Zaur Hüseynov təmizlik işçilərinin ştatını ləğv etdi - Metroda

Yazarlar 15 Yanvar 2019 15:11 Oxunub 2667
Zaur Hüseynov təmizlik işçilərinin ştatını ləğv etdi - Metroda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
100-ə yaxın işçi ixtisara düşdü...

“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov stansiyalarda təmizlik işləri aparan işçilərin ştatını ləğv edib. Avtosfer.az-ın unikal.org-a istinadən məlumata görə, Z.Hüseynovun bu qərarı verməsinə səbəb metropolitenin stansiyalarında təmizlik işlərini özəl şirkətlərin birinə həvalə etməsidir. Z.Hüseynovun bu qərarı uzun illərdir metropolitenin stansiyalarında təmizlik işləri ilə məşğul olan yüzə yaxın insanın işsiz qalmasına və onların ciddi narazılığına səbəb olub. “Bakı Metropoliteni”nin təmizlik işçiləri artıq bu məsələ ilə bağlı hüquqlarının qorunması üçün müxtəlif dövlət qurumlarına da müraciət ünvanlayırlar.

Onlar QSC-dən aldıqları kiçik məbləğ hesabına ailələrinə çörək pulu apardıqlarını deyiblər. Bir sözlə metropoliten rəhbərinin bu qərarı çətinlik hesabına aldıqları kiçik məvaciblərdən də məhrum edib. Şikayətçilər bildirirlər ki, QSC rəhbərinin bu qərarı onların ailələrinə ciddi sosial problem yaradacaq.

QSC rəhbərliyi, şirkət arasında da razılaşmada olub. Razılaşmaya əsasən təmizlik işçiləri sözügedən şirkətdə çalışa biləcəklər. 

Amma, şirkət rəhbərliyi isə təmizlik işçilərinin əksəriyyətini işə götürməkdən imtina edir. Hazırda isə şirkət birinin kök, birinin yaşlı və digər bəhanələr ilə təmizlik işçiləri ilə müqavilə bağlamaqdan imtina edir. Ən “maraqlısı” isə şirkət tərəfindən sözügedən işçilərə əmək haqqı məvacibi metrodandan aldıqlarından da az təklif edilir”. – deyə şikayətdə vurğulanır. 

"Bakı Metropoliteninin" mətbuat xidməti Bəxtiyar Məmmədov Unikal.org-a faktı təsdiqləyib. O, QSC rəhbərliyinin bu qərarın verməsinin səbəblərini açıqlayıb:

“2014-cü ildə QSC yarananda ölkə başçısı "Bakı Metropoliteninin" rəhbərliyinin qarşısına konkret tələblər qoymuşdu. Hazırda metroda ən qabaqcıl dünya texnalogiyaların tətbiq etməklə iş prinsiplərini, iş sistemini müasir dünya standartları səviyyəsində mərhələli şəkildə aparırıq. Eyni prinsip insan resursları kapitalına da aiddir”. 

Stansiyalarda təmizlik işləri aparan işçilərin ştatını ləğv edilməsi məsələsinə gəlincə isə QSC rəsmisi bildirib ki, bundan sonra təmizlik məsələsi “Tais İFK” MMC şirkətinə həvalə edilib: “Bunun üçün tender keçirilib, qalib müəyyənləşib. Artıq QSC ilə sözügedən şirkət arasında müqavilə bağlanıb. Şirkət supervazerləri vasitəsilə təcrübəni öyrənib. Şirkət rəhbərliyi də qərara gəlib ki, metroda təmizlik sahəsində çalışan təcrübəli işçiləri də işə götürəcək. Artıq bu yöndə də (metro stansiyanın təmizlik işçiləri və şirkət arasında) danışıqlar gedir. Kim ki, şirkətdə çalışmaq istəmirsə, metropoliten tərifindən onlara kompensasiya verilib, yola salınır”. 

Bəxtiyar Məmmədov qalib şirkətin metro.gov.az tender bölümündə göstərilməməsinin səbəblərini də açıqlayıb: "Bunu hər hansı məsələ ilə bağlamaq olmaz. Sayıtda qalib şirkətin göstərilməməsinə səbəb texniki problemdir. Yaxın vaxtlarda tenderdə qalib gələn şirkət haqqında rəsmi saytımızda xəbər yerləşdiriləcək". 

(Xəbər qoyulub 14:09-da, yenilənib 14:53-də)

Unikal.org-da xəbər dərc edildikdən sonra, bir neçə dəqiqə bundan əvvəl "Bakı Metropoliteni" ilə “Tais İFK” MMC arasında tendere dair informasiya metro.gov.az sayıtında yerləşdirilib. Xəbərdə deyilir ki,  “Bakı Metropoliteni” QSC tərəfindən 11.12.2018-ci il tarixdə keçirilmiş 2 lot üzrə  “Bakı Metropoliteni” QSC üçün müxtəlif növ  elektrik mallarının və stansiyalarda  təmizlik işləri xidmətinin “Açıq Tender” üsulu ilə satın alınmasına dair müsabiqədə lot-2 stansiyalarda təmizlik işləri xidmətinin alınması üzrə “Tais İKF" MMC qalib elan olunmuşdur. Qalib gəlmiş təşkilat ilə ƏDV daxil 1 999 994,08 (bir milyon doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan dörd manat 08  qəpik) manat məbləğində 11.01.2019-cu il tarixində müvafiq satınalma müqaviləsi imzalanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh