunsuz daşıma ilə mübarizə tədbiri çərçivəsində Sumqayıt Avtostansiyasının Nəqliyyat Qovşağında yerləşən bölməsindən 11 marşrut xətti üzrə avtobuslar xidmət göstərir. Onlara nəzarət tam qurum tərəfindən edilir. Amma bununla belə qanunsuz sərnişin daşıyan mikroavtobuslar sərnişin cəlb edə bilir.

Problemlə əlaqədar Sputnik Azərbaycana açıqlama verən BDYPİ-nin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev deyir ki, BDYP tərəfindən qanunsuz sərnişin daşımalarına qarşı mübarizə aparılır. 

Amma K.Əliyev bu gün qanunsuz fəaliyyət göstərən mikroavtobuslara tələbatı elə sərnişinlərin özlərinin yaratdığını söyləyir: "Qanunsuz sərnişin daşıyan mikroavtobuslara qarşı vaxtaşırı mübarizə aparılır. Reydlər zamanı onlara qanunamüvafiq şəkildə cərimələr tətbiq edilir. Amma çox təəssüf ki, belə mikroavtobuslara tələbatı elə sərnişinlərin özləri yaradırlar. Onlar könüllü şəkildə qanunsuz sərnişindaşıma ilə məşğul olanlara işləməyə imkan verirlər".

K.Əliyev deyir ki, bu mikroavtobusların bəziləri sərnişindaşıma tələblərinə cavab versə belə, onları idarə edən sürücülər yoxlanılmır: "Bu sürücülərin sürücülük vəsiqəsinin və müvafiq kateqoriyasının olub-olmadığı bilinmir. Biz reydlər zamanı qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülər arasında sürücülük vəsiqəsi və mikroavtobusu idarə etmək üçün kateqoriyası olmayanları dəfələrlə aşkarlamışıq. Sərnişinlər bundan ciddi narahatlıq keçirməli, sürücülük vəsiqəsi olmayan şəxsin idarə etdiyi mikroavtobusdan istifadə etməməlidir. Çünki sərnişinlər özləri də bilirlər ki, bu mikroavtobuslar qanunsuz fəaliyyət göstərir. Onlara nəzarət edən bir qurum yoxdur. Həmin sürücülər tibbi yoxlamadan keçmirlər. Belə şəxslərin idarə etdiyi mikroavtobuslara minən sərnişinlər bu məqamları nəzərə almalıdırlar. Çox təəssüf ki, sərnişinlərin çoxu bu məsələyə laqeyd münasibət göstərir".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh